NAXÇIVAN MUXTAR RESPUBLİKASI

PARALİMPİYA FEDERASİYASI

“15 iyun-Milli Qurtuluş Günü” münasibətilə 18 yaşadək sağlamlıq imkanları məhdud uşaqlar аrаsındа yüngül atletikanın qaçış növü üzrə Naxçıvan şəhər birinciliyi keçirilmişdir.

9 iyun 2020-ci il tarixdə Muxtar Respublika Stadionunda “15 iyun-Milli Qurtuluş Günü” münasibətilə 18 yaşadək sağlamlıq imkanları məhdud uşaqlar аrаsındа yüngül atletikanın qaçış növü üzrə Naxçıvan şəhər birinciliyi keçirilmişdir. Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin rəisi Xəyal Qurbanov tədbiri açıq elan edərək idmançıları “15 iyun-Milli Qurtuluş Günü” münasibətilə təbrik etmiş və onlara qalibiyyət sevinci arzulamışdır. Daha sonra Naxçıvan Muxtar Respublikası Paralimpiya Federasiyasının əməkdaşları Arzu Zeynalov və Zaur Hüseynov birinciliyin keçirilmə məqsədi haqqında danışmış və idmançılara uğurlar arzulamışlar. Naxçıvan Şəhər Gənclər və İdman İdarəsi və Naxçıvan Muxtar Respublikası Paralimpiya Federasiyasının Naxçıvan şəhər bölməsinin birgə təşkilatçılığı ilə keçirilən yarışda federasiyanın şəhər bölməsinin 10 idmançısı iştirak etmişdir. Beynəlxalq Atletika Federasiyasının qaydalarına uyğun keçirilən yarışda 100 metr məsafədə Kənan Fətullayev I yerə, İlqar Əbilov II yerə, Caner Rəhimov isə III yerə layiq görülmüşlər. Sonda yer tutan və fərqlənən idmançılara Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin diplom və fəxri fərmanları təqdim olunmuşdur

.                          

Naxçıvanda idman festivalı keçirilib

Naxçıvan şəhərindəki “Saat meydanı” turistik istirahət mərkəzində 5 Mart-Bədən Tərbiyəsi və İdman Gününə həsr olunmuş "İdman festivalı" keçirilib.
Festival iştirakçıları ulu öndərimiz Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında əzəmətlə ucalan abidəsi önünə gül qoyub, Heydər Əliyev Muzeyi ilə tanış olub, xatirə şəkli çəkdiriblər.
Festival başlamazdan əvvəl “Saat meydanı” turistik istirahət mərkəzində Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən idman federasiyalarının veteran məşqçi-müəllimləri təşkilatçılar tərəfindən qiymətli hədiyyələrlə təltif olunublar. Hədiyyələri Azərbaycan Respublikasının Gənclər və İdman naziri Azad Rəhimov, Gənclər və İdman nazirinin müavini İsmayıl İsmayılov, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, komitənin baş katibinin müavini, Azərbaycan Ağır Atletika Federasiyasının vitse-prezidenti Azər Əliyev, Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının sədri Seymur Talıbov, Gənclər və İdman naziri Azad Cabbarov, Güləş Federasiyasının sədri Azər Zeynalov və Karate-do Federasiyasının sədri Fazil Ələkbərov təqdim ediblər.
Festivalda muxtar respublikada fəaliyyət göstərən idman federasiyalarının üzv və idmançıları, idman mütəxəssisləri iştirak ediblər. Həmçinin tədbirdə federasiyaların, Təhsil Nazirliyinin nəzdində fəaliyyət göstərən Uşaq-Gənclər İdman Məktəblərinin, Naxçıvan Dövlət Universitetinin idman klubu və idman fakültəsinin, Şərur rayon Ağır Atletika Bölməsi və “Xatun” Bədii Gimnastika İdman Klubunun nailiyyətləri nümayiş etdirilib. Eyni zamanda, federasiyaların idmançılarının hazırladıqları nümunəvi çıxışlar və stendlər də qonaqlar tərəfindən maraqla izlənilib. Qonaqlar həmçinin Naxçıvanın istedadlı idmançıları ilə söhbət edib, onların fikirlərini dinləyiblər.
Sonra festivalın rəsmi hissəsi başlayıb. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman naziri Azad Cabbarov çıxış edərək bildirib ki, Naxçıvan Muxtar Respublikasında idmanın inkişafı sahəsində mühüm işlər görülür, gənclərin fiziki və mənəvi hazırlığı, onların asudə vaxtlarının səmərəli təşkili diqqət mərkəzində saxlanılır. Muxtar respublikada yaradılan şərait gənclərin idmana olan marağını artırıb, istedadlı idmançıların yetişməsi təmin olunub. Muxtar respublikada 2 Olimpiya İdman Kompleksi, 2 Üzgüçülük Mərkəzi, Şahmat Mərkəzi, Atıcılıq Mərkəzi, rayon mərkəzlərində şahmat məktəbləri, uşaq-gənclər idman məktəbləri, stadion və süni örtüklü mini futbol meydançaları, tam orta məktəblərdə müasir idman zalları, olimpiya ağırlıqqaldırma qurğuları və sadə tipli idman avadanlıqları mövcuddur. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müvafiq Sərəncamı ilə “2020-2025-ci illər üçün Naxçıvan Muxtar Respublikasında idmanın inkişafına dair Dövlət Proqramı”nın təsdiq edilməsi də bu sahədə görülən işlərin əhatə dairəsini xeyli genişləndirib. Dövlət Proqramına uyğun olaraq Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman Nazirliyi və muxtar respublikada fəaliyyət göstərən idman federasiyalarının birgə təşkilatçılığı ilə “5 Mart-Bədən Tərbiyəsi və İdman Günü”nə həsr edilmiş idman festivalı təşkil olunub.
5 Mart-Bədən Tərbiyəsi və İdman Günü münasibətilə bütün idman ictimaiyyətini təbrik edən Azərbaycan Respublikasının Gənclər və İdman naziri Azad Rəhimov çıxışında vurğulayıb ki, bu il festivalın məhz Naxçıvanda keçirilməsi təsadüfi deyil. Azərbaycan idmanının böyük himayədarı ümummilli liderimiz Heydər Əliyev 90-cı illərdə ölkəmizin çətin günlərində xalqın tələbi ilə Naxçıvandan Bakıya gələrək respublikamızda siyasi sabitliyi təmin edib. İdmana xüsusi qayğını 1995-ci ildə idmançı və məşqçilərlə görüşdə öz üzərinə götürən ulu öndərimiz gözəl ənənənin əsasını qoyub. Bu gün ölkə Prezidenti cənab İlham Əliyev də məhz həmin ənənəni uğurla davam etdirir.
Azad Rəhimov qeyd edib ki, Azərbaycan idmanının ilbəil inkişafı hər birimizi sevindirir. Ulu öndərimizin idman ictimaiyyəti nümayəndələri ilə ilk görüşündən keçən 25 il ərzində Azərbaycan idmançıları Avropa və dünya çempionatlarında, kubok yarışlarında, nüfuzlu beynəlxlaq yarışlarda 11 min 346 medal qazanıblar. Bunlardan 4081 qızıl, 3254 gümüş və 4008 bürünc olub. Bu müddət ərzində Azərbaycan 6 Yay Olimpiya oyunlarında təmsil olunub. Bu oyunlarda 7 idmançımız olimpiya çempionu adını qazanıb. 34 idmançımız isə olimpiya oyunlarının gümüş və bürünc medallarına layiq görülüblər.
Sonra Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən Hikmət Hüseynov, Nazim Əliyev, Hüseyn Əliyev “Azərbaycan Respublikasının Fəxri bədən tərbiyəsi və idman işçisi”, Azər Qənbərov “Azərbaycan Respublikasının əməkdar məşqçisi”, Əmrah Nağıyev, Humay Cəfərova “Azərbaycan Respublikasının İdman ustası” fəxri adları, Rasim İsgəndərov, Elvin Əliquliyev və Nizami Bağırov isə “Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin fəxri diplomu” ilə təltif olunublar.
Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə tədbirdə çıxış edərək Azərbaycanda idmanın inkişafının getdikcə geniş vüsət aldığını, yeni-yeni uğurların əldə olunduğunu bildirib. Vitse-prezident qeyd edib ki, müstəqilliyin bərpasından sonra Azərbaycan idmançıları müxtəlif səviyyəli beynəlxalq yarışlarda minlərlə medal qazanıblar. Son illər Azərbaycan mötəbər idman tədbirlərinə uğurla ev sahibliyi edir. Bu, Azərbaycanda uğurla reallaşdırılan dövlət idman siyasətinin sayəsində mümkün olub. Beynəlxalq tədbirlərin Azərbaycanda yüksək səviyyədə keçirilməsi üçün ölkəmizdə hər cür şərait var. Bütün bu uğurlar və Azərbaycanda keçirilən tədbirlər ölkəmizdə idmanın kütləviliyinin artmasına, gəncliyin sağlam ruhda yetişməsinə kömək edir.
Tədbirin bədii hissəsində "Naxçıvan idmanının tarixi” mövzüsunda film nümayiş etdirilib. Naxçıvan Dövlət Filarmoniyasının, Bakı şəhərindən dəvət olunan müğənnilərin və Azərbaycan Respublikasının Xalq artisti Aygün Kazımovanın ifasında rəngarəng musiqilər tamaşaçılarda xoş ovqat yaradıb.
                   

“Peloton” İntellektual Oyunu keçirilmişdir.

3 mart 2020-ci il tarixdə Naxçıvan Tibb Kollecində “5 mart-Bədən Tərbiyəsi və İdman Günü” ilə əlaqədar muxtar respublikada fəaliyyət göstərən idman federasiyalarının idmançıları arasında “Peloton” İntellektual Oyunu keçirilmişdir. Əvvəlcə Gənclər və İdman Nazirliyinin əməkdaşı Valeh Mahmudov çıxış edərək oyunun keçirilməsində məqsədin idmançıların intellektual səviyyəsinin, dünyagörüşünün, zehni inkişafının stimullaşdırılması, onlar arasında bilik və elmin təbliği, eləcə də asudə vaxtlarının səmərəli təşkili istiqamətində yeni üsullar tətbiq etməkdən ibarət olduğunu bildirmiş, idmançıları “5 mart-Bədən Tərbiyəsi və İdman Günü” münasibətilə təbrik etmiş, komandalara uğurlar arzulamışdır. Oyunda muxtar respublikada fəaliyyət göstərən hər idman federasiyasından 5 oyunçudan ibarət 1 komanda olmaqla 12 komanda iştirak etmişdir. 11 turdan ibarət olan oyunun hər turunda idmanın tarixinə, məşhur idmançılara və Azərbaycan idmanına aid suallar səsləndirilmişdir. Sonda turların nəticələrinə əsasən Karate-do Federasiyasının “Karate-do” komandası oyunun qalibi adını qazanmışdır. Atıcılıq Federasiyasının “Uğur” komandası və Paralimpiya Federasiyasının “Vətən” komandası müvafiq olaraq II və III yerləri qazanmışlar. Qalib komandalara Gənclər və İdman Nazirliyi tərəfindən kubok, diplom və fəxri fərmanlar təqdim olunmuşdur. 60 nəfər idmançının iştirak etdiyi oyun Gənclər və İdman Nazirliyinin, Yeni Azərbaycan Partiyası Heydər Əliyev adına Gənclər Birliyinin və “Gənclərin İntellektual İnkişaf Mərkəzi” İctimai Birliyinin birgə təşkilatçılığı ilə keçirilmişdir.

            

Sağlamlıq imkanları məhdud olan şəxslər arasında qolbol idman növü üzrə yoldaşlıq görüşü keçirilmişdir

28 fevral 2020-ci il tarixdə İlham Əliyev adına Olimpiya İdman Kompleksində sağlamlıq imkanları məhdud olan şəxslər arasında qolbol idman növü üzrə yoldaşlıq görüşü keçirilmişdir. Görüşün açılış mərasimində çıxış edənlər görüşün keçirilmə məqsədi haqqında danışmış və komandalara uğurlar arzulamışlar. Naxçıvan MR Paralimpiya Federasiyası və Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin birgə təşkil etdiyi görüşdə “Əlincə” və “Nuhçıxan” komandaları qarşılaşmışlar. Görüş Beynəlxalq Paralimpiya Federasiyasının qaydalarına uyğun keçirilmişdir. Qolbol idman növü görmə məhdudiyyətli insanlar üçün nəzərdə tutulmuşdur. Oyunun strukturu üç nəfərdən ibarət, iki rəqib komandadan və onların hər ikisinin arxasında olan qapıdan ibarət olmuşdur. Görüşdə müxtəlif tip görmə məhdudiyyətli olan şəxslər iştirak etmişdir. Oyunun ədalətli keçməsi üçün hər idmançı gözlərinə tamamilə qara gözlük taxmışdır. Oyunda məqsəd içində zınqırov yerləşdirilmiş topu rəqib komandanın qapısından keçirtməkdən ibarət olmuşdur. Maraqlı keçən görüşün yekununa əsasən “Əlincə” komandası 4:1 hesabı ilə “Nuhçıxan” komandasına qalib gəlmişdir. Sonda hər iki komandaya və komanda üzvlərinə təşkilatçıların diplom və fəxri fərmanları təqdim olunmuşdur.

         

Fiziki imkanları məhdud uşaqlar üçün “Yeti əfsanəsi” animasiya filmi nümayiş olunmuşdur.

22 fevral 2020-ci il tarixdə Naxçıvan şəhərindəki “Gənclik Mərkəzi”ndə fiziki imkanları məhdud uşaqlar üçün “Yeti əfsanəsi” animasiya filmi nümayiş olunmuşdur. 70-dan çox fiziki imkanları məhdud uşağın iştirak etdiyi animasiya filminin nümayişi Gənclər və İdman Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Heydər Əliyev adına Gənclər Birliyinin birgə təşkilatçılığı ilə həyata keçirilmişdir.