NAXÇIVAN MUXTAR RESPUBLİKASI

PARALİMPİYA FEDERASİYASI

Ordubad rayonunda 18 yaşınadək sağlamlıq imkanları məhdud uşaqlar arasında boccia üzrə rayon birinciliyi keçirilib

Paralimpiya Federasiyasının Ordubad rayon bölməsi və Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə keçirilən birincilikdə 13 nəfər sağlamlıq imkanları məhdud uşaq iştirak edib. Birinciliyin məqsədi müvafiq kateqoriyadan olan uşaqların asudə vaxtlarının idmanla dəyərləndirilməsi və boccia idman növünün inkişaf etdirilməsi olub. Nəticələrə gəlincə Hüseynli Uğur Samir oğlu I, Babayev Murad Xəyal oğlu II, Rəhimli Qəndab Pərviz qızı III, Əliyev Ramazan Yunis oğlu isə IV yerə layiq görülüb. Sonda iştirakçılara diplomlar təqdim edilib.

  

Culfa rayonunda maarifləndirici tədbir keçirilib

Tədbiri giriş sözü ilə açan Culfa rayon Gənclər və İdman İdarəsinin rəisi İsmayıl İmanov rayon ərazisində idmanın inkişafı istiqamətində görülən işlərdən, paralimpiya idman növlərinə yaradılan şəraitdən danışıb. Daha sonra çıxış edən Paralimpiya Federasiyasının nümayəndəsi Naib Əlizadə isə bildirib ki, fiziki imkanları məhdud şəxslərin sağlamlıqlarının möhkəmləndirilməsi, onların cəmiyyətə inteqrasiyası baxımından idman mühüm əhəmiyyət daşıyır. N.Əlizadə bu baxımdan, “2020-2025-ci illər üçün Naxçıvan Muxtar Respublikasında idmanın inkişafına dair Dövlət Proqramı”nın əhəmiyyətini xüsusi qeyd edib, Proqramın icrası çərçivəsində, Federasiya tərəfindən görülən işlər haqqında tədbir iştirakçılarına məlumat verib. Federasiyanın Boccia idman növü üzrə məşqçi-müəllimi Zaur Hüseynov isə sözügedən idman növü haqqında iştirakçılara məlumat verib, Boccianın idman növü kimi əhəmiyyətindən danışıb.
Çıxışların ardından sözügedən mövzuya dair müzakirələr, izahedici söhbətlər aparılıb, video-çarxlar, slaydlar nümayiş etdirilib. Tədbirin davamında, stolüstü tennis bölməsi ilə tanışlıq təşkil olunub, bölmənin imkanları haqqında ətraflı məlumat verilib. Qeyd edək ki, bu kimi maarifləndirici görüşlərin muxtar respublikanın digər şəhər və rayonlarında da davam etdirilməsi nəzərdə tutulub.
      
                                          

Sağlamlıq imkanları məhdud uşaqlar arasında şahmat yarışı keçirilib

Şahmat Mərkəzində yaşı 18-dək olan sağlamlıq imkanları məhdud uşaqlar arasında şahmat üzrə muxtar respublika birinciliyi keçirilib. Yarışa şəhər və rayonlardan ümumilikdə 20 müvafiq kateqoriyalı uşaq qatılıb. Məqsəd onların asudə vaxtını səmərəli təşkil etmək, şahmata maraqlarını artırmaq və bu idman növündə inkişaf etmələrinə zəmin yaratmaq olub.
Nəticələrə gəlincə, Turan Nağıyev 5 xalla birinci yerə sahib çıxıb. Anar Cəfərzadə və Əli Kərimli müvafiq ardıcıllıqla ikinci, üçüncü sıralarda qərarlaşıblar.
Sonda ilk üçlükdəki iştirakçılar diplomla, digərləri fəxri fərmanla təltif edilib. Bütün iştirakçılara həvəsləndirmə məqsədilə hədiyyələr təqdim olunub.
        

Əlilliyi olan şəxslərin VI Ümumrespublika yarışlarında uğurla çıxış edən muxtar respublika paralimpiyaçıları ilə görüş keçirilib

Naxçıvan Muxtar Respublikası Paralimpiya Federasiyası tərəfindən məhdud fiziki imkanlı şəxslərin idman həyatına inteqrasiyası, istedadlı idmançıların aşkara çıxarılması üçün davamlı tədbirlər həyata keçirilir, onların iştirakı ilə idmanın müxtəlif növləri üzrə yarışlar və maarifləndirici tədbirlər təşkil edilir. Bu işlərlə yanaşı, paralimpiyaçılarımızın ölkə və beynəlxalq miqyaslı yarışlarda iştirakı da diqqət mərkəzində saxlanılır.
Son olaraq, Naxçıvan Muxtar Respublikası Paralimpiya Federasiyasının üzvləri İsmayılov Rza Muxtar oğlu, Xəlilov Cəlil Elvin oğlu, Nağıyev Turan Orxan oğlu, Yusifov Rəfail Gülağa oğlu, Nağıyeva Gülay Tural qızı, Bayramov Həsən Yaqub oğlu, Cəfərov Təvəkkül Elbəyi oğlu, Süleymanov Nazim Cəmil oğlu, Həsənov Camal Əli oğlu, Məmmədov Sadiq Teymur oğlu 5 idman növü üzrə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən keçirilən əlilliyi olan şəxslərin VI ümumrespublika yarışlarında iştirakı təmin edilib.
Nəticələrə gəlincə, 10 paralimpiyaçıdan 8-i yüksək mükafatlara layiq görülüb. Belə ki, 18 yaşadək sağlamlıq imkanları məhdud uşaqlar arasında İsmayılov Rza Muxtar oğlu qol güləşi üzrə I, Xəlilov Cəlil Elvin oğlu dama üzrə I, Nağıyev Turan Orxan oğlu şahmat üzrə I, Yusifov Rəfail Gülağa oğlu və Nağıyeva Gülay Tural qızı stolüstü tennis üzrə müvafiq olaraq I-II yerlərə layiq görülüblər. Digər kateqoriyadan olan sağlamlıq imkanları məhdud şəxslər arasında isə Məmmədov Sadiq Teymur oğlu şahmat üzrə I, Cəfərov Təvəkkül Elbəyi oğlu dama üzrə I, Bayramov Həsən Yaqub oğlu isə qol güləşi üzrə II yerə layiq görülüb.
Uğurlu nəticələrlə muxtar respublikaya qayıdan paralimpiyaçılarla keçirilən görüşdə Naxçıvan Muxtar Respublikasının Paralimpiya Federasiyasının sədri Nicat Babayev çıxış edərək bildirib ki, son illərdə sağlamlıq imkanları məhdud şəxslərin yaradıcılıq uğurlarına paralel olaraq, idman növləri üzrə də yüksək nəticələr əldə olunur, bu istiqamətdə müsbət dinamika müşahidə edilir. Bu da muxtar respublikada paralimpiya hərəkatına yaradılan şəraitin, göstərilən dövlət qayğısının məntiqi nəticəsidir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müvafiq Sərəncamı ilə “2020-2025-ci illər üçün Naxçıvan Muxtar Respublikasında idmanın inkişafına dair Dövlət Proqramı”nın icrası bu baxımdan mühüm əhəmiyyətə malikdir. Dövlət Proqramının icrası çərçivəsində, ötən dövrdə Naxçıvanın idman infrastrukturu daha da təkmilləşdirilib, nəticədə minlərlə yeniyetmə və gəncin sağlam ruhda tərbiyə olunmasına əlverişli şərait yaradılıb.
Vurğulanıb ki, sağlamlıq imkanları məhdud şəxslərin idmana cəlbi istiqamətində Paralimpiya Federasiyasının fəaliyyəti də xüsusi önəm daşıyır. Federasiyasının hazırda 18 bölməsi fəaliyyət göstərir ki, bu bölmələrdən 3-ü cari il ərzində istifadəyə verilib. Ümumilikdə isə, hazırda Federasiyanın bölmələrinin imkanlarından təqribən 700-ə yaxın paralimpiyaçı istifadə edir. Bu il sağlamlıq imkanları məhdud şəxslərin iştirakı ilə 40-a yaxın idman tədbiri keçirilib ki, onlardan 23-ü bölgələrdə baş tutub.
Ötən dövr ərzində, paralimpiyaçılarımızın respublika və beynəlxalq miqyaslı yarışlarda iştirakına da xüsusi önəm verilib, bu məqsədlə daxili yarışlarda uğurlu nəticələr göstərmiş paralimpiyaçıların ölkə səviyyəli yarışlarda iştirakı təmin olunub. İl ərzində təmsilçilərimizdən 2 nəfər müxtəlif idman növləri üzrə dünya çempionatlarında iştirak edib, 1 nəfər isə Azərbaycan Milli Komandasının heyətində təlim-məşq toplanışında olub.
İdman müsabiqələri ilə yanaşı, bu sahədə maarifləndirmə işinin təşkili də diqqətdə saxlanılıb, may ayında Azərbaycan Milli Paralimpiya Komitəsinin boccia idman növü üzrə milli komandasının baş məşqçisi, Azərbaycan Boccia İdman Federasiyasının katibi İlham Məhərrəmov Naxçıvan Muxtar Respublikasına dəvət olunub. Eyni zamanda, il ərzində bədən tərbiyəsi və idmanın məhdud fiziki imkanlı gənclərin reabilitasiyasında əhəmiyyəti ilə bağlı muxtar respublikanın şəhər və rayonlarında maarifləndirici görüşlər keçirilib. Nicat Babayev, sonuncu yarışda yüksək nəticə göstərən idmançıları təbrik edib, gələcək kayeralarında uğurlar arzu edib.
Daha sonra, Paralimpiya Federasiyasının sədr müavini Vüqar Məmmədov çıxışında cari ildə görülən işlər barədə məlumat verib, əldə edilən nəticələrdən danışıb.
Məşqçi-müəllim Novruz Novruzov isə stolüstü tennis bölməsinin fəaliyyəti haqqında məlumat verib, paralimpiyaçılara yaradılan şəraitə görə minnətdarlıq edib.
Tədbirin davamında yarışlarda uğur qazanan idmançılar hədiyyə və plaketlərlə mükafatlandırılıb, sonda xatirə şəkli çəkdirilib.
                                   

Əlilliyi olan şəxslərin VI Ümumrespublika yarışlarında paralimpiyaçılarımız uğurla çıxış edib

Naxçıvan Muxtar Respublikası Paralimpiya Federasiyasının üzvləri İsmayılov Rza Muxtar oğlu, Xəlilov Cəlil Elvin oğlu, Nağıyev Turan Orxan oğlu, Yusifov Rəfail Gülağa oğlu, Nağıyeva Gülay Tural qızı, Bayramov Həsən Yaqub oğlu, Cəfərov Təvəkkül Elbəyi oğlu, Süleymanov Nazim Cəmil oğlu, Həsənov Camal Əli oğlu, Məmmədov Sadiq Teymur oğlu 5 idman növü üzrə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən keçirilən əlilliyi olan şəxslərin VI ümumrespublika yarışlarında iştirakı təmin edilib.
Nəticələrə gəlincə, 10 paralimpiyaçıdan 8-i yüksək mükafatlara layiq görülüb. Belə ki, 18 yaşadək sağlamlıq imkanları məhdud uşaqlar arasında İsmayılov Rza Muxtar oğlu qol güləşi üzrə I, Xəlilov Cəlil Elvin oğlu dama üzrə I, Nağıyev Turan Orxan oğlu şahmat üzrə I, Yusifov Rəfail Gülağa oğlu və Nağıyeva Gülay Tural qızı stolüstü tennis üzrə müvafiq olaraq I-II yerlərə layiq görülüblər. Digər kateqoriyadan olan sağlamlıq imkanları məhdud şəxslər arasında isə Məmmədov Sadiq Teymur oğlu şahmat üzrə I, Cəfərov Təvəkkül Elbəyi oğlu dama üzrə I, Bayramov Həsən Yaqub oğlu isə qol güləşi üzrə II yerə layiq görülüb.