NAXÇIVAN MUXTAR RESPUBLİKASI

PARALİMPİYA FEDERASİYASI

Sağlamlıq imkanları məhdud olan şəxslər arasında qolbol idman növü üzrə yoldaşlıq görüşü keçirilmişdir

28 fevral 2020-ci il tarixdə İlham Əliyev adına Olimpiya İdman Kompleksində sağlamlıq imkanları məhdud olan şəxslər arasında qolbol idman növü üzrə yoldaşlıq görüşü keçirilmişdir. Görüşün açılış mərasimində çıxış edənlər görüşün keçirilmə məqsədi haqqında danışmış və komandalara uğurlar arzulamışlar. Naxçıvan MR Paralimpiya Federasiyası və Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin birgə təşkil etdiyi görüşdə “Əlincə” və “Nuhçıxan” komandaları qarşılaşmışlar. Görüş Beynəlxalq Paralimpiya Federasiyasının qaydalarına uyğun keçirilmişdir. Qolbol idman növü görmə məhdudiyyətli insanlar üçün nəzərdə tutulmuşdur. Oyunun strukturu üç nəfərdən ibarət, iki rəqib komandadan və onların hər ikisinin arxasında olan qapıdan ibarət olmuşdur. Görüşdə müxtəlif tip görmə məhdudiyyətli olan şəxslər iştirak etmişdir. Oyunun ədalətli keçməsi üçün hər idmançı gözlərinə tamamilə qara gözlük taxmışdır. Oyunda məqsəd içində zınqırov yerləşdirilmiş topu rəqib komandanın qapısından keçirtməkdən ibarət olmuşdur. Maraqlı keçən görüşün yekununa əsasən “Əlincə” komandası 4:1 hesabı ilə “Nuhçıxan” komandasına qalib gəlmişdir. Sonda hər iki komandaya və komanda üzvlərinə təşkilatçıların diplom və fəxri fərmanları təqdim olunmuşdur.