NAXÇIVAN MUXTAR RESPUBLİKASI

PARALİMPİYA FEDERASİYASI

Bocciaçılar ilə onlayn formatda görüş keçirilib

Bu gün muxtar respublikada gənclərin idmana cəlbi, onlara sağlam həyat tərzinin aşılanması daim diqqət mərkəzində saxlanılır. Son illər muxtar respublikanın dinamik inkşafı nəticəsində, idman infrastrukturu günün tələblərinə uyğun yenidən qurulur, maddi-texniki baza möhkəmləndirilir.
Reabilitasiyanın bir növü kimi - fiziki imkanları məhdud şəxslərin sağlamlıqlarının möhkəmləndirilməsi, onların cəmiyyətə inteqrasiyası baxımından idman mühüm əhəmiyyət daşıyır. Bu məqsədlə, Naxçıvan Muxtar Respublikası Paralimpiya Federasiyası tərəfindən məhdud fiziki imkanlı şəxslərin idman həyatına inteqrasiyası, istedadlı idmançıların aşkara çıxarılması üçün davamlı tədbirlər həyata keçirir, onların iştirakı ilə idmanın müxtəlif növləri üzrə yarışlar təşkil edilir.
Muxtar respublikada paralimpiyaçı idmançılar arasında ən geniş yayılmış idman növlərindən biri də bocciadır. Təqribən 5 ilə yaxındır ki, Naxçıvan Muxtar Respublikası Paralimpiya Federasiyasının boccia idman növü üzrə bölməsi uğurla fəaliyyət göstərir. Boccia paralimpiya idman növündə idmançılardan fiziki güclə bərabər, zehni əmək də (diqqətin bir mərkəzə cəmlənməsi) tələb olunduğundan bu idman növü həm də reabilitasiya xarakterlidir.
Ötən dövr ərzində idmanın bu növünün muxtar respublikada inkşafı məqsədilə Federasiya tərəfindən bir sıra tədbirlər həyata keçirilib, bu idman növü üzrə muxtar respublikanın bütün bölgələrində zəruri şərait yaradılıb, bölmələr müvafiq vəsaitlərlə təmin edilib. Eyni zamanda, Paralimpiya Federasiyasının dəvəti ilə Azərbaycan Milli Paralimpiya Komitəsinin məşqçilər heyəti muxtar respublikaya dəvət olunub, onların iştirakı ilə məşqçi-müəllim və idmançı heyyəti üçün təlimlər təşkil olunub.
Bu tədbirlərin davamı olaraq, mövcud vəziyyətlə əlaqədar boccia ilə məşğul olan sağlamlıq imkanları məhdud şəxslərin asudə vaxtlarının səmərəli təşkil edilməsi və idman bacarıqlarının inkişaf etdirilməsi üçün iyulun 23-də Azərbaycan Milli Paralimpiya Komitəsinin boccia üzrə milli komandasının baş məşqçisi, Azərbaycan Boccia İdman Federasiyasının katibi İlham Məhərrəmovun iştirakı ilə muxtar respublika bocciaçıları ilə onlayn formatda görüş keçirilib. Görüşdə paralimpiyaçılara müxtəlif məşq prosesləri haqqında müvafiq tövsiyyələr verilib, idmançıları maraqlandıran suallar cavablandırılıb.
                  
 

Sağlamlıq imkanları məhdud uşaqlar arasında “Vətəni tanı” intellektual oyunu keçirilmişdir.

14 iyul 2020-ci il tarixdə Naxçıvan şəhərindəki Sahil parkında sağlamlıq imkanları məhdud yeniyetmələr arasında “Vətəni tanı” intellektual oyunu keçirilmişdir. Əvvəlcə Dövlət Sosial Təminat Xidmətinin rəisi Vüqar Məmmədov, Gənclər və İdman Nazirliyinin əməkdaşı Valeh Mahmudov çıxış edərək yeniyetmələrin asudə vaxtlarının səmərəli təşkili üçün həyata keçirilən tədbirlər, həmçinin, müəyyən karantin günlərində keçirilən müxtəlif onlayn tədbirlər haqqında ətraflı məlumat vermiş, oyunun keçirilməsində məqsədin yenieytmələrin intellektual səviyyəsinin, dünyagörüşünün, zehni inkişafının stimullaşdırılması, asudə vaxtlarının səmərəli təşkili istiqamətində yeni üsullar tətbiq etməkdən ibarət olduğunu bildirmiş və iştirakçılara uğurlar arzulamışlar. İştirakçılar Azərbaycanın pazl şəkilində olan siyasi-inzibati xəritəsini ən qısa vaxt ərzində yığmağa çalışmışlar. Sonda Məmmədli İlqar xəritəni ən qısa müddətə yığaraq qalib adını qazanmışdır. Hacıyev Mahmud və Səfərəliyev Yusif isə müvafiq olaraq II və III yerlərə layiq görülmüşlər. Oyunun qaliblərinə və digər iştirakçılara təşkilatçılar tərəfindən diplom, fəxri fərman və oxunması zəruri olan kitablar hədiyyə olunmuşdur. 11 nəfər sağlamlıq imkanları məhdud yeniyetmənin iştirak etdiyi oyun Gənclər və İdman, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərinin, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Heydər Əliyev adına Gənclər Birliyinin birgə təşkilatçılığı ilə təşkil olunmuşdur.                                

Sağlamlıq imkanları məhdud 18 yaşadək uşaqlar arasında stolüstü tennis üzrə muxtar respublika birinciliyi keçirilmişdir.

8 iyul 2020-ci il tarixdə Naxçıvan şəhər Əlillərin Bərpa Mərkəzində 18 yaşadək sağlamlıq imkanları məhdud uşaqlar arasında stolüstü tennis üzrə Naxçıvan Muxtar Respublika birinciliyi keçirilmişdir. Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi və Paralimpiya Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən birincilikdə ümumilikdə 11 sağlamlıq imkanları məhdud uşaq iştirak etmişdir. Birinciliyin keçirilməsində məqsəd 18 yaşadək sağlamlıq imkanları məhdud uşaqlar arasında bədən tərbiyəsi və idmanın kütləviliyinə nail olunması, asudə vaxtlarının səmərəli keçirilməsi üçün onlar arasında idmanın, o cümlədən stolüstü tennis idman növünün inkişaf etdirilməsi, 18 yaşadək sağlamlıq imkanları məhdud uşaqların sosial reabilitasiyasına nail olunması olmuşdur. Birinciliyin açılış mərasimində Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin əməkdaşı Tural İsmayılov və Paralimpiya Federasiyasının sədr müavini Vüqar Məmmədov çıxış edərək yarışın keçirilmə məqsədi, qaydaları haqqında iştirakçılara məlumat vermiş və onlara uğurlar arzulamışlar. Yarışın yekun nəticəsinə əsasən ən yüksək xalla Səfərov Allahverən birinci, Yusifov Rəfail ikinci, Kərimli Əkrəm üçüncü yerin sahibi olmuşlar. Qaliblərə təşkilatçıların diplom və qiymətli hədiyyələri, digər iştirakçılara fəxri fərmanlar təqdim olunmuşdur.

                    

Sağlamlıq imkanları məhdud şəxslər arasında şahmat və dama yarışı keçirilmişdir.

25 iyun 2020-ci il tarixdə Şahbuz Rayon Gənclər və İdman İdarəsinin və Naxçıvan Muxtar Respublikası Paralimpiya Federasiyası Şahbuz Rayon Bölməsinin birgə təşkilatçılığı ilə əlillər arasında şahmat və dama yarışı keçirilmişdir. Yarışın keçirilməsində məqsəd əlillərin cəmiyyətə inteqrasiya olunması və muxtar respublika yarışlarında iştirak edəcək oyunçuların seçilməsi olmuşdur. Şahmat üzrə yekun nəticədə I yerə Cəlal Əliyev, II yerə Firəddin İsmayılov, III yerə Hikmət Rüstəmov, dama üzrə I yerə Qasım Bağırov, II yerə Nəsib Quliyev, III yerə Niyaməddin Allahverdiyev çıxmışlar. Qaliblərə təşkilatçılar tərəfindən diplomlar təqdim olunmuşdur.

                  

Boccia idman növü üzrə muxtar respublika birinciliyi keçirilmişdir.

       
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi ilə Paralimpiya Federasiyasının təşkil etdiyi 18 yaşadək fiziki imkanları məhdud uşaqlar arasında açıq səma altında keçirilən boccia idman növü üzrə muxtar respublika birinciliyinə yekun vurulub.
Tədbirdə çıxış edən Gənclər və İdman Nazirliyinin kütləvi bədən tərbiyəsi və idman şöbəsinin müdiri Taleh İbrahimov bildirib ki, Ali Məclis Sədrinin diqqəti nəticəsində 2006-cı ildə Naxçıvan Muxtar Respublikası Paralimpiya Federasiyasının əsası qoyulub. Naxçıvanda sağlamlıq imkanları məhdud uşaq, yeniyetmə və gənclərin bu sahəyə cəlb edilməsi üçün maddi-texniki baza möhkəmləndirilib, bu istiqamətdə bir sıra tədbirlər həyata keçirilib.
Paralimpiya Federasiyasının sədr müavini Vüqar Məmmədov vurğulayıb ki, muхtаr rеspublikаdа fiziki imkanları məhdud insаnlаrın cəmiyyətə intеqrаsiyаsı, sosial reabilitasiyası sаhəsində ardıcıl və məqsədyönlü tədbirlər həyаtа kеçirilir, onlar arasında idmаnın kütləviliyinə nail olunmasına çalışılır. İdman sahəsinə göstərilən davamlı dövlət qayğısı nəticəsində muxtar respublikada paralimpiyaçıların sıraları daha da genişlənib və bu sahədə müxtəlif idman tədbirlərinin keçirilməsinə əlverişli şərait yaradılıb.
Çıxış edənlər yarışın qaydaları haqqında məlumat verib, idmançılara uğurlar arzulayıblar.
20-yə yaxın idmançının mübarizə apardığı birincilikdə qalib adını Vahid Nuriyev qazanıb. Turqay Məmmədov ikinci, Canər Tağızadə isə üçüncü olub.
Sonda qaliblərə təşkilatçılar tərəfindən diplom, digər iştirakçılara isə fəxri fərmanlar təqdim edilib.