İyunun 13-də Naxçıvan Muxtar Respublikası Paralimpiya Federasiyası, Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə sağlamlıq imkanları məhdud uşaqlar arasında 15 İyun - Milli Qurtuluş Gününə münasibətilə Boccia idman növü üzrə yarış keçirilib. İlham Əliyev adına Olimpiya İdman Kompleksində keçirilən yarışda sağlamlıq imkanları məhdud 31 uşaq iştirak edib.
Yarışın yekun nəticələrinə əsasən, iştirakçılardan Əli Rüstəmov birinci, Şıxı Şıxıyev ikinci, Amil Cəfərzadə və Fuad Rzayev isə üçüncü yerlərə layiq görülüblər. Sonda qaliblərə Federasiyanın qiymətli hədiyyələri, digər yarış iştirakçılarına isə diplomlar təqdim edilib.
Qeyd edək ki, idman tədbirinin keçirilməsində əsas məqsəd sağlamlıq imkanları məhdud uşaqların muxtar respublikanın idman həyatında daha fəal iştirakına və sosial reabilitasiyasına nail olmaqdır. Hazırda, Paralimpiya Federasiyasının muxtar respublikanın bütün şəhər və rayonlarında boccia bölmələri fəaliyyət göstərir. Bu idman növünün muxtar respublikada inkşafı məqsədilə aprel ayında Federasiya tərəfindən Naxçıvana dəvət olunmuş Azərbaycan milli komandasının məşqçilər heyətinin iştirakı ilə təlim-məşq toplantıları və seminarlar təşkil olunub.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi ilə Paralimpiya Federasiyasının birgə təşkil etdiyi ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunan 18 yaşadək sağlamlıq imkanları məhdud uşaqlar arasında əyləncəli idman oyunlarına yekun vurulub.
Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya-İdman Kompleksində keçirilən turnirdə “Nuhçıxan”, “Arpaçay”, “Babək”, “Qapıcıq”, “Əlincə”, “Batabat”, “Kəngərli” və “Qaraağac” olmaqla, ümumilikdə, 8 komanda mübarizə aparıb.
Turnirin açılış mərasimində çıxış edən Naxçıvan Muxtar Respublikası gənclər və idman naziri Azad Cabbarov bildirib ki, ümummilli lider Heydər Əliyev ölkə rəhbəri olduğu ilk dövrdən gənclərin himayədarı kimi sağlamdüşüncəli yeni nəslin yetişdirilməsini dövlət və cəmiyyətin mühüm vəzifəsi hesab edib, respublikanın sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında gənclərin iştirakının təmin olunmasını vacib məsələlərdən biri kimi hər zaman diqqətdə saxlayıb. Muxtar respublikada da gənclərlə idman sahəsində mühüm işlər görülüb. Belə ki, son illər ərzində Naxçıvanda idman infrastrukturunun yenidən qurulması, yeni idman obyektlərinin, olimpiya-idman komplekslərinin inşası bu sahənin inkişafına möhkəm təməl yaradıb. Müasir idman infrastrukturu, öz növbəsində, Naxçıvanın müxtəlif beynəlxalq yarışlara ev sahibliyi etməsi üçün genişimkanlar açıb. Nazir çıxışının sonunda idman tədbiri münasibətilə iştirakçıları təbrik edib, gələcək fəaliyyətlərində onlara uğurlar arzulayıb.
Naxçıvan Muxtar Respublikası Paralimpiya Federasiyasının sədri Cavid Səfərov isə çıxışında vurğulayıb ki, muxtar respublikada idmanın inkişafı, onun maddi-texniki bazasının möhkəmləndirilməsi məhdud fiziki imkanlı şəxslərin reabilitasiyası, onların cəmiyyətə inteqrasiyası baxımından da mühüm əhəmiyyət daşıyır. Sağlamlıq imkanları məhdud şəxslərin idmana inteqrasiyasını sürətləndirmək məqsədilə müxtəlif idman qrupları, o cümlədən qolbol idman növü üzrə komanda, sağlamlıq imkanları məhdud qızlardan ibarət bədii gimnastika, uşaqlardan ibarət boccia, üzgüçülük və stolüstü tennis bölmələri yaradılıb. Muxtar respublikada idmana göstərilən yüksək diqqət və qayğının nəticəsidir ki, hər il burada müxtəlif beynəlxalq səviyyəli idman festivallarının və yarışların keçirilməsi ənənə halını alıb. Ölkəmizdə ilk dəfə məhz Naxçıvanda xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr edilən Paralimpiya İdman festivallarının, Qolbol üzrə beynəlxalq turnirin keçirilməsi müvafiq kateqoriyadan olan şəxslərə göstərilən dövlət qayğısının bariz ifadəsidir.
Bədii hissədə Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin “Əlvan çiçəklər” rəqs qrupunun ifaları tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.
Turnirin yekun nəticəsinə gəlincə, müəyyən edilmiş maneələri daha dəqiq və düzgün yerinə yetirən “Arpaçay” komandası qalib adını qazanıb. “Nuhçıxan” komandası ikinci, “Babək” komandası isə üçüncü olub.
Sonda qalib komandalar və digər iştirakçılar mükafatlandırılıblar.
27 aprel 2018-ci il tarixdə məhdud fiziki imkanlı şəxslər arasında 100 və 200 metr məsafələrə qaçış üzrə muxtar respublika birinciliyi keçirilmişdir. Naxçıvan şəhərində yerləşən Muxtar Respublika Stadionunda keçirilən birincilikdə 20 nəfər paralimpiyaçı iştirak etmişdir. Gərgin və maraqlı idman mübarizəsi şəraitində keçən yarışın yekun nəticələrinə əsasən aşağıdakı nəticələr qeydə alınmışdır :
100 metr məsafəyə qaçış üzrə :
- Dinar Rzayev (I yer)
- Vasif Məmmədov (II yer)
- İlqar Sadıqov (III yer)
200 metr məsafəyə qaçış üzrə :
- Turqut Tağıyev (I yer)
- Orxan Hüseynov (II yer)
- Anar İsayev (III yer)
Qalib və fərqlənən iştirakçılar Naxçıvan Muxtar Respublikası Paralimpiya Federasiyasının qiymətli hədiyyələri və diplomlarla mükafatlandırılmışdır.
Qeyd edək ki, birincilik Paralimpiya Federasiyasının və Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə baş tutmuşdur.
Muxtar respublikada idmanın inkişafı üçün yaradılan şərait məhdud fiziki imkanlı uşaqların sosial reabilitasiya imkanlarını daha da artırıb. Onların cəmiyyətə inteqrasiyası məqsədilə 2016-cı ilin may ayından etibarən Naxçıvan Muxtar Respublikası Paralimpiya Federasiyasının boccia idman növü üzrə bölməsi uğurla fəaliyyət göstərir. Boccia paralimpiya idman növündə idmançılardan fiziki güclə bərabər, zehni əmək də (diqqətin bir mərkəzə cəmlənməsi) tələb olunduğundan bu idman növü həm də reabilitasiya xarakterlidir.
2018-ci il yanvar ayının 25-də Paralimpiya Federasiyasının 2017-ci ilin yekunları və qarşıda duran vəzifələrlə bağlı keçirilən iclasında muxtar respublikanın rayonlarında boccia bölmələrinin yaradılması qərara alınıb. İlk olaraq Culfa rayonunda məşqlər aparmaq üçün məşqçi-müəllim müəyyən edilərək təlimlərə cəlb edilib və fevralın 22-də Culfa şəhər 3 nömrəli tam orta məktəbdə boccia bölməsinin ilk məşqi keçirilib. Bölməyə ilk olaraq 6 sağlamlıq imkanı məhdud uşaq cəlb olunub. Daha sonra isə muxtar respublikanın bütün bölgələrində məşqçi-müəllimlər müəyyənləşdirilərək bölmələr yaradılıb. Onların hər biri oyun üçün zəruri olan toplar və digər avadanlıqlarla təchiz edilib. Muxtar respublikada paralimpiya idman növləri üzrə idmançıların yetişdirilməsi və müəllimlərin təkmilləşdirilməsi məqsədilə ötən illərdə Azərbaycan Milli Paralimpiya Komitəsinin qolbol və stolüstü tennis üzrə yığma komandalarının baş məşqçiləri buraya dəvət olunub.
Həmin tədbirlərin davamı olaraq boccia məşqçilərinin bacarıqlarını daha da artırmaq məqsədilə Naxçıvan Muxtar Respublikası Paralimpiya Federasiyasının dəvəti iləAzərbaycan Milli Paralimpiya Komitəsinin boccia üzrə milli komandasının baş məşqçisi, Azərbaycan Boccia İdman Federasiyasının katibi İlham Məhərrəmovun rəhbərliyi ilə məşqçilər heyəti muxtar respublikaya gəlib. Paralimpiya Federasiyasının hazırladığı proqrama əsasən dəvət olunanlar 6 gün ərzində federasiyanın boccia bölmələrində təlim-məşqlərdə olub, yarışların keçirilməsi, idmançıların hazırlanması üçün məşqçilərə təlimatlar verilib. Yekunda muxtar respublikada fəaliyyət göstərən bütün boccia bölmələrinin iştirakı ilə Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya-İdman Kompleksində yoxlama oyunları keçirilib. Həmçinin oyunun idarə olunması ilə bağlı hakimlərin hazırlanması üçün seminar təşkil edilib. Seminarda beynəlxalq qaydalara əsasən kateqoriyalar üzrə yarışların təşkili haqqında məlumat verilib.
Onu da qeyd edək ki, ilk dəfə 2016-cı ildə sağlamlıq imkanları məhdud uşaqların iştirakı ilə boccia üzrə muxtar respublika yarışı, daha sonra isə 2017-ci ilin mart ayında muxtar respublika birinciliyi keçirilib. 2016-cı ildə keçirilən “2-ci Respublika Uşaq Paralimpiya İdman Oyunları”nda muxtar respublikanı təmsil edən iki paralimpiyaçı müvəffəqiyyətlə çıxış edərək 1-ci və 3-cü yerlərə sahib olublar. 2017-ci ildə “3-cü Uşaq Paralimpiya İdman Oyunları”nda isə muxtar respublikamızı boccia üzrə təmsil edən 3 paralimpiyaçıdan ikisi 2-ci, biri 3-cü yerə layiq görülüblər. 2017-ci ildə böyüklər arasında 4-cü respublika turnirində muxtar respublikamızı təmsil edən 1-ci qrup əlil Qafqaz Hüseynov 3-cü olub. Bütün bunlar bir daha onu göstərir ki, muxtar respublikamızda bu idman növü özünün inkişaf dövrünü yaşayır.
Naxçıvan Muxtar Respublikası Paralimpiya Federasiyasının dəvəti ilə Azərbaycan Milli Paralimpiya Komitəsinin boccia idman növü üzrə milli komandasının baş məşqçisi, Azərbaycan Boccia İdman Federasiyasının katibi İlham Məhərrəmovun rəhbərliyi ilə məşqçilər heyəti, həmçinin həmyerlimiz, milli komandanın üzvü, respublika çempionatının mükafatçısı Qafqaz Hüseynov muxtar respublikamıza gəliblər. Paralimpiya Federasiyasının hazırladığı proqrama əsasən dəvət olunanların 6 gün ərzində federasiyanın boccia bölmələrində təlim-məşqlərin və yekunda muxtar respublikada fəaliyyət göstərən bütün bölmələrin iştirakı ilə yoxlama oyunlarının keçirilməsi nəzərdə tutulub. İlk gün Şahbuz rayonunda fəaliyyət göstərən boccia bölməsinə cəlb olunan sağlamlıq imkanları məhdud uşaqlarla Şahbuz şəhər 2 nömrəli tam orta məktəbin idman zalında təlim-məşq keçirilib. Proqrama uyğun olaraq digər rayonlarda da təlim-məşqlər davam etdiriləcəkdir.