Bu gün muxtar respublikada gənclərin idmana cəlbi, onlara sağlam həyat tərzinin aşılanması daim diqqət mərkəzində saxlanılır. Son illər muxtar respublikanın dinamik inkşafı nəticəsində, idman infrastrukturu günün tələblərinə uyğun yenidən qurulur, maddi-texniki baza möhkəmləndirilir.
Reabilitasiyanın bir növü kimi - fiziki imkanları məhdud şəxslərin sağlamlıqlarının möhkəmləndirilməsi, onların cəmiyyətə inteqrasiyası baxımından idman mühüm əhəmiyyət daşıyır. Bu məqsədlə, Naxçıvan Muxtar Respublikası Paralimpiya Federasiyası tərəfindən məhdud fiziki imkanlı şəxslərin idman həyatına inteqrasiyası, istedadlı idmançıların aşkara çıxarılması üçün davamlı tədbirlər həyata keçirir, onların iştirakı ilə idmanın müxtəlif növləri üzrə yarışlar təşkil edilir.
Muxtar respublikada paralimpiyaçı idmançılar arasında ən geniş yayılmış idman növlərindən biri də bocciadır. Təqribən 5 ilə yaxındır ki, Naxçıvan Muxtar Respublikası Paralimpiya Federasiyasının boccia idman növü üzrə bölməsi uğurla fəaliyyət göstərir. Boccia paralimpiya idman növündə idmançılardan fiziki güclə bərabər, zehni əmək də (diqqətin bir mərkəzə cəmlənməsi) tələb olunduğundan bu idman növü həm də reabilitasiya xarakterlidir.
Ötən dövr ərzində idmanın bu növünün muxtar respublikada inkşafı məqsədilə Federasiya tərəfindən bir sıra tədbirlər həyata keçirilib, bu idman növü üzrə muxtar respublikanın bütün bölgələrində zəruri şərait yaradılıb, bölmələr müvafiq vəsaitlərlə təmin edilib. Eyni zamanda, Paralimpiya Federasiyasının dəvəti ilə Azərbaycan Milli Paralimpiya Komitəsinin məşqçilər heyəti muxtar respublikaya dəvət olunub, onların iştirakı ilə məşqçi-müəllim və idmançı heyyəti üçün təlimlər təşkil olunub.
Bu tədbirlərin davamı olaraq, mövcud vəziyyətlə əlaqədar boccia ilə məşğul olan sağlamlıq imkanları məhdud şəxslərin asudə vaxtlarının səmərəli təşkil edilməsi və idman bacarıqlarının inkişaf etdirilməsi üçün iyulun 23-də Azərbaycan Milli Paralimpiya Komitəsinin boccia üzrə milli komandasının baş məşqçisi, Azərbaycan Boccia İdman Federasiyasının katibi İlham Məhərrəmovun iştirakı ilə muxtar respublika bocciaçıları ilə onlayn formatda görüş keçirilib. Görüşdə paralimpiyaçılara müxtəlif məşq prosesləri haqqında müvafiq tövsiyyələr verilib, idmançıları maraqlandıran suallar cavablandırılıb.