21 iyun 2019-cu il tarixdə sağlamlıq imkanları məhdud uşaqlar arasında “26 iyun-Silahlı Qüvvələr Günü”nə həsr olunmuş “Zərərli vərdişlərə yox deyək, həmişə sağlam olaq” devizi altında yüngül atletika üzrə Babək rayon birinciliyi keçirilmişdir. Yarışdan öncə Babək Rayon Gənclər və İdman İdarəsinin rəisi Elvin Əliyev və Naxçıvan Muxtar Respublikası Paralimpiya Federasiyasının Babək Rayon Bölməsinin sədri Rəşad Bayraməliyev çıxış ediblər. Bildirilib ki, muxtar respublikada sağlamlıq imkanları məhdud uşaqların cəmiyyətə inteqrasiyası istiqamətində ardıcıl tədbirlər görülür. Onların idman qruplarına cəlbi və sosial həyatda iştirakının təmin olunması məqsədi ilə ötən illər ərzində muxtar respublikanın rayonlarında müxtəlif idman bölmələri yaradılıb. Diqqətə çatdırılıb ki, sağlamlıq imkanları məhdud uşaqlar arasında müxtəlif yarış və müsabiqələrin keçirilməsi onların asudə vaxtlarının səmərəli təşkili ilə yanaşı, istedadlarının üzə çıxarılması, əqli və fiziki inkişafı baxımından da mühüm əhəmiyyət kəsb edir. Daha sonra yarışa start verilib. Şəxsi birincilik əsasında keçirilən yarışda 11 uşaq iştirak etmişdir. Atletlər 100 metr məsafədə güclərini sınamışlar. Babək Rayon Gənclər və İdman İdarəsinin və Naxçıvan Muxtar Respublikası Paralimpiya Federasiyasının Babək Rayon Bölməsinin təşkilatçılığı ilə keçirilən birincilikdə Elton Əliyev I, Amin Cəfərov II, Kamal Sadiqov isə III yerin sahibi olmuşlar. Qaliblərə təşkilatçılar tərəfindən diplom və hədiyyələr təqdim edilmişdir.