3 mart 2020-ci il tarixdə Naxçıvan Tibb Kollecində “5 mart-Bədən Tərbiyəsi və İdman Günü” ilə əlaqədar muxtar respublikada fəaliyyət göstərən idman federasiyalarının idmançıları arasında “Peloton” İntellektual Oyunu keçirilmişdir. Əvvəlcə Gənclər və İdman Nazirliyinin əməkdaşı Valeh Mahmudov çıxış edərək oyunun keçirilməsində məqsədin idmançıların intellektual səviyyəsinin, dünyagörüşünün, zehni inkişafının stimullaşdırılması, onlar arasında bilik və elmin təbliği, eləcə də asudə vaxtlarının səmərəli təşkili istiqamətində yeni üsullar tətbiq etməkdən ibarət olduğunu bildirmiş, idmançıları “5 mart-Bədən Tərbiyəsi və İdman Günü” münasibətilə təbrik etmiş, komandalara uğurlar arzulamışdır. Oyunda muxtar respublikada fəaliyyət göstərən hər idman federasiyasından 5 oyunçudan ibarət 1 komanda olmaqla 12 komanda iştirak etmişdir. 11 turdan ibarət olan oyunun hər turunda idmanın tarixinə, məşhur idmançılara və Azərbaycan idmanına aid suallar səsləndirilmişdir. Sonda turların nəticələrinə əsasən Karate-do Federasiyasının “Karate-do” komandası oyunun qalibi adını qazanmışdır. Atıcılıq Federasiyasının “Uğur” komandası və Paralimpiya Federasiyasının “Vətən” komandası müvafiq olaraq II və III yerləri qazanmışlar. Qalib komandalara Gənclər və İdman Nazirliyi tərəfindən kubok, diplom və fəxri fərmanlar təqdim olunmuşdur. 60 nəfər idmançının iştirak etdiyi oyun Gənclər və İdman Nazirliyinin, Yeni Azərbaycan Partiyası Heydər Əliyev adına Gənclər Birliyinin və “Gənclərin İntellektual İnkişaf Mərkəzi” İctimai Birliyinin birgə təşkilatçılığı ilə keçirilmişdir.