23 oktyabr 2019-cu il tarixdə Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi və Naxçıvan Muxtar Respublikası Paralimpiya Federasiyasının birgə təşkilatçılığı ilə İlham Əliyev adına Olimpiya İdman Kompleksində fiziki imkanları məhdud uşaqlar arasında boccia idman növü üzrə muxtar respublika birinciliyi keçirilmişdir. Birinciliyin keçirilməsində məqsəd sağlamlıq imkanları məhdud uaqlar arasında bədən tərbiyəsi və idmanın kütləviliyinə nail olmaq, onların sağlam cəmiyyətə inteqrasiyası olmuşdur. Birinciliyin açılışında Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin Kütləvi bədən tərbiyəsi və idman şöbəsinin müdiri Taleh İbrahimov və Naxçıvan Muxtar Respublikası Paralimpiya Federasiyasının sədr müavini Vüqar Məmmədov çıxış edərək yarışın mahiyyətindən danışmış və yarış iştirakçılarına uğurlar arzulamışlar. Yarışda 20 fiziki imkanları məhdud şəxs iştirak etmişdir. Yekun nəticələrə əsasən Mürsəlli Cəlal I, Ağazadə Azadə II, Tağıyev Eldar III yerlərin sahibi olmuşlar. Qaliblər təşkilatçıların diplomları ilə, digər iştiakçılar isə fəxri fərmanlarla təltif olunmuşlar.
29 avqust 2019-cu il tarixdə Naxçıvan şəhərində yerləşən Uşaq Bərpa Mərkəzində Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi və Naxçıvan Muxtar Respublikası Paralimpiya Federasiyasının birgə təşkilatçılığı ilə 18 yaşadək fiziki imkanları məhdud uşaqlar arasında stolüstü tennis idman növü üzrə yoldaşlıq görüşü keçirilmişdir. Naxçıvan şəhər və Sədərək rayon paralimpiyaçılarının qarşılaşdığı yarışda 14 fiziki imkanları məhdud uşaq iştirak etmişdir. Sonda bütün iştirakçılara Federasiyanın fəxri fərmanları və qiymətli hədiyyələri təqdim olunmuşdur.
1 avqust 2019-cu il tarixdə Culfa şəhər mərkəzi futbol meydançasının qaçış zolağında Culfa Rayon Gənclər və İdman İdarəsinin, Naxçıvan MR Paralimpiya Federasiyası Culfa Rayon Bölməsinin və Yeni Azərbaycan Partiyası Culfa Rayon Təşkilatı Gənclər Birliyinin birgə təşkilatçılığı ilə Naxçıvan Muxtar Respublikasının 95 illik yubileyinə həsr edilmiş yeniyetmə paralimpiyaçılar arasında yüngül atletikanın kros qaçışı üzrə rayon turniri keçirilmişdir. Bu turnirdə 12 idmançı iştirak etmişdir. Yarış əsasnaməyə uyğun olaraq 100 metr məsafə üzrə təyin edilmişdir. İlk öncə Culfa Rayon Gənclər və İdman İdarəsinin rəisi İsmayıl İmanov və Naxçıvan MR Paralimpiya Federasiyası Culfa Rayon Bölməsinin sədri Mustafa Cəlilov çıxış edərək keçirilən tədbirin mahiyyətindən ətraflı məlumat verərək idmançılara uğurlar arzu etmişdir. Yekun nəticəyə əsasən İsmayılov Sərxan Vəli oğlu I yerə, Mürsəlli Cəlal Elmar oğlu II yerə və Nağıyev Turan Orxan oğlu III yerə layiq görülmüşlər. Qalib və fərqlənən idmançılar Culfa Rayon Gənclər və İdman İdarəsinin diplomları ilə təltif edilmişlər.
15 avqust 2019-cu il tarixdə Şahbuz şəhər 1 nömrəli tam orta məktəbin idman zalında Şahbuz rayon Gənclər və İdman idarəsinin, Naxçıvan Muxtar Respublikası Paralimpiya Federasiyası Şahbuz rayon bölməsinin və Yeni Azərbaycan Partiyası Şahbuz rayon təşkilatının Gənclər birliyinin birgə təşkilatçılığı ilə 18 yaşadək fiziki imkanları məhdud uşaqlar arasında boccia idman növü üzrə yarış keçirilmişdir. Yarışda 14 nəfər fiziki imkanları məhdud uşaq iştirak etmişdir. Yarışın yekununa görə Şıxı Şıxıyev I yerə, Amin Cəfərzadə II yerə, Arzu Orucov III yerə layiq görülmüşdür. Tədbirin sonunda yarışın qaliblərinə və bütün iştirakçılara təşkilatçıların diplomları təqdim olunmuşdur.
21 iyun 2019-cu il tarixdə sağlamlıq imkanları məhdud uşaqlar arasında “26 iyun-Silahlı Qüvvələr Günü”nə həsr olunmuş “Zərərli vərdişlərə yox deyək, həmişə sağlam olaq” devizi altında yüngül atletika üzrə Babək rayon birinciliyi keçirilmişdir. Yarışdan öncə Babək Rayon Gənclər və İdman İdarəsinin rəisi Elvin Əliyev və Naxçıvan Muxtar Respublikası Paralimpiya Federasiyasının Babək Rayon Bölməsinin sədri Rəşad Bayraməliyev çıxış ediblər. Bildirilib ki, muxtar respublikada sağlamlıq imkanları məhdud uşaqların cəmiyyətə inteqrasiyası istiqamətində ardıcıl tədbirlər görülür. Onların idman qruplarına cəlbi və sosial həyatda iştirakının təmin olunması məqsədi ilə ötən illər ərzində muxtar respublikanın rayonlarında müxtəlif idman bölmələri yaradılıb. Diqqətə çatdırılıb ki, sağlamlıq imkanları məhdud uşaqlar arasında müxtəlif yarış və müsabiqələrin keçirilməsi onların asudə vaxtlarının səmərəli təşkili ilə yanaşı, istedadlarının üzə çıxarılması, əqli və fiziki inkişafı baxımından da mühüm əhəmiyyət kəsb edir. Daha sonra yarışa start verilib. Şəxsi birincilik əsasında keçirilən yarışda 11 uşaq iştirak etmişdir. Atletlər 100 metr məsafədə güclərini sınamışlar. Babək Rayon Gənclər və İdman İdarəsinin və Naxçıvan Muxtar Respublikası Paralimpiya Federasiyasının Babək Rayon Bölməsinin təşkilatçılığı ilə keçirilən birincilikdə Elton Əliyev I, Amin Cəfərov II, Kamal Sadiqov isə III yerin sahibi olmuşlar. Qaliblərə təşkilatçılar tərəfindən diplom və hədiyyələr təqdim edilmişdir.