Naxçıvan mərkəzi stadionunda sağlamlıq imkanları məhdud uşaqlar arasında atletikanın 100 metr məsafəyə qaçış növü üzrə muxtar respublika birinciliyi keçirilib. Gənclər və İdman Nazirliyi ilə Paralimpiya Federasiyası tərəfindən birgə təşkil olunan yarışa şəhər və rayonlardan ümumilikdə 26 paralimpiyaçı qatılıb.
Yekun nəticələrə əsasən Ümid Qulamov birinciliyin qalibi olub. Rabil İsmayılov yarışı ikinci, Sahil Rzayev isə üçüncü sırada tamamlayıb.
Mükafatlandırma mərasimində gənclər və idman naziri Ramil Hacı və federasiya sədri Nicat Babayev çıxış edərək ölkəmizdə, eləcə də muxtar respublikada bədən tərbiyəsi və idmana göstərilən dövlət qayğısından bəhs edib, paralimpiya sahəsində icra olunan işlər barədə danışıblar. Qeyd olunub ki, muxtar respublikanın bütün şəhər və rayonlarında paralimpiya idman növlərinə aid bölmə və qruplar mövcuddur, fiziki imkanları məhdud şəxslərin arasında reabilitasiyanın bir növü kimi idmanın təbliği, onların aktiv şəkildə paralimpiya bölmələrinə cəlb edilməsi daim diqqət mərkəzində saxlanılır. Məşqçi və idmançılar, o cümlədən bölmə rəhbərləri üçün seminar, təlimlər təşkil olunur, paralimpiyaçıların ölkə üzrə keçirilən təlim məşq toplanışlarında, birinciliklərdə və Avropa səviyyəli yarışlarda iştirakı təmin olunur. Ötən il paralimpiyaçılarımız Azərbaycan birinciliklərindən 1 qızıl, 2 gümüş və 1 bürünc medal qazanıb. Çıxış edənlər idmana və idmançılara göstərilən qayğıya görə Ali Məclisin Sədrinə minnətdarlıqlarını ifadə ediblər.
Sonda ilk üçlükdəki idmançılar diplomla təltif edilib, bütün iştirakçılara həvəsləndirmə məqsədilə hədiyyələr təqdim olunub.