Muxtar respublikada sağlamlıq imkanları məhdud uşaqların idman həyatına inteqrasiyası daim diqqət mərkəzindədir. Hər il sağlamlıq imkanları məhdud uşaqlar arasında keçirilən yarışlar onların idmana kütləvi cəlbinə şərait yaradır. Naxçıvan Muxtar Respublikası Paralimpiya Federasiyası mütəmadi olaraq müxtəlif idman növləri üzrə yarışlar keçirir.
Həyata keçirilən tədbirlərin davamı olaraq, 11 dekabr tarixdə Azərbaycan Milli Paralimpiya Komitəsinin təşkilatçılığı ilə Sumqayıt şəhərində “III Uşaq Paralimpiya Oyunları” keçirilmişdir. Naxçıvan Muxtar Respublikasından qolbol, üzgüçülük, boccia, tennis və dzyudo idman növləri üzrə sağlamlıq imkanları məhdud 12 uşaq iştirak etmişdir.
Yarışın yekun nəticəsinə əsasən muxtar respublikamızı təmsil edən paralimpiyaçılar layiqli yerləri tutmuşlar. Belə ki, üzgüçülük idman növü üzrə İbrahimli Zeynəb Şahin qızı keçirilən yarışın qalibi, tennis idman növü üzrə Bağırov Mətin Novruz oğlu və İmanov Nihal Nicat oğlu, boccia idman növü üzrə İbrahimov Zahir Mübariz oğlu və Yunisova Gilə İlqar qızı, dzyudo idman növü üzrə Məmmədov Səfər Habil oğlu və qolbol idman növü üzrə qrup yarışında 3 həmyerlimiz 2-ci yerlərə, üzgüçülük idman növü üzrə Abdullayev Hüseyn Zal oğlu, boccia idman növü üzrə Yunisov İlqar Vüqar oğlu 3-cü yerlərə layiq görülmüşlər.
Sonda qalib idmançılarımıza medal, diplom və hədiyyələr təqdim olunub.