NAXÇIVAN MUXTAR RESPUBLİKASI

PARALİMPİYA FEDERASİYASI

Sağlamlıq imkanları məhdud uşaqlar arasında paralimpiya yarışlarının təşkili davam etdirilir

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin və Naxçıvan Muxtar Respublikası Paralimpiya Federasiyasının yerli bölmələrinin təşkilatçılığı ilə sağlamlıq imkanları məhdud 18 yaşadək uşaqlar arasında boccia üzrə Babək rayon birinciliyi təşkil edilib.
Yarışın yekun nəticələrinə əsasən, Məmmədov Turqay Müzəffər oğlu I yerə, Hacılı Mais İsa oğlu II yerə, Abdullazadə Zəka Həsən oğlu isə III yerə layiq görülüb. Tədbirin sonunda iştirakçılara təşkilatçılar tərəfindən diplom və hədiyyələr təqdim olunub.
 
                            

Naxçıvan Muxtar Respublikası Gənclər və idman naziri Ramil Hacı boccia bölməsinin fəaliyyəti ilə tanış olub

Gənclər və idman naziri Ramil Hacı və nazir müavini Məcid Seyidov Naxçıvan şəhərindəki boccia idman bölməsində yaradılan şəraitlə tanış olub, idmançıların məşq prosesini izləyiblər.
Naxçıvan Paralimpiya Federasiyasının sədr müavini Vüqar Məmmədov məlumat verib ki, 2016-ci ildən etibarən fəaliyyətdə olan bölmənin hazırda 10 idmançısı var. Sağlamlıq imkanları məhdud uşaqlar valideynlərinin müşayiəti ilə məşğələlərdə davamlı olaraq iştirak edir, məşqçi-müəllimlərin təlimatları əsasında boccia oynayırlar. Bu növdəki fiziki və zehni fəaliyyət onların reabilitasiyasında mühüm əhəmiyyət kəsb edir. Qeyd olunub ki, qazandıqları nailiyyətlər sayəsində milli komandanın heyətinə cəlb olunmuş bocciaçılarımız Qafqaz Hüseynov və Fuad Qəribov ölkəmizi beynəlxalq arenada təmsil edirlər. Mövcud şərait, nəticə və potensiallar imkan verir ki, böyüməkdə olan paralimpiyaçılarımızın da karyeraları yüksələn xətlə inkişaf etsin.
Boccia və digər paralimpiya idman növlərinin inkişaf istiqamətləri müzakirə olunub. İdmanın sağlamlıq imkanları məhdud şəxslərin həyatındakı önəmindən danışan Ramil Hacı deyib ki, muxtar respublikada paralimpiya hərəkatının geniş vüsət alması, qazanılan uğurlar bu sahəyə göstərilən dövlət dəstəyinin bariz nümunəsidir.
Nazir məşqçi-müəllim və idmançılarlarla görüşüb, onların qayğıları ilə maraqlanıb.
                                
   

Sədərək rayonunda bədən tərbiyəsi və idmanın sağlamlıq imkanları məhdud şəxslərin reabilitasiyasında roluna dair maarifləndirici tədbir keçirilib

Tədbiri giriş sözü ilə açan Gənclər və İdman Nazirliyinin əməkdaşı Tural İsmayılov muxtar respublikada sağlamlıq imkanları məhdud şəxslərin idmana cəlbi istiqamətində görülən işlərdən və yaradılan şəraitdən danışıb, bu sahədə həyata keçirilən tədbirlərin əhəmiyyətini qeyd edib.
Daha sonra çıxış edən Paralimpiya Federasiyasının sədr müavini Vüqar Məmmədov bildirib ki, fiziki imkanları məhdud şəxslərin sağlamlıqlarının möhkəmləndirilməsi, onların cəmiyyətə inteqrasiyası baxımından idman mühüm əhəmiyyət daşıyır. Əlilliyi olan şəxslərlə bağlı dövlət siyasətinin əsas prioritetlərindən biri kimi onların, habelə sağlamlıq imkanları məhdud uşaqların idmana, paralimpiya idman növlərinə cəlbi diqqət mərkəzində saxlanılır. V.Məmmədov bu baxımdan, “2020-2025-ci illər üçün Naxçıvan Muxtar Respublikasında idmanın inkişafına dair Dövlət Proqramı”nın əhəmiyyətini xüsusi qeyd edib.
Paralimpiya idman növlərindən biri olan boccia üzrə məşqçi-müəllim Zaur Hüseynov isə çıxışında müvafiq idman növü haqqında və son dövrlərdə əldə edilən uğurlardan söz açıb.
Tədbirin davamında iştirakçıları maraqlandıran suallar cavablandırılıb, sözügedən mövzuya dair slaydlar əsasında müzakirələr və izahedici söhbətlər aparılıb.
  
                                  

Paralimpiyaçıların muxtar respublika birinciliyi

Naxçıvan mərkəzi stadionunda sağlamlıq imkanları məhdud uşaqlar arasında atletikanın 100 metr məsafəyə qaçış növü üzrə muxtar respublika birinciliyi keçirilib. Gənclər və İdman Nazirliyi ilə Paralimpiya Federasiyası tərəfindən birgə təşkil olunan yarışa şəhər və rayonlardan ümumilikdə 26 paralimpiyaçı qatılıb.
Yekun nəticələrə əsasən Ümid Qulamov birinciliyin qalibi olub. Rabil İsmayılov yarışı ikinci, Sahil Rzayev isə üçüncü sırada tamamlayıb.
Mükafatlandırma mərasimində gənclər və idman naziri Ramil Hacı və federasiya sədri Nicat Babayev çıxış edərək ölkəmizdə, eləcə də muxtar respublikada bədən tərbiyəsi və idmana göstərilən dövlət qayğısından bəhs edib, paralimpiya sahəsində icra olunan işlər barədə danışıblar. Qeyd olunub ki, muxtar respublikanın bütün şəhər və rayonlarında paralimpiya idman növlərinə aid bölmə və qruplar mövcuddur, fiziki imkanları məhdud şəxslərin arasında reabilitasiyanın bir növü kimi idmanın təbliği, onların aktiv şəkildə paralimpiya bölmələrinə cəlb edilməsi daim diqqət mərkəzində saxlanılır. Məşqçi və idmançılar, o cümlədən bölmə rəhbərləri üçün seminar, təlimlər təşkil olunur, paralimpiyaçıların ölkə üzrə keçirilən təlim məşq toplanışlarında, birinciliklərdə və Avropa səviyyəli yarışlarda iştirakı təmin olunur. Ötən il paralimpiyaçılarımız Azərbaycan birinciliklərindən 1 qızıl, 2 gümüş və 1 bürünc medal qazanıb. Çıxış edənlər idmana və idmançılara göstərilən qayğıya görə Ali Məclisin Sədrinə minnətdarlıqlarını ifadə ediblər.
Sonda ilk üçlükdəki idmançılar diplomla təltif edilib, bütün iştirakçılara həvəsləndirmə məqsədilə hədiyyələr təqdim olunub.
           
                                                                 

Ordubad Şəhər Stadionunda sağlamlıq imkanları məhdud yeniyetmələr arasında 100 və 200 metr məsafələrə qaçış üzrə rayon birinciliyi keçirilib.

Gənclər və İdman İdarəsi və Paralimpiya Federasiyası yerli bölməsinin birgə təşkilatçılığı ilə keçirilən yarışın məqsədi sağlamlıq imkanları məhdud yeniyetmələrin reabilitasiyası, onların idmana cəlbi və atletika idman növlərinə maraqlarının yüksəldilməsi olub. Yekun nəticələrə əsasən 100 metr məsafəyə qaçış üzrə Əsgər Həbibov I, Uğur Hüseynli II, Nicat İsmayılzadə III, 200 metr məsafəyə qaçış üzrə Cəsur Məmmədov I, İslam Məmmədəliyev və Abbas Məmmədov isə müvafiq olaraq II və III pillədə qərarlaşıblar. Sonda idmançılara təşkilatçıların diplomları təqdim olunub.