NAXÇIVAN MUXTAR RESPUBLİKASI

PARALİMPİYA FEDERASİYASI

Şahbuzda boccia birinciliyi keçirilib

Şahbuzda boccia birinciliyi keçirilib

Sağlamlıq imkanları məhdud uşaqların idmana cəlbi, reabilitasiyası, asudə vaxtlarının səmərəli təşkili və boccia idman növünə marağın artırılması məqsədilə keçirilən yarış Şahbuz şəhər 1 nömrəli tam orta məktəbdə reallaşıb. Gənclər və İdman İdarəsi və Naxçıvan Paralimpiya Federasiyasının rayon bölməsi tərəfindən birgə təşkil olunan birincilikdə 8 yeniyetmə qələbə uğrunda mübarizə aparıb. Yekun nəticələrə əsasən, Vahid Nuriyev yarışın qalibi olub. Amin Cəfərli ikinci, Elbrus Yusifov isə üçüncü olub.

Qalib və fərqlənən idmançılara diplom təqdim edilib.

                                   

 

Babəkdə dart üzrə rayon birinciliyi keçirilib

Babək Rayon Gənclər və İdman İdarəsi ilə Paralimpiya Federasiyasının rayon bölməsinin təşkil etdiyi yarış Babək qəsəbə 1 nömrəli tam orta məktəbdə reallaşıb. Sağlamlıq imkanları məhdud 18 yaşadək uşaqlar arasında keçirilən birincilikdə 9 idmançı iştirak edib.

İdarə rəisi Elvin Əliyev və rayon bölməsinin sədri Şulan Hüseynov çıxış edərək bildiriblər ki, muxtar respublikamızda sağlamlıq imkanları məhdud uşaqların cəmiyyətə inteqrasiya olunmaları üçün  müvafiq addımlar atılır, onlar daim diqqət mərkəzində saxlanılırlar. Bu tipli yarışların keçirilməsində əsas məqsəd sağlamlıq imkanları məhdud uşaqların idmana olan maraqlarını artırmaqla onlar arasında idmanın kütləviliyinə, muxtar respublikanın idman həyatında daha fəal iştirakına və reabilitasiyasına nail olmaqdır.

Nəticələrə əsasən, Yunis Məmmədov ən yaxşı göstərici ilə qalib olub. Yusif İsmayılov və Elsevər Rzayev müvafiq olaraq ikinci və üçüncü pillədə qərarlaşıblar.

İdmançılara təşkilatçıların diplom və fəxri fərmanları təqdim edilib.

          

Azərbaycan Milli Paralimpiya Komitəsinin baş katibinin iştirakı ilə onlayn seminar keçirilib

Muxtar respublikada məhdud fiziki imkanlı şəxslərin paralimpiya hərəkatına cəlbi, onlara sağlam həyat tərzinin aşılanması daim diqqət mərkəzində saxlanılır. Reabilitasiyanın bir növü kimi əlillyi olan şəxslərin sağlamlıqlarının bərpası və möhkəmləndirilməsi, onların cəmiyyətə inteqrasiyası baxımından idman mühüm əhəmiyyət daşıyır. Bu məqsədlə, Naxçıvan Muxtar Respublikası Paralimpiya Federasiyası tərəfindən məhdud fiziki imkanlı şəxslərin idman həyatına inteqrasiyası, istedadlı idmançıların aşkara çıxarılması üçün davamlı tədbirlər həyata keçirilir, onların iştirakı ilə idmanın müxtəlif növləri üzrə yarışlar və yoldaşlıq görüşləri təşkil edilir. İdman tədbirləri ilə yanaşı, Federasiyanın məşqçi-müəllim heyətinin bilik və bacarıqlarının təkmilləşdirilməsi məqsədilə də bir sıra işlər görülür. Ötən müddət ərzində, Azərbaycan Milli Paralimpiya Komitəsinin məşqçilər heyəti dəfələrlə muxtar respublikaya dəvət olunub, onların iştirakı ilə məşqçi-müəllim və paralimpiyaçılar üçün təlimlər və seminarlar təşkil edilib. Bu tədbirlərin davamı olaraq, iyunun 8-də Azərbaycan Milli Paralimpiya Komitəsinin baş katibi Kamal Məmmədovun iştirakı ilə Naxçıvan Muxtar Respublikası Paralimpiya Federasiyasının bölmə rəhbərləri və məşqçiləri üçün növbəti onlayn seminar keçirilib. Seminarda əlililyi olan şəxslər üçün məşq proseslərinin şərtləri, bu sahədə mövcud idman normaları və onların icra üsulları haqqında seminar iştirakçılarına müvafiq tövsiyyələr verilib, onları maraqlandıran suallar cavablandırılıb.

          

Sağlamlıq imkanları məhdud uşaqlar arasında velosiped yarışı üzrə muxtar respublika birinciliyi keçirilib

1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü”nə həsr olunan yarışda yaşı 18-dək olan paralimpiyaçılar iştirak ediblər. Gənclər və İdman Nazirliyi ilə Paralimpiya Federasiyasının birgə təşkil etdiyi birincilik Naxçıvan şəhərində yerləşən Sahil Parkında keçirilib. Qələbə uğrunda mübarizədə şəhər və rayonlardan ümumilikdə 18 idmançı iştirak edib. Qaydalara əsasən, təyin olunan məsafənin qət edilməsi ilə yanaşı, finişə çatma müddəti də hesablanaraq sıralama müəyyənləşdirilib.
Nəticələrə gəlincə, Ordubadı təmsil edən Mikayıl Məmmədov ən yaxşı göstərici ilə birinciliyin qalibi olub. Naxçıvan idmançısı Nihal İmanovla Culfa təmsilçisi Asim Zamanov müvafiq olaraq 2-ci və 3-cü sıralarda qərarlaşıblar.
Mükafatlandırma zamanı Nazirliyin şöbə müdiri Taleh İbrahimov və Federasiyanın sədr müavini Vüqar Məmmədov yarışın keçirilmə məqsədi və önəmindən bəhs edib, iştirakçılara bundan sonra da uğurlar arzulayıblar.
İlk üçlükdə qərarlaşanlara diplom, digər iştirakçılara isə fəxri fərmanlar təqdim edilib. Bütün iştirakçılar federasiya tərəfindən hədiyyələrlə mükafatlandırılıblar.
Qeyd edək ki, birincilik sağlamlıq imkanları məhdud uşaqlar arasında bədən tərbiyəsi və idmanın kütləviliyinə nail olunması, asudə vaxtlarının səmərəli keçirilməsi, onların reabilitasiyası, o cümlədən idmanın müxtəlif növlərinə marağın artırılması məqsədi ilə keçirilib.
   

Boccia üzrə muxtar respublika birinciliyi keçirilib

Ümumilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunan Boccia üzrə muxtar respublika birinciliyi keçirilib.
Sağlamlıq imkanları məhdud 18 yaşadək uşaqlar və böyüklər arasında keçirilən yarış ulu öndərin əziz xatirəsinin yad edilməsi, sağlamlıq imkanları məhdud uşaq və gənclərin reabilitasiyası, asudə vaxtlarının idmanla dəyərləndirilməsi və boccia idman növünün inkişaf etdirilməsi məqsədi daşıyıb.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi ilə Paralimpiya Federasiyasının birgə təşkil etdiyi birincilikdə 26 paralimpiyaçı iştirak edib.
Qaydalara əsasən, hər oyunda ən çox xal toplayan iştirakçı növbəti mərhələyə yüksəlib. Uşaqlar arasında Zəhra Məmmədova bütün rəqiblərini məğlub edərək muxtar respublika birincisi olub. Cəlal Mürsəlli ikinci, Mikayıl İsmayıllı isə üçüncü olub. Böyüklər arasında ən yaxşı nəticə Niyaz Hüseynova məxsus olub. O, finalda qardaşı Qafqaz Hüseynovu üstələyərək birinci pilləyə sahib olub. Qaliblərin sıralamasında ilk üçlüyü tamamlayan bocciaçı Zakir Həsənov olub.
Mükafatlandırma mərasimində Nazirliyin əməkdaşı Samir Oruclu və Federasiyanın sədr müavini Vüqar Məmmədov birinciliyin məqsədi və önəmindən bəhs edib, iştirakçılara uğurlar arzulayıblar.
İlk üçlükdə qərarlaşan paralimpiyaçılara diplom və hədiyyələr, digər iştirakçılara isə həvəsləndirmə məqsədilə fəxri fərmanlar təqdim edilib.