NAXÇIVAN MUXTAR RESPUBLİKASI

PARALİMPİYA FEDERASİYASI

Şərur rayonunda bədən tərbiyəsi və idmanın sağlamlıq imkanları məhdud şəxslərin reabilitasiyasındakı roluna dair maarifləndirici görüş keçirilib

Tədbiri giriş sözü ilə açan Naxçıvan Muxtar Respublikası Paralimpiya Federasiyasının sədr müavini Vüqar Məmmədov, “2020-2025-ci illər üçün Naxçıvan Muxtar Respublikasında idmanın inkişafına dair Dövlət Proqramı”nın əhəmiyyətini xüsusi qeyd edib, Federasiya tərəfindən bu istiqamətdə həyata keçirilən tədbirlərdən və qarşıya qoyulan vəzifələrdən danışıb.
Daha sonra, paralimpiya idman növlərindən biri olan boccia üzrə məşqçi-müəllim Zaur Hüseynov müvafiq idman növü üzrə yaradılan şərait və əldə edilən nəticələrdən bəhs edib, bu sahədəki bilik və təcrübələrini tədbir iştirakçıları ilə bölüşüb. Bununla yanaşı, maarifləndirici görüşdə sözügedən mövzuya dair slaydlar və videoçarxlar nümayiş etdirilib, müzakirələr, izahedici söhbətlər aparılıb.
Tədbirin davamında, Paralimpiya Federasiyasının Şərur rayonunda fəaliyyət göstərən ağırlıqqaldırma və stolüstü tennis bölmələrində yaradılan şəraitlə tanışlıq təşkil olunub, bölmələrin mövcud imkanları haqqında tədbir iştirakçılarına məlumat verilib.
Qeyd edək ki, tədbirdə, 110 nəfərədək müvafiq kateqoriyadan olan şəxs və paralimpiyaçı idmançı iştirak edib. Bu kimi maarifləndirici görüşlərin muxtar respublikanın digər şəhər və rayonlarında da davam etdirilməsi nəzərdə tutulub.
     
                                          

Sağlamlıq imkanları məhdud uşaqlar arasında boccia üzrə rayon birinciliyi təşkil olunub

Sədərək rayon Gənclər və İdman İdarəsi, Naxçıvan Muxtar Respublikası Paralimpiya Federasiyasının yerli bölməsinin birgətəşkilatçılığı ilə sağlamlıq imkanları məhdud uşaqlar arasında boccia üzrə rayon birinciliyi təşkil olunub. Olimpiya sistemi üzrə keçirilən birinciliyin yekun nəticələrinə əsasən, Sübhan Əhmədov I, Ziya Rzazadə II, Akif Əsgərov isə III yerə layiq görülüb. Qaliblər qiymətli hədiyyə və diplomlarla, digər iştirakçılar isə həvəsləndirici hədiyyələrlə mükafatlandırılıb.
         

Sağlamlıq imkanları məhdud uşaqlar arasında stolüstü tennis üzrə yarış keçirilib.

Naxçıvan Muxtar Respublikası Paralimpiya Federasiyasının Şahbuz bölməsinin və müvafiq yerli qurumların birgə təşkilatçılığı ilə oktyabr ayının 11-də sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar arasında stolüstü tennis üzrə yarış keçirilib, yarışda 6 müvafiq kateqoriyalı uşaq iştirak edib.
Yekun nəticələrə əsasən, Rövşən Xuduyev I yerə, Vahid Nuriyev II yerə, Kənan İsmayılov isə III yerə layiq görülüb. Yarışın sonunda iştirakçılar diplom və hədiyyələrlə mükafatlandırılıb. Qeyd edək ki, sözügedən idman növü üzrə son dövrlərdə Federasiyanın yeni bölmələri yaradılıb və stolüstü tennisə paralimpiyaçılar arasında maraq günü-gündən artmaqdadır
.     
 
 

Sağlamlıq imkanları məhdud uşaqlar arasında stolüstü tennis üzrə birincilik keçirilib

Naxçıvan Muxtar Respublikası Paralimpiya Federasiyasının və Gənclər və İdman Nazirliyinin yerli bölmələrinin təşkilatçılığı ilə sentyabr ayının 20-də Naxçıvan şəhərində18 yaşadək sağlamlıq imkanları məhdud uşaqlar arasında stolüstü tennis üzrə birincilik keçirilib. Qeyd edək ki, sözügedən idman növü üzrə son dövrlərdə Federasiyanın yeni bölmələri yaradılıb və stolüstü tennisə müvafiq kateqoriyadan olan gənclər arasında maraq günü-gündən artmaqdadır.

       

Paralimpiyaçılar arasında muxtar respublika birinciliyi keçirilib

Sentyabr ayının 5-də Naxçıvan Şəhər Üzgüçülük Mərkəzində  yaşı 18-dək olan sağlamlıq imkanları məhdud şəxslər arasında üzgüçülük üzrə muxtar respublika birinciliyi reallaşıb. Sərbəst üsulla 25 metr məsafə üzrə keçirilən yarışda oğlanlar və qızlar olmaqla, ümumilikdə 12 paralimpiyaçı qələbə uğrunda mübarizə aparıb.
Nəticələrə əsasən Səma Əsgərzadə qızlar arasında qalib olub. Duyğu Vəliyeva və Nərgiz Abdullayeva yarışı ikinci, üçüncü yerlərdə tamamlayıblar. Oğlanların mübarizəsində isə Fərid Qafarlı bütün rəqiblərindən üstün olub. Sinan Əliyev ikinci, Kamran Babayev isə üçüncü olub. Yarışı uğurla tamamlayan iştirakçılara diplom və hədiyyələr təqdim edilib, həmçinin həvəsləndirici yer sahibləri də mükafatlandırılıblar.
Gənclər və İdman Nazirliyi ilə Naxçıvan Paralimpiya Federasiyası tərəfindən birgə təşkil olunan yarışın məqsədi sağlamlıq imkanları məhdud uşaq və gənclərin asudə vaxtını səmərəli təşkil etmək, onların reablitasiyana və idman kütləviliyinə nail olmaqdan ibarət olub.