NAXÇIVAN MUXTAR RESPUBLİKASI

PARALİMPİYA FEDERASİYASI

08.05.2019 - Futzal üzrə Naxçıvan Muxtar Respublika turniri yekunlaşıb

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə Nazirliyin Paralimpiya Federasiyası ilə birgə təşkil etdiyi futzal  birinciliyində 8 komanda olimpiya sistemi üzrə mübarizə aparıb. 

Yarışdan əvvəl Naxçıvan Muxtar Respublikası Gənclər və İdman naziri Azad Cabbarov və Paralimpiya Federasiyasının sədri Nicat Babayev bildiriblər ki, məhdud fiziki imkanlı uşaqların idmana cəlbi və onların cəmiyyətə inteqrasiyası məqsədilə muxtar respublikanın rayonlarında bölmələr fəaliyyətə başlayıb. Yaradılan hərtərəfli şərait, göstərilən qayğı paralimpiyaçılarımızın respublika səviyyəli yarışlarda uğurla çıxış etmələrinə zəmin yaradıb.

Sonra yarış başlayıb. Gərgin idman mübarizəsi ilə keçən turnirin yekun nəticəsinə görə final görüşündə “Naxçıvan” komandasını 7:2 hesabı ilə məğlub edən “Şahbuz” komandası birinciliyin qalibi olub. “Sədərək” komandası isə üçüncülüklə kifayətlənib. Sonda qalib komandalar diplom və hədiyyələrlə mükafatlandırılıb. “Şahbuz” komandasına isə turnirin kuboku təqdim olunub. 

03.05.2019 - Sağlamlıq imkanları məhdud uşaqlar arasında stolüstü tennis üzrə muxtar respublika birinciliyi keçirilib

Mayın 3-də Naxçıvan Muxtar Respublikası Paralimpiya Federasiyası, Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə 18 yaşadək sağlamlıq imkanları məhdud uşaqlar arasında stolüstü tennis üzrə muxtar respublika birinciliyi keçirilib. Sədərək rayonunda keçirilən yarışda sağlamlıq imkanları məhdud 10 uşaq iştirak edib.

Yarışın sonunda iştirakçılara hədiyyələr təqdim edilib.

19.04.2019 - Sağlamlıq imkanları məhdud şəxslər arasında yüngül atletikanın qaçış növü üzrə “Naxçıvan Muxtar Respublikası - 95” devizi altında birincilik keçirilib

Naxçıvan Muxtar Respublika Stadionunda sağlamlıq imkanları məhdud şəxslər arasında yüngül atletikanın qaçış növü üzrə “Naxçıvan Muxtar Respublikası - 95” devizi altında birincilik keçirilib.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi ilə Paralimpiya Federasiyasının birgə təşkil etdiyi birincilikdə 21 idmançı mübarizə aparıb.
Tədbirdə çıxış edən gənclər və idman naziri Azad Cabbarov bildirib ki, muxtar respublikada bütün sahələrdə olduğu kimi, idman sahəsində də mühüm işlər görülür. Yaradılan şəraitdən səmərəli istifadə edən gənclər bütün idman növlərinə maraq göstərirlər. Bu gün muхtаr rеspublikаdа fiziki imkanları məhdud insаnlаrın cəmiyyətə intеqrаsiyаsı, sosial reabilitasiyası sаhəsində ardıcıl və məqsədyönlü tədbirlər həyаtа kеçirilir, onlar arasında idmаnın kütləviliyinə nail olunmasına çalışılır. Həmçinin gənclərin asudə vaxtlarının səmərəli təşkili istiqamətində də davamlı tədbirlər həyata keçirilir. Nazir keçirilən yarışda iştirak edən bütün idmançılara uğurlar arzulayıb.
Paralimpiya Federasiyasının sədri Nicat Babayev çıxış edərək deyib ki, muxtar respublikada məhdud fiziki imkanlı insanların rifah halının yaxşılaşdırılması sahəsində ardıcıl tədbirlər görülür. Bütün sahələrdə müşahidə olunan dinamik inkişaf bu təbəqədən olan şəxslərin də sosial müdafiəsinin güclənməsinə hərtərəfli şərait yaradıb. Məhdud fiziki imkanlı insanlara tibbi və sosial reabilitasiya xidmətləri göstərilir, sağlamlıq imkanları məhdud olan şəxslərin idmana cəlbi yönündə işlər görülür. Keçirilən yarış da bunun bariz nümunəsidir. Paralimpiya Federasiyası bundan sonrakı fəaliyyətini günün tələbləri səviyyəsində quracaq, sağlamlıq imkanları məhdud insanların idmana cəlbinə diqqətlə yanaşacaqdır. Nicat Babayev sağlamlıq imkanları məhdud şəxslərə göstərilən yüksək diqqətə və qayğıya görə minnətdarlıq edib, qarşıya qoyulan vəzifə və tapşırıqların icrasında səylə çalışacaqlarını bildirib.
Sonda yarışda fərqlənən idmançılara və iştirakçılara təşkilatçılar tərəfindən diplom və hədiyyələr təqdim olunub.

30.03.2019 - Paralimpiyaçıların 5 turluq zəka mübarizəsi

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi ilə Paralimpiya və Şahmat Federasiyalarının birgə təşkil etdiyi birincilikdə yaşı 18-ə qədər olan 24 sağlamlıq imkanları məhdud uşaq iştirak edib.

İsveçrə sistemi üzrə keçirilən və 5 turdan ibarət olan yarış Naxçıvan şəhər Şahmat Mərkəzində reallaşıb. Sağlamlıq imkanları məhdud uşaqların asudə vaxtlarının səmərəli təşkili və onlar arasında şahmat idman növünün inkişaf etdirilməsi məqsədi daşıyan yarışın sonunda daha çox xal toplayan Fatimə Yusifli birinciliyin qalibi olub. Turan Nağıyev ikinci, Səlim Sadiqli isə üçüncü yerə layiq görülüblər.

Sonda qaliblərə və fərqlənən idmançılara diplom, fəxri fərman, hədiyyə və pul mükafatı təqdim olunub.

05.03.2019 - Paralimpiyaçılar qol güləşi üzrə güclərini sınayıblar

5 mart – Bədən Tərbiyəsi və İdman Günü münasibətilə fiziki imkanları məhdud şəxslər arasında keçirilən armreslinq (qol güləşi) üzrə muxtar respublika birinciliyi keçirilib.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin və Naxçıvan Muxtar Respublikası Paralimpiya Federasiyasının birgə təşkilatçılığı ilə Olimpiya sistemi əsasında iki kateqoriyalı çəki dərəcəsində (75-, 75+ kiloqram) keçirilən turnirdə 25-ə yaxın idmançı mübarizə aparıb.
Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya-İdman Kompleksində keçirilən birinciliyin acılıq mərasimində çıxış edən Paralimpiya Federasiyasının sədri Nicat Babayev bildirib ki, bu gün muxtar respublikamızda fiziki imkanları məhdud şəxslər hərtərəfli olaraq dövlət qayğısı ilə əhatə olunublar. Bu gün federasiya Gənclər və İdman Nazirliyi ilə birgə onların idman cəlbi yönündə mühüm işlər görür. Belə yarışları, birincilikləri keçirməkdə məqsəd idmanın kütləviliyinə nail olmaqla yanaşı, həm də fiziki imkanları məhdud şəxslərin asudə vaxtlarının səmərəli təşkil olunmasıdır. 
Gənclər və idman naziri Azad Cabbarov çıxışında vurğulayıb ki, dövlətin apardığı idman siyasəti nəticəsində gənclərimiz beynəlxalq arenalarda böyük uğurlara imza atırlar. Son illər bu sahədə görülən işlər, həyata keçirilən tədbirlərin nəticəsində bu gün Naxçıvan idmançıları öz bacarıqları, əldə etdikləri nailiyyətlərlə seçilirlər. İdmanın kütləviliyinin təmin edilməsi məqsədilə muxtar respublikanın şəhər və rayonlarında yeni idman zalları, olimpiya-idman kompleksləri və digər obyektlər tikilib və ya əsaslı təmir olunaraq idmançıların ixtiyarına verilib. Muxtar respublika rəhbərinin diqqət və qayğısı sayəsində gənclərin vətənpərvər ruhda tərbiyə olunması işi günün tələbləri səviyyəsində qurulub. Fiziki imkanları məhdud şəxslərə isə dövlətimiz xüsusi olaraq qayğı ilə yanaşır. Nazir birinciliyin iştirakçılarına uğurlar arzulayıb.
Gərgin keçən idman mübarizəsinin yekununda Zamin Hacıyev və Telman Şirinov öz çəki dərəcələrində birinciliyin qalibi adını qazanıblar. Vüsal Möhsünlü və Kərəm Həmzəyev ikinci, Nihad Zeynalzadə və Allahverdi Məmmədov isə üçüncü yerlərə layiq görülüblər.
Qalib idmançılar fəxri diplom və hədiyyələrlə təltif olunublar.