NAXÇIVAN MUXTAR RESPUBLİKASI

PARALİMPİYA FEDERASİYASI

Şərur rayonunda bədən tərbiyəsi və idmanın sağlamlıq imkanları məhdud şəxslərin reabilitasiyasındakı roluna dair maarifləndirici görüş keçirilib

Tədbiri giriş sözü ilə açan Naxçıvan Muxtar Respublikası Paralimpiya Federasiyasının sədr müavini Vüqar Məmmədov, “2020-2025-ci illər üçün Naxçıvan Muxtar Respublikasında idmanın inkişafına dair Dövlət Proqramı”nın əhəmiyyətini xüsusi qeyd edib, Federasiya tərəfindən bu istiqamətdə həyata keçirilən tədbirlərdən və qarşıya qoyulan vəzifələrdən danışıb.
Daha sonra, paralimpiya idman növlərindən biri olan boccia üzrə məşqçi-müəllim Zaur Hüseynov müvafiq idman növü üzrə yaradılan şərait və əldə edilən nəticələrdən bəhs edib, bu sahədəki bilik və təcrübələrini tədbir iştirakçıları ilə bölüşüb. Bununla yanaşı, maarifləndirici görüşdə sözügedən mövzuya dair slaydlar və videoçarxlar nümayiş etdirilib, müzakirələr, izahedici söhbətlər aparılıb.
Tədbirin davamında, Paralimpiya Federasiyasının Şərur rayonunda fəaliyyət göstərən ağırlıqqaldırma və stolüstü tennis bölmələrində yaradılan şəraitlə tanışlıq təşkil olunub, bölmələrin mövcud imkanları haqqında tədbir iştirakçılarına məlumat verilib.
Qeyd edək ki, tədbirdə, 110 nəfərədək müvafiq kateqoriyadan olan şəxs və paralimpiyaçı idmançı iştirak edib. Bu kimi maarifləndirici görüşlərin muxtar respublikanın digər şəhər və rayonlarında da davam etdirilməsi nəzərdə tutulub.