1 avqust 2019-cu il tarixdə Culfa şəhər mərkəzi futbol meydançasının qaçış zolağında Culfa Rayon Gənclər və İdman İdarəsinin, Naxçıvan MR Paralimpiya Federasiyası Culfa Rayon Bölməsinin və Yeni Azərbaycan Partiyası Culfa Rayon Təşkilatı Gənclər Birliyinin birgə təşkilatçılığı ilə Naxçıvan Muxtar Respublikasının 95 illik yubileyinə həsr edilmiş yeniyetmə paralimpiyaçılar arasında yüngül atletikanın kros qaçışı üzrə rayon turniri keçirilmişdir. Bu turnirdə 12 idmançı iştirak etmişdir. Yarış əsasnaməyə uyğun olaraq 100 metr məsafə üzrə təyin edilmişdir. İlk öncə Culfa Rayon Gənclər və İdman İdarəsinin rəisi İsmayıl İmanov və Naxçıvan MR Paralimpiya Federasiyası Culfa Rayon Bölməsinin sədri Mustafa Cəlilov çıxış edərək keçirilən tədbirin mahiyyətindən ətraflı məlumat verərək idmançılara uğurlar arzu etmişdir. Yekun nəticəyə əsasən İsmayılov Sərxan Vəli oğlu I yerə, Mürsəlli Cəlal Elmar oğlu II yerə və Nağıyev Turan Orxan oğlu III yerə layiq görülmüşlər. Qalib və fərqlənən idmançılar Culfa Rayon Gənclər və İdman İdarəsinin diplomları ilə təltif edilmişlər.