NAXÇIVAN MUXTAR RESPUBLİKASI

PARALİMPİYA FEDERASİYASI

Əlilliyi olan şəxslərin VI Ümumrespublika yarışlarında uğurla çıxış edən muxtar respublika paralimpiyaçıları ilə görüş keçirilib

Naxçıvan Muxtar Respublikası Paralimpiya Federasiyası tərəfindən məhdud fiziki imkanlı şəxslərin idman həyatına inteqrasiyası, istedadlı idmançıların aşkara çıxarılması üçün davamlı tədbirlər həyata keçirilir, onların iştirakı ilə idmanın müxtəlif növləri üzrə yarışlar və maarifləndirici tədbirlər təşkil edilir. Bu işlərlə yanaşı, paralimpiyaçılarımızın ölkə və beynəlxalq miqyaslı yarışlarda iştirakı da diqqət mərkəzində saxlanılır.
Son olaraq, Naxçıvan Muxtar Respublikası Paralimpiya Federasiyasının üzvləri İsmayılov Rza Muxtar oğlu, Xəlilov Cəlil Elvin oğlu, Nağıyev Turan Orxan oğlu, Yusifov Rəfail Gülağa oğlu, Nağıyeva Gülay Tural qızı, Bayramov Həsən Yaqub oğlu, Cəfərov Təvəkkül Elbəyi oğlu, Süleymanov Nazim Cəmil oğlu, Həsənov Camal Əli oğlu, Məmmədov Sadiq Teymur oğlu 5 idman növü üzrə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən keçirilən əlilliyi olan şəxslərin VI ümumrespublika yarışlarında iştirakı təmin edilib.
Nəticələrə gəlincə, 10 paralimpiyaçıdan 8-i yüksək mükafatlara layiq görülüb. Belə ki, 18 yaşadək sağlamlıq imkanları məhdud uşaqlar arasında İsmayılov Rza Muxtar oğlu qol güləşi üzrə I, Xəlilov Cəlil Elvin oğlu dama üzrə I, Nağıyev Turan Orxan oğlu şahmat üzrə I, Yusifov Rəfail Gülağa oğlu və Nağıyeva Gülay Tural qızı stolüstü tennis üzrə müvafiq olaraq I-II yerlərə layiq görülüblər. Digər kateqoriyadan olan sağlamlıq imkanları məhdud şəxslər arasında isə Məmmədov Sadiq Teymur oğlu şahmat üzrə I, Cəfərov Təvəkkül Elbəyi oğlu dama üzrə I, Bayramov Həsən Yaqub oğlu isə qol güləşi üzrə II yerə layiq görülüb.
Uğurlu nəticələrlə muxtar respublikaya qayıdan paralimpiyaçılarla keçirilən görüşdə Naxçıvan Muxtar Respublikasının Paralimpiya Federasiyasının sədri Nicat Babayev çıxış edərək bildirib ki, son illərdə sağlamlıq imkanları məhdud şəxslərin yaradıcılıq uğurlarına paralel olaraq, idman növləri üzrə də yüksək nəticələr əldə olunur, bu istiqamətdə müsbət dinamika müşahidə edilir. Bu da muxtar respublikada paralimpiya hərəkatına yaradılan şəraitin, göstərilən dövlət qayğısının məntiqi nəticəsidir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müvafiq Sərəncamı ilə “2020-2025-ci illər üçün Naxçıvan Muxtar Respublikasında idmanın inkişafına dair Dövlət Proqramı”nın icrası bu baxımdan mühüm əhəmiyyətə malikdir. Dövlət Proqramının icrası çərçivəsində, ötən dövrdə Naxçıvanın idman infrastrukturu daha da təkmilləşdirilib, nəticədə minlərlə yeniyetmə və gəncin sağlam ruhda tərbiyə olunmasına əlverişli şərait yaradılıb.
Vurğulanıb ki, sağlamlıq imkanları məhdud şəxslərin idmana cəlbi istiqamətində Paralimpiya Federasiyasının fəaliyyəti də xüsusi önəm daşıyır. Federasiyasının hazırda 18 bölməsi fəaliyyət göstərir ki, bu bölmələrdən 3-ü cari il ərzində istifadəyə verilib. Ümumilikdə isə, hazırda Federasiyanın bölmələrinin imkanlarından təqribən 700-ə yaxın paralimpiyaçı istifadə edir. Bu il sağlamlıq imkanları məhdud şəxslərin iştirakı ilə 40-a yaxın idman tədbiri keçirilib ki, onlardan 23-ü bölgələrdə baş tutub.
Ötən dövr ərzində, paralimpiyaçılarımızın respublika və beynəlxalq miqyaslı yarışlarda iştirakına da xüsusi önəm verilib, bu məqsədlə daxili yarışlarda uğurlu nəticələr göstərmiş paralimpiyaçıların ölkə səviyyəli yarışlarda iştirakı təmin olunub. İl ərzində təmsilçilərimizdən 2 nəfər müxtəlif idman növləri üzrə dünya çempionatlarında iştirak edib, 1 nəfər isə Azərbaycan Milli Komandasının heyətində təlim-məşq toplanışında olub.
İdman müsabiqələri ilə yanaşı, bu sahədə maarifləndirmə işinin təşkili də diqqətdə saxlanılıb, may ayında Azərbaycan Milli Paralimpiya Komitəsinin boccia idman növü üzrə milli komandasının baş məşqçisi, Azərbaycan Boccia İdman Federasiyasının katibi İlham Məhərrəmov Naxçıvan Muxtar Respublikasına dəvət olunub. Eyni zamanda, il ərzində bədən tərbiyəsi və idmanın məhdud fiziki imkanlı gənclərin reabilitasiyasında əhəmiyyəti ilə bağlı muxtar respublikanın şəhər və rayonlarında maarifləndirici görüşlər keçirilib. Nicat Babayev, sonuncu yarışda yüksək nəticə göstərən idmançıları təbrik edib, gələcək kayeralarında uğurlar arzu edib.
Daha sonra, Paralimpiya Federasiyasının sədr müavini Vüqar Məmmədov çıxışında cari ildə görülən işlər barədə məlumat verib, əldə edilən nəticələrdən danışıb.
Məşqçi-müəllim Novruz Novruzov isə stolüstü tennis bölməsinin fəaliyyəti haqqında məlumat verib, paralimpiyaçılara yaradılan şəraitə görə minnətdarlıq edib.
Tədbirin davamında yarışlarda uğur qazanan idmançılar hədiyyə və plaketlərlə mükafatlandırılıb, sonda xatirə şəkli çəkdirilib.