NAXÇIVAN MUXTAR RESPUBLİKASI

PARALİMPİYA FEDERASİYASI

Kəngərli rayonunda sağlamlıq imkanları məhdud uşaqlar arasında boccia idman növü üzrə rayon birinciliyi keçirilib

Kəngərli rayon Qarabağlar kənd 2 nömrəli tam orta məktəbində sağlamlıq imkanları məhdud uşaqlar arasında boccia idman növü üzrə rayon birinciliyi keçirilib. Gənclər və İdman İdarəsi, Təhsil Şöbəsi və Paralimpiya Federasiyasının rayon bölməsinin birgə təşkilatçılığı ilə reallaşan birincilikdə 14 sağlamlıq imkanı məhdud uşaq iştirak edib. Həsənova Fatimə I, Baxşəliyeva Sevgi II, Hacılı Əlövsət III yerə layiq görülüblər. Qaliblərə təşkilatçıların diplomları təqdim olunub.

          

Sağlamlıq imkanları məhdud uşaqlar arasında atletikanın 100 metr məsafəyə qaçış növü üzrə birincilik keçirilib.

Şahbuz Rayon Gənclər və İdman İdarəsi, Naxçıvan Paralimpiya Federasiyasının yerli bölməsinin birgə təşkilatçılığı ilə sağlamlıq imkanları məhdud uşaqlar arasında atletikanın 100 metr məsafəyə qaçış növü üzrə birincilik keçirilib.
Yarışın əsas məqsədi Şahbuz rayonunda atletika idman növünü tanıtmaq və inkişaf etdirmək, sağlamlıq imkanları məhdud uşaqların asudə vaxtlarını səmərəli təşkil etməkdən ibarət olub.
Şahbuz şəhər stadionunda keçirilən yarışda 10 yeniyetmə iştirak edib. Nəticədə Cəfərov Məmmədalı 1-ci, İsmayılov Kənan 2-ci, Məmmədov Rizvan 3-cü yerin sahibi olub. Sonda qaliblərə yarış təşkilatçılarının diplomları, fəxri fərmanlar və qiymətli hədiyyələri təqdim olunub.
                      

Sağlamlıq imkanları məhdud 18 yaşadək uşaqlar arasında stolüstü tennis üzrə muxtar respublika birinciliyi keçirilib.

Milli Olimpiya Komitəsinin yaranmasının 30 illiyi və 5 Mart – Bədən Tərbiyəsi və İdman Günü ilə bağlı təsdiq olunan tədbirlər planına əsasən növbəti idman yarışı təşkil olunub. Naxçıvan Şəhər Üzgüçülük Mərkəzində sağlamlıq imkanları məhdud 18 yaşadək oğlan və qızlar arasında stolüstü tennis üzrə muxtar respublika birinciliyi keçirilib.
Gənclər və İdman Nazirliyi, Gənclər Fondu və Naxçıvan Muxtar Respublikası Paralimpiya Federasiyası tərəfindən birgə təşkil olunan yarış bu qəbildən olan uşaq və yeniyetmələrin idmana olan marağını artırmaq, sosial reabilitasiyalarına nail olmaq və güclü tennisçilər formalaşdırmaq məqsədilə keçirilib.
Nəticələrə gəlincə, Rəfael Yusifov (Naxçıvan) oğlanlar arasında birinci olub. Cəlal Mürsəlli (Culfa) və Sahil Rzayev (Şərur) müvafiq olaraq ikinci, üçüncü sıralarda qərarlaşıblar. Qızların mübarizəsində isə Gülay Nağıyeva (Culfa) qalib olub. Şəfa Abdullayeva (Culfa) ikinci, Zəhra Məmmədova (Naxçıvan) isə üçüncü yerə layiq görülüb.
Yarışın sonunda nazirliyin şöbə müdiri Taleh İbrahimov və federasiyanın sədr müavini Vüqar Məmmədov paralimpiya sahəsində son dövrlər atılan addımlar və yaradılan əlverişli şəraitdən bəhs edib, iştirakçılara uğurlar arzulayıblar. İlk üçlükdəki idmançılar diplomla təltif edilib, bütün iştirakçılara həvəsləndirmə məqsədilə hədiyyələr təqdim olunub.
                
                

Paralimpiyaçılar arasında pauerliftinq idman növü üzrə muxtar respublika birinciliyi keçirilib.

İlham Əliyev adına Olimpiya İdman Kompleksində sağlamlıq imkanları məhdud 18 yaşadək uşaqlar və məhdud fiziki imkanlı şəxslər arasında pauerliftinq üzrə muxtar respublika birinciliyi keçirilib. Gənclər və İdman Nazirliyi ilə Naxçıvan Muxtar Respublikası Paralimpiya Federasiyası tərəfindən birgə təşkil olunan yarış bu qəbildən olan uşaq, yeniyetmə və gənclərin idmana olan marağını artırmaq, sosial reabilitasiyalarına nail olmaq və güclü pauerliftinqçilər formalaşdırmaq məqsədilə keçirilib.
Nəticələrə əsasən böyüklər arasında -75 kq çəki dərəcəsi üzrə Murad Əliyev, Habil Behbudov, Nihad Zeynalzadə, +75 kq çəki dərəcəsində isə Turan Hüseynov, Orxan İsmayılov və Şahin Məmmədov müvafiq ardıcıllıqla I, II, III yerlərə layiq görülüblər. Uşaqlar arasında Həsən Qasımov birinci olub. Mehdi Quliyev ilə Əli Kazımlı ikinci, üçüncü sıralarda qərarlaşıblar. Adıçəkilən iştirakçılara diplom və hədiyyələr təqdim olunub.
                                    
                                                        
 

Sağlamlıq imkanları məhdud şəxslər arasında müxtəlif idman yarışlarının təşkili davam etdirilir

Bu məqsədlə, növbəti tədbir fevral ayının 15-də, Naxçıvan Muxtar Respublikası Paralimpiya Federasiyasının, Gənclər və İdman Nazirliyinin yerli bölmələrinin birgə təşkilatçılığı ilə Şərur rayonunda keçirilib. 18 yaşadək sağlamlıq imkanları məhdud uşaqlar arasında stolüstü tennis üzrə təşkil olunan yarışda I-ci yerə Rzayev Sahil Samil oğlu, II-ci yerə Novruzov Engin Əli oğlu, III-cü yerə isə Mahmudov Mahmud İlham oğlu layiq görülüb. Qeyd edək ki, yarışın yekununda iştirakçılar təşkilatçılar tərəfindən diplom və hədiyyələr ilə təltif olunub.