NAXÇIVAN MUXTAR RESPUBLİKASI

PARALİMPİYA FEDERASİYASI

Culfa rayonunda bədən tərbiyəsi və idmanın sağlamlıq imkanları məhdud şəxslərin reabilitasiyasında roluna dair maarifləndirici tədbir keçirilib

Tədbiri giriş sözü ilə açan Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin əməkdaşı Samir Oruclu, sağlamlıq imkanları məhdud şəxslərin idmana cəlbi istiqamətində görülən işlərdən, onlara yaradılan şəraitdən danışıb. Daha sonra çıxış edən Paralimpiya Federasiyasının sədr müavini Vüqar Məmmədov bildirib ki, fiziki imkanları məhdud şəxslərin sağlamlıqlarının möhkəmləndirilməsi, onların cəmiyyətə inteqrasiyası baxımından idman mühüm əhəmiyyət daşıyır. Əlilliyi olan şəxslərlə bağlı dövlət siyasətinin əsas prioritetlərindən biri kimi, onların, habelə sağlamlıq imkanları məhdud uşaqların idmana, paralimpiya idman növlərinə cəlbi diqqət mərkəzində saxlanılır. V.Məmmədov bu baxımdan, “2020-2025-ci illər üçün Naxçıvan Muxtar Respublikasında idmanın inkişafına dair Dövlət Proqramı”nın əhəmiyyətini xüsusi qeyd edib. Paralimpiya idman növlərindən biri olan boccia üzrə məşqçi-müəllim Zaur Hüseynov isə çıxışında idmanın müvafiq kateqoriyalı şəxslərin həyatındakı əhəmiyyətindən danışıb, bu sahədəki əldə edilən uğurlardan söz açıb.
Tədbirin davamında, sözügedən mövzuya dair müzakirələr, izahedici söhbətlər aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb. Sonda isə Təhsil Nazirliyinə məxsus ümumtəhsil müəssisəsində, Culfa rayonunda Paralimpiya Federasiyasının yeni istifadəyə verilmiş bölməsi ilə tanışlıq təşkil olunub, stolüstü tennis bölməsinin imkanları haqqında iştirakçılara ətraflı məlumat verilib. Qeyd edək ki, bu kimi maarifləndirici görüşlərin muxtar respublikanın digər şəhər və rayonlarında da davam etdirilməsi nəzərdə tutulub.