NAXÇIVAN MUXTAR RESPUBLİKASI

PARALİMPİYA FEDERASİYASI

Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin boccia idman növü üzrə milli komandası Avropa Açıq çempionatında iştirak etmək üçün yola düşüblər

Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin boccia idman növü üzrə milli komandası baş məşqçi İlham Məhərrəmovun rəhbərliyi altında 22 noyabr – 01 dekabr 2021-ci il tarixlərində İspaniyanın Sevilya şəhərində keçiriləcək Avropa Açıq çempionatında iştirak etmək üçün yola düşüblər. Avropa çempionatında iştirak edəcək milli komandanın tərkibinə Naxçıvan paralimpiyaçılarından Qafqaz Hüseynov da cəlb olunub.
Qeyd edək ki, çempionat Paris 2024 XVII Yay Paralimpiya Oyunlarına lisenziya xalı qazandırır.
                     
                                        

Muxtar respublika paralimpiyaçıları VI Uşaq Paralimpiya İdman Oyunlarında pauerliftinq (ağırlıqqaldırma) idman növü üzrə keçirilən yarışlarda uğurla iştirak ediblər

Reabilitasiyanın bir növü kimi əlillyi olan şəxslərin sağlamlıqlarının bərpası və möhkəmləndirilməsi, onların cəmiyyətə inteqrasiyası baxımından idman mühüm əhəmiyyət daşıyır. Bu baxımdan, muxtar respublikada məhdud fiziki imkanlı şəxslərin paralimpiya hərəkatına cəlbi, onlara sağlam həyat tərzinin aşılanması istiqamətində ardıcıl tədbirlər icra olunur. Naxçıvan Muxtar Respublikası Paralimpiya Federasiyası tərəfindən məhdud fiziki imkanlı şəxslərin idman həyatına inteqrasiyası, istedadlı idmançıların aşkara çıxarılması üçün davamlı tədbirlər həyata keçirilir, onların iştirakı ilə idmanın müxtəlif növləri üzrə yarışlar və yoldaşlıq görüşləri təşkil edilir. Muxtar respublikada keçirilən tədbirlərlə yanaşı, paralimpiyaçılarımızın ölkə və beynəlxalq miqyaslı yarışlarda iştirakı da diqqət mərkəzində saxlanılır.
Ötən həftə Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin təşkilatçılığı ilə Sumqayıt şəhərində baş tutan VI Paralimpiya İdman Oyunlarının pauerliftinq (ağırlıqqaldırma) idman növü üzrə keçirilən yarışları muxtar respublika paralimpiyaçıları üçün uğurlu nəticələrlə yadda qalıb. Bu yarışda iştirak edən Naxçıvan Muxtar Respublikası Paralimpiya Federasiyasının idmançıları Həsən Qasımov II, Mehdi Quliyev isə III yerə layiq görülməklə, yarışın mükafatçıları sırasına daxil olublar.
   

Müharibə iştirakçıları arasında peyntbol üzrə muxtar respublika birinciliyi təşkil olunub

Muxtar respublikanın şəhər və rayonlarından 8 komanda qələbə uğrunda mübarizə aparıb. Olimpiya sisteminə əsasən qalibin müəyyən olunduğu birincilikdə Naxçıvan komandası birinci olub. Culfa və Kəngərli komandaları müvafiq ardıcıllıqla ikinci və üçüncü sıralarda qərarlaşıblar.
Mükafatlandırma mərasimində Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman naziri Ramil Hacı, Atıcılıq Federasiyasının sədri Səhət Həbibbəyli və Paralimpiya Federasiyasının sədri Nicat Babayev çıxış edərək iştirakçıları təbrik edib, Vətənimizin bütövlüyü uğrunda göstərdikləri şücaətə görə minnətdarlıqlarını ifadə ediblər. Bildirilib ki, Ali Məclis Sədrinin rəhbərliyi ilə muxtar respublikamızda müharibə əlilləri, şəhid ailələri, o cümlədən sağlamlıq imkanları məhdud şəxslər yüksək dövlət qayğısı ilə əhatə olunur.
Çıxışlarda unikal idman məkanlarından biri kimi Atıcılıq Mərkəzinin üstünlüklərindən bəhs olunub. Qeyd olunub ki, mərkəzdə stend və sportinq atıcılığı, oxatma, tir atıcılığı və peyntbol yarışlarının keçirilməsi üçün əlverişli şərait yaradılıb. Azərbaycan Ordusunun şanlı qələbəmizlə bitən 44 günlük Vətən müharibəsində nümayiş etdirdiyi yüksək peşəkarlıq, rəşadət, döyüş ruhu əhali arasında bu tipli idman növlərinə marağı artırıb. Belə mərkəzlərin yaradılması gənc nəslin vətənpərvərlik ruhunda yetişdirilməsində önəmli rola malikdir.
Çıxışların ardınca mükafatlar təqdim edilib. İlk üçlükdə qərarlaşan komandalar diplom, xatirə barelyefi və hədiyyələrlə təltif ediliblər. Əlavə olaraq komandalara ödənişsiz peyntbol oyunu üçün kupon hədiyyə edilib.
Qeyd edək ki, birincilik Gənclər və İdman Nazirliyi, Atıcılıq və Paralimpiya federasiyalarının birgə təşkilatçılığı ilə reallaşıb.
               
 

Kəngərlidə şahmat üzrə rayon birinciliyi keçirilib

Rayon ümumtəhsil məktəblərində təhsil alan sağlamlıq imkanları məhdud şagirdlər arasında keçirilən yarış Uşaq-gənclər şahmat məktəbində reallaşıb. Gənclər və idman idarəsi, Təhsil şöbəsi və Naxçıvan Paralimpiya Federasiyasının rayon bölməsi tərəfindən birgə təşkil olunan birinciliyə 12 məktəbli qatılıb.
Yekun nəticələrə əsasən rəqibləri arasında ən yüksək göstəriciyə nail olan Qıvraq qəsəbə tam orta məktəbinin şagirdi Anar Cəfərli qalib adına layiq görülüb. Böyükdüz kənd tam orta məktəbinin təmsilçiləri Hüseyn Təmoyev və Fərdi İbrahimov müvafiq ardıcıllıqla ikinci, üçüncü sıralarda qərarlaşıblar.
İlk üçlükdəkilərə diplom, həvəsləndirici yer sahiblərinə isə fəxri fərman təqdim edilib.
                      

Şahbuzda darts birinciliyi keçirilib

Yaşı 18-dək olan sağlamlıq imkanları məhdud uşaqlar arasında keçirilən birincilik şəhər 1 nömrəli tam orta məktəbdə reallaşıb. Gənclər və idman idarəsi, Təhsil şöbəsi və Paralimpiya Federasiyasının rayon bölməsi tərəfindən birgə təşkil edilən yarışda 10 paralimpiyaçı iştirak edib. Məqsəd sağlamlıq imkanları məhdud uşaq və gənclərin idmana cəlbi, onların reabilitasiyası və asudə vaxtlarının səmərəli təşkilindən ibarət olub.
Nəticələrə əsasən, Vahid Nuriyev ən yaxşı göstərici ilə qalib olub. Hüseyn Abdullayev və Məmmədalı Cəfərov müvafiq olaraq ikinci, üçüncü pillələrdə qərarlaşıblar.
Yarışın sonunda iştirakçılara təşkilatçıların diplom və hədiyyələri təqdim edilib
.