NAXÇIVAN MUXTAR RESPUBLİKASI

PARALİMPİYA FEDERASİYASI

Sağlamlıq imkanları məhdud şəxslər arasında armrestlinq (qol güləşi) üzrə Naxçıvan Muxtar Respublika birinciliyi keçirilmişdir

19 fevral 2020-ci il tarixdə Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi və Naxçıvan Muxtar Respublikası Paralimpiya Federasiyasının birgə təşkilatçılığı ilə İlham Əliyev adına Olimpiya İdman Kompleksində sağlamlıq imkanları məhdud şəxslər arasında armrestlinq (qol güləşi) üzrə Naxçıvan Muxtar Respublika birinciliyi keçirilmişdir. Birinciliyin keçirilməsində məqsəd sağlamlıq imkanları məhdud şəxslər arasında bədən tərbiyəsi və idmanın kütləviliyinə nail olmaq, asudə vaxtlarının səmərəli keçirilməsi üçün onlar arasında idmanın, o cümlədən idmanın armrestlinq (qol güləşi) növünün inkişaf etdirilməsi olmuşdur. 2 çəki dərəcəsində (75 kiloqramadək, 75 kiloqramdan yuxarı) keçirilən birincilikdə 30-a yaxın sağlamlıq imkanları məhdud şəxs iştirak etmişdir. Gərgin və maraqlı mübarizə şəraitində keçirilən birinciliyin yekun nəticəsinə əsasən 75 kiloqramadək çəki dərəcəsində Hüseynov Turan I, Hacıyev Zamin II, Möhsünlü Vüsal III, 75 kiloqramdan yuxarı çəki dərəcəsində Cəfərov Cəfər I, Həmzəyev Kərəm II, Şirinov Telman III yerin sahibi olmuşlar. Qaliblər təşkilatçıların diplom və qiymətli hədiyyələri ilə mükafatlandırılmışlar.

           

Ahıl və əlil vətəndaşlar arasında stolüstü oyunlar üzrə Culfa rayon birinciliyi keçirilmişdir.

11 fevral 2020-ci il tarixdə Culfa şəhəri 3 №-li tam orta məktəbdə Culfa Rayon Gənclər və İdman İdarəsinin, Naxçıvan Muxtar Respublikası Paralimpiya Federasiyası Culfa Rayon Bölməsinin və Yeni Azərbaycan Partiyası Culfa Rayon Təşkilatı Gənclər Birliyinin birgə təşkilatçılığı ilə “Naxçıvan Muxtar Respublikası-96” devizi altında Culfa Rayon ahıl və əlil vətəndaşlar arasında nərd, şahmat və dama yarışları üzrə olimpiyada keçirilmişdir. Bu tədbirdə 18 nəfər idmançı iştirak etmişdir. İlk öncə Culfa Rayon Gənclər və İdman İdarəsinin rəisi İmanov İsmayıl və Naxçıvan MR Paralimpiya Federasiyası Culfa Rayon Bölməsinin sədri Cəlilov Mustafa çıxış edərək keçirilən tədbirin mahiyyəti haqqında ətraflı məlumat verərək iştirakçılara uğurlar arzulamışlar. Gərgin və maraqlı mübarizə şəraitində keçən görüşdə nərd üzrə Talıbov Əşrəf Mahmud oğlu I, Qasımov Abdulla Ağəli oğlu II, Səfərov Əbülfəz Məhəmmədəli oğlu III, dama üzrə Səmədov Telman Südeyib oğlu I, Şükürov Şükür Ələkbər oğlu II, Mürsəlov Vəli Müslüm oğlu III, şahmat üzrə Əlizadə İlqar Əlihüseyn oğlu I, İsmayılov Rza Əli oğlu II, Kərimov Mamed Məmməd oğlu III yerə layiq görülmüşlər. Qalib və fərqlənən iştirakçılar təşkilatçılar tərəfindən diplom və hədiyyələrlə təltif edilmişlər.

            

Sağlamlıq imkanları məhdud uşaqlar arasında stolüstü tennis yarışı keçirilmişdir

07 fevral 2020-ci il tarixdə Şərur Rayon Gənclər və İdman İdarəsi və Şərur Rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin birgə təşkilatçılığı ilə sağlamlıq imkanları məhdud uşaqlar arasında stolüstü tennis yarışı keçirilmişdir. Yarışda 8 uşaq iştirak etmişdir.Yarış Şərur Rayon Gənclər və İdman İdarəsinin tennis zalında təşkil olunmuşdur. Yarışın nəticəsinə əsasən Səfərov Allahverən I yer, Qasaşvili Qabil II yer, Novruzov Engin III yerə layiq görülmüşlər. Qaliblər təşkilatçılar tərəfindən diplom və qiymətli hədiyyələrlə mükafatlandırılmışlar.

                

Naxçıvan Muxtar Respublikası Paralimpiya Federasiyasının ötən ilin yekunları və qarşıda duran vəzifələrlə bağlı iclası keçirilib

Yanvarın 23-də Naxçıvan Muxtar Respublikası Paralimpiya Federasiyasının ötən ilin yekunları və qarşıda duran vəzifələrlə bağlı iclası keçirilib.İclası giriş sözü ilə açan federasiyanın sədri Nicat Babayev bildirib ki, fiziki imkanları məhdud şəxslərin sağlamlıqlarının möhkəmləndirilməsi, onların cəmiyyətə inteqrasiyası baxımından idman mühüm əhəmiyyət daşıyır. Bu məqsədlə, Naxçıvan Muxtar Respublikası Paralimpiya Federasiyası, Gənclər və İdman Nazirliyi ilə birgə bütün kateqoriyadan olan məhdud fiziki imkanlı şəxslərin idman həyatına inteqrasiyası, istedadlı idmançıların aşkara çıxarılması üçün davamlı tədbirlər həyata keçirir. Onların iştirakı ilə idmanın müxtəlif növləri üzrə yarışlar təşkil edilir. Hazırda federasiyanın Naxçıvan şəhərində və muxtar respublikanın bütün rayonlarında Boccia bölmələri, Naxçıvan şəhəri, Şərur və Sədərək rayonlarında Stolüstü tennis bölmələri, Naxçıvan şəhərində Qolbol, Üzgüçülük və Ağırlıqqaldırma bölmələri fəaliyyət göstərir.

Nicat Babayev diqqətə çatdırıb ki, məhdud fiziki imkanlı şəxslərin muxtar respublikanın idman həyatında daha fəal iştirakına və sosial reabilitasiyasına nail olmaq məqsədilə,ötən il ərzində paralimpiyaçılar arasında idmanın müxtəlif növləri üzrə 8 muxtar respublika birinciliyi, 18 rayon (şəhər) birinciliyi, 2 yoldaşlıq görüşü keçirilib. Keçirilən tədbirlərə 292 nəfər cəlb edilib ki, onların 267 nəfərini oğlanlar, 25 nəfərini qızlar təşkil edir. Bu kimi yarışların təşkil olunması istedadlı idmançıların aşkara çıxarılması, onların cəmiyyətə inteqrasiyasına əlverişli şərait yaradır. Bununla yanaşı, muxtar respublika paralimpiyaçılarının mütəmadi olaraq respublika səviyyəli yarışlarda iştirakı təmin edilir. Ötən il noyabr ayında Bakı şəhərində Abşeron Olimpiya İdman Kompleksində keçirilən V Respublika Uşaq Paralimpiya İdman Oyunlarında iştirak edən Paralimpiya Federasiyasının 3 təmsilçisinin 4 medal qazanması həmçinin, Bakı şəhəri “Zirvə” İdman Klubunda parapauerliftinq üzrə açıq respublika birinciliyində iştirak edən Naxçıvan Muxtar Respublikası Paralimpiya Federasiyasının idmançısının öz çəki dərəcəsində uğurla çıxış edərək yarışda III yerin sahibi olması mühüm əhəmiyyətə malikdir.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman naziri Azad Cabbarov çıxışında vurğulayıb ki, muxtar respublikada uğurla fəaliyyət göstərən idman federasiyalarından biri də 2006-ci ildə yaradılan Naxçıvan Muxtar Respublikası Paralimpiya Federasiyasıdır. Paralimpiya Federasiyası da 2019-cu ildə öz işini verilmiş tapşırıqlara əsasən qurub. Muxtar respublikamızda 207 sağlamlıq imkanı məhdud şəxs Paralimpiya Federasiyasının bölmə və qruplarında idmanla məşğul olur. Gənclər və İdman Nazirliyi Paralimpiya Federasiyası ilə birgə idmanın bu növünü inkişaf etdirmək və kütləviliyinin təmin edilməsi məqsədi ilə çoxsaylı tədbirlər həyata keçirib. Belə ki, “5 mart - Bədən Tərbiyəsi və İdman Günü”nə həsr olunmuş qol güləşi, 18 yaşadək sağlamlıq imkanları məhdud uşaqlar arasında şahmat, yüngül atletikanın 100 metr məsafəyə qaçış növü, dama, “Heydər Əliyev Kuboku” uğrunda sağlamlıq imkanları məhdud şəxslər arasında futzal, “26 iyun Silahlı Qüvvələr Günü”nə həsr olunmuş pouerliftinq, üzgüçülük, boccia, fiziki imkanları məhdud Azərbaycan Vətən Müharibəsi iştirakçıları arasında peyntbol, “3 dekabr -Beynəlxalq Əlillər Günü” münasibətilə şahmat üzrə muxtar respublika birincilikləri, şəhər və rayonlarda idmanın bir neçə növü üzrə birinciliklər və yoldaşlıq görüşləri keçirilmişdir.
Nazir diqqətə çatdırıb ki, Bakı şəhəri Zirvə İdman Klubunda keçirilən Para-poverliftinq üzrə açıq respublika birinciliyində və Xırdalan şəhərində keçirilən V Respublika Uşaq Paralimpiya İdman Oyunlarında idmançıların iştirakı təmin edilib. Sonda nazir bildirib ki, nazirlik və federasiyanın birgə və məqsədyönlü fəaliyyətinin nəticəsi olaraq dövlət idman siyasəti çərçivəsində qarşıya qoyulan tələb və tapşırıqlar yerinə yetiriləcək və daha böyük uğurlara imza atılacaqdır. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə idmana göstərdiyi diqqət və qayğıya görə paralimpiyaçılar adından öz minnətdarlığımızı bildirir və əmin etmək istəyirik ki, qarşıdakı dövr ərzində də fəaliyyətimizi verilən tapşırıqlara uyğun olaraq günün tələbləri səviyyəsində quracağıq.
Naxçıvan boccia idman növü bölməsinin məşqçisi Zaur Hüseynov isə çıxışında ötən il görülən işlər barədə məlumat verib.
Sonda ötən il uğur qazanan idmançılar mükafatlandırılıblar.

                         

Muxtar respublika paralimpiyaçıları yüksək nəticələr əldə ediblər

Muxtar respublikada idmanın inkişafı üçün yaradılan şərait məhdud fiziki imkanlı şəxslərin sosial reabilitasiya imkanlarını daha da artırıb. Bu məqsədlə, onların idman həyatına inteqrasiyası Paralimpiya Federasiyası tərəfindən daim diqqət mərkəzində saxlanılır. Federasiya mütəmadi olaraq sözügedən kateqoriyadan olan şəxslər arasında müxtəlif idman yarışları, yoldaşlıq görüşləri təşkil edir, onların bu sahədə bilik və bacarıqlarının artırılması istiqamətində zəruri tədbirlər həyata keçirir.

Sevindirici haldır ki, görülən bu işlər nəticəsində, muxtar respublika paralimpiyaçıları respublika və beynəlxalq səviyyəli yarışlarda uğurla iştirak edir, yüksək nəticələr göstərirlər.
Bu uğurların davamı olaraq, Noyabrın 14-də Bakı şəhərində Abşeron Olimpiya İdman Kompleksində keçirilən V Respublika Uşaq Paralimpiya İdman Oyunlarında iştirak edən Paralimpiya Federasiyasının təmsilçiləri də muxtar respublikamıza medallarla qayıdıblar. İdmançılarımızdan Zahir İbrahimov Uşaq Paralimpiya İdman Oyunlarının boccia növünün iki müxtəlif kateqoriyası üzrə yarışın qalibi adını qazanıb. V Respublika Uşaq Paralimpiya İdman Oyunlarında iştirak edən federasiyanın digər təmsilçiləri stolüstü tennis üzrə Nihal İmanov, üzgüçülük müsabiqəsində isə Hüseyn Abdullayev yüksək nəticələr göstərərək yarışın bürünc medallarına layiq görülüblər.
Bu münasibətlə, Noyabrın 26-da Naxçıvan Muxtar Respublikası Paralimpiya Federasiyasının təşkilatçılığı ilə V Respublika Uşaq Paralimpiya İdman Oyunlarında uğurlu nəticələr əldə edən sağlamlq imkanları məhdud uşaqlarla görüş keçirilib. Görüşdə çıxış edən Paralimpiya Federasiyasının Sədri Nicat Babayev muxtar respublikada idmanın inkşafı üçün yaradılan şəraitdən və əldə edilən uğurlardan danışıb. N.Babayev bildirib ki, muxtar respublikada paralimpiya idman növlərinə maraq günü-gündən artmaqdadır. Bununla əlaqədar Federasiyanın yeni bölmələri yaradılır, ixtisaslı məşqçi-müəllim heyətinin iştirakı ilə təlim-məşq toplanışları təşkil olunur, muxtar respublika paralimpiyaçılarının respublika səviyyəli yarışlarda iştirakı təmin olunur. Federasiya sədri qeyd edib ki, görülən işlərin nəticəsi olaraq, ötən ay Federasiyanın daha bir idmançısı Bakı şəhəri “Zirvə” İdman Klubunda parapauerliftinq üzrə açıq respublika birinciliyində uğurla çıxış edərək yarışda III yerin sahibi olub. N.Babayev çıxışının sonunda V Respublika Uşaq Paralimpiya İdman Oyunlarında fərqlənən paralimpiyaçıları təbrik edib, onlara gələcək yarışlarda uğurlar arzu edib. Daha sonra çıxış edən, Paralimpiya Federasiyasının sədr müavini Vüqar Məmmədov cari il ərzində görülmüş işlərdən və əldə olunan nəticələrdən bəhs edib.
Tədbirin sonunda, V Respublika Uşaq Paralimpiya İdman Oyunlarında yüksək nəticələr göstərən sağlamlıq imkanları məhdud uşaqlar hədiyyələr və fəxri fərmanlarla təltif olunublar. Sağlamlıq imkanları məhdud uşaqların valideynləri göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını ifadə ediblər.
Hazırda, Paralimpiya Federasiyasının muxtar respublikanın bütün şəhər və rayonlarında boccia bölmələri fəaliyyət göstərir. Bu idman növünün muxtar respublikada inkşafı məqsədilə Federasiya tərəfindən Azərbaycan milli komandasının məşqçilər heyəti Naxçıvana dəvət olunub, onların iştirakı ilə təlim-məşq toplantıları və seminarlar təşkil edilib. Əlavə olaraq, Federasiyanın Naxçıvan şəhərində stolüstü tennis, qolbol, üzgüçülük, ağırlıqqaldırma, Şərur və Sədərək rayonlarında isə stolüstü tennis bölmələri fəaliyyət göstərir.
Bütün bunlar bir daha onu göstərir ki, muxtar respublikamızda paralimpiya idman növləri özünün inkişaf dövrünü yaşayır və sağlamlıq imkanları məhdud gənclər arasında bu idman növlərinə maraq artmaqdadır.