NAXÇIVAN MUXTAR RESPUBLİKASI

PARALİMPİYA FEDERASİYASI

15.12.2017 - Boccia idman növü üzrə IV respublika turnirində həmyerlimiz III yeri tutub

Boccia idman növü 1984-cü ildən paralimpiya oyunlarına daxil edilib və bu illər ərzində populyarlıq qazanaraq 50 ölkədə keçirilir və surətlə inkişaf edir.

Muxtar respublikamızdada bu idman növünə maraq günü-gündən artır. Hər il məhdud fiziki imkanlı şəxslər arasında keçirilən yarışlar onların idmana kütləvi cəlbinə şərait yaradır. Naxçıvan Muxtar Respublikası Paralimpiya Federasiyası mütəmadi olaraq müxtəlif idman növləri üzrə yarışlar keçirir və Respublika səviyyəli yarışlarda muxtar respublikamızı təmsil edən sağlamlıq imkanları məhdud şəxslərin iştirakını təmin edir.

Bu istiqamətdə həyata keçirilən təbirlərin davamı olaraq Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin təşkilatçılığı ilə Bakı şəhərində boccia idman növü üzrə IV respublika turniri  keçirilmişdir.

Turnirdə muxtar respublikamızı məhdud fiziki imkanlı Hüseynov Qafqaz Məhərəm oğlu təmsil etmişdir. Yarışda həmyerlimiz III yerə layiq görülmüşdür.

Qaliblər Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin diplomları və qiymətli hədiyyələr ilə təltif edilmişdir.

13.12.2017 - “III Uşaq Paralimpiya Oyunları”nda muxtar respublikamızı təmsil edən sağlamlıq imkanları məhdud uşaqlar 9 medal qazanıblar

Muxtar respublikada sağlamlıq imkanları məhdud uşaqların idman həyatına inteqrasiyası daim diqqət mərkəzindədir. Hər il sağlamlıq imkanları məhdud uşaqlar arasında keçirilən yarışlar onların idmana kütləvi cəlbinə şərait yaradır. Naxçıvan Muxtar Respublikası Paralimpiya Federasiyası mütəmadi olaraq müxtəlif idman növləri üzrə yarışlar keçirir.

Həyata keçirilən tədbirlərin davamı olaraq, 11 dekabr tarixdə Azərbaycan Milli Paralimpiya Komitəsinin təşkilatçılığı ilə Sumqayıt şəhərində “III Uşaq Paralimpiya Oyunları” keçirilmişdir. Naxçıvan Muxtar Respublikasından qolbol, üzgüçülük, boccia, tennis və dzyudo idman növləri üzrə sağlamlıq imkanları məhdud 12 uşaq iştirak etmişdir.

Yarışın yekun nəticəsinə əsasən muxtar respublikamızı təmsil edən paralimpiyaçılar layiqli yerləri tutmuşlar. Belə ki, üzgüçülük idman növü üzrə İbrahimli Zeynəb Şahin qızı keçirilən yarışın qalibi, tennis idman növü üzrə Bağırov Mətin Novruz oğlu və İmanov Nihal Nicat oğlu, boccia idman növü üzrə İbrahimov Zahir Mübariz oğlu və Yunisova Gilə İlqar qızı, dzyudo idman növü üzrə Məmmədov Səfər Habil oğlu və qolbol idman növü üzrə qrup yarışında 3 həmyerlimiz 2-ci yerlərə, üzgüçülük idman növü üzrə Abdullayev Hüseyn Zal oğlu, boccia idman növü üzrə Yunisov İlqar Vüqar oğlu 3-cü yerlərə layiq görülmüşlər.

Sonda qalib idmançılarımıza medal, diplom və hədiyyələr təqdim olunub.

02.12.2017 - İdmançılarımız “Əlillərin V Respublika İdman Oyunları”nda iştirak ediblər

Muxtar respublikada məhdud fiziki imkanlı şəxslərin idman həyatına inteqrasiyası daim diqqət mərkəzindədir. Naxçıvan Muxtar Respublikası Paralimpiya Federasiyasının mütəmadi olaraq müxtəlif idman növləri üzrə keçirdiyi yarışlarda bu qəbildən olan şəxslərin iştirakı onların idmana kütləvi cəlbinə şərait yaradır. Bakı şəhərində “Əlillərin V Respublika İdman Oyunları”nda Naxçıvan Muxtar Respublikasından şahmat, dama, nərd, stolüstü tennis və qol güləşi idman növləri üzrə sağlamlıq imkanları məhdud 5 həmyerlimizin iştirakı da bu çərçivədə həyata keçirilib.

Yarışın yekun nəticəsinə əsasən muxtar respublikamızı təmsil edən paralimpiyaçılardan 3-ü mükafatçılar sırasında yerini alıb. Stolüstü tennis idman növündə İsgəndər Hüseynov, nərd idman növündə Nazim Süleymanov qalib adını qazanıblar. Dama idman növündə isə Təvəkkül Cəfərov ikinci olub.

Sonda qalib idmançılarımıza mükafatlar təqdim edilib.

24.11.2017 - 18 yaşadək sağlamlıq imkanları məhdud uşaqlar arasında Şahmat üzrə yarış keçirilib

Muxtar respublikada sağlamlıq imkanları məhdud uşaqların cəmiyyətə inteqrasiyası daim diqqət mərkəzindədir. Paralimpiya Federasiyasının müxtəlif idman növləri, o cümlədən şahmat üzrə yarışların keçirilməsində əsas məqsəd sağlamlıq imkanları məhdud uşaqlar arasında idmanın kütləviliyinə, istedadlı idmançıların aşkara çıxarılmasına, həmçinin onların asudə vaxtlarının səmərəli təşkilinə nail olmaqdır.  Sağlamlıq imkanları məhdud uşaqlar bu yarışlarda iştirak etməklə həm də yarış təcrübələrini artırırlar. Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi və Paralimpiya Federasiyasının təşkilatçılığı ilə Naxçıvan Şahmat Mərkəzində 18 yaşadək sağlamlıq imkanları məhdud uşaqlar arasında şahmat üzrə muxtar respublika birinciliyi keçirilib. Yarışda muxtar respublikanın bütün rayonlarından və Naxçıvan şəhərindən 20 nəfərsağlamlıq imkanları məhdud uşaq iştirak edib.

Birinciliyin nəticələrinə görə 1-ci yerə Babək rayonundan Səfərəliyev Yusif, 2-ci və 3-cü yerlərə isə Culfa rayonundan olan şahmatçılar Nağıyev Turan və Ələkbərov Ramil layiq görülmüşlər. Qaliblərə Gənclər və İdman Nazirliyinin diplomları digər iştirakçılara isə Paralimpiya Federasiyasının fəxri fərmanları  təqdim edilib.

24.10.2017 - Paralimpiyaçılar arasında voleybol üzrə yoldaşlıq görüşü keçirilib

Sağlamlıq imkanları məhdud şəxslərin muxtar respublikanın idman həyatına daha fəal inteqrasiyası, habelə onlar arasında idmanın kütəviliyinə nail olmaq, asudə vaxtlarının səmərəli təşkil olunması məqsədi ilə idmanın müxtəlif növləri üzrə yarışlar keçirilir.

Bu tədbirlərin davamı olaraq Naxçıvan Muxtar Respublikası Paralimpiya Federasiyasının təşkil etdiyi voleybol idman növü üzrə yoldaşlıq görüşü ərzində oktyabr ayının 19-da Şərur Olimpiya-İdman Kompleksində “Şərur” və “Sədərək” komandaları, oktyabr ayının 24-də Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya-İdman Kompleksində “Culfa” və “Babək” komandaları üz-üzə gəliblər.       

Maraqlı mübarizə şəraitində Şərur Olimpiya-İdman Kompleksində keçən qarşılaşmanı Şərur rayonunun voleybolçuları 3:1 hesablı qələbə ilə və Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya-İdman Kompleksində keçən qarşılaşmanı isə Culfa rayonunun voleybolçuları 3:1 hesablı qələbə ilə başa vurublar.

Yoldaşlıq görüşünün keçirilməsində əsas məqsəd sağlamlıq imkanları məhdud şəxslər arasında bədən tərbiyəsi və idmanın kütləviliyinə nail olmaq, onlar arasında voleybol idman növünün inkişaf etdirilməsidir.