NAXÇIVAN MUXTAR RESPUBLİKASI

PARALİMPİYA FEDERASİYASI

Naxçıvan Muxtar Respublikası Paralimpiya Federasiyasının ötən ilin yekunları və qarşıda duran vəzifələrlə bağlı iclası keçirilib

Yanvarın 23-də Naxçıvan Muxtar Respublikası Paralimpiya Federasiyasının ötən ilin yekunları və qarşıda duran vəzifələrlə bağlı iclası keçirilib.İclası giriş sözü ilə açan federasiyanın sədri Nicat Babayev bildirib ki, fiziki imkanları məhdud şəxslərin sağlamlıqlarının möhkəmləndirilməsi, onların cəmiyyətə inteqrasiyası baxımından idman mühüm əhəmiyyət daşıyır. Bu məqsədlə, Naxçıvan Muxtar Respublikası Paralimpiya Federasiyası, Gənclər və İdman Nazirliyi ilə birgə bütün kateqoriyadan olan məhdud fiziki imkanlı şəxslərin idman həyatına inteqrasiyası, istedadlı idmançıların aşkara çıxarılması üçün davamlı tədbirlər həyata keçirir. Onların iştirakı ilə idmanın müxtəlif növləri üzrə yarışlar təşkil edilir. Hazırda federasiyanın Naxçıvan şəhərində və muxtar respublikanın bütün rayonlarında Boccia bölmələri, Naxçıvan şəhəri, Şərur və Sədərək rayonlarında Stolüstü tennis bölmələri, Naxçıvan şəhərində Qolbol, Üzgüçülük və Ağırlıqqaldırma bölmələri fəaliyyət göstərir.

Nicat Babayev diqqətə çatdırıb ki, məhdud fiziki imkanlı şəxslərin muxtar respublikanın idman həyatında daha fəal iştirakına və sosial reabilitasiyasına nail olmaq məqsədilə,ötən il ərzində paralimpiyaçılar arasında idmanın müxtəlif növləri üzrə 8 muxtar respublika birinciliyi, 18 rayon (şəhər) birinciliyi, 2 yoldaşlıq görüşü keçirilib. Keçirilən tədbirlərə 292 nəfər cəlb edilib ki, onların 267 nəfərini oğlanlar, 25 nəfərini qızlar təşkil edir. Bu kimi yarışların təşkil olunması istedadlı idmançıların aşkara çıxarılması, onların cəmiyyətə inteqrasiyasına əlverişli şərait yaradır. Bununla yanaşı, muxtar respublika paralimpiyaçılarının mütəmadi olaraq respublika səviyyəli yarışlarda iştirakı təmin edilir. Ötən il noyabr ayında Bakı şəhərində Abşeron Olimpiya İdman Kompleksində keçirilən V Respublika Uşaq Paralimpiya İdman Oyunlarında iştirak edən Paralimpiya Federasiyasının 3 təmsilçisinin 4 medal qazanması həmçinin, Bakı şəhəri “Zirvə” İdman Klubunda parapauerliftinq üzrə açıq respublika birinciliyində iştirak edən Naxçıvan Muxtar Respublikası Paralimpiya Federasiyasının idmançısının öz çəki dərəcəsində uğurla çıxış edərək yarışda III yerin sahibi olması mühüm əhəmiyyətə malikdir.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman naziri Azad Cabbarov çıxışında vurğulayıb ki, muxtar respublikada uğurla fəaliyyət göstərən idman federasiyalarından biri də 2006-ci ildə yaradılan Naxçıvan Muxtar Respublikası Paralimpiya Federasiyasıdır. Paralimpiya Federasiyası da 2019-cu ildə öz işini verilmiş tapşırıqlara əsasən qurub. Muxtar respublikamızda 207 sağlamlıq imkanı məhdud şəxs Paralimpiya Federasiyasının bölmə və qruplarında idmanla məşğul olur. Gənclər və İdman Nazirliyi Paralimpiya Federasiyası ilə birgə idmanın bu növünü inkişaf etdirmək və kütləviliyinin təmin edilməsi məqsədi ilə çoxsaylı tədbirlər həyata keçirib. Belə ki, “5 mart - Bədən Tərbiyəsi və İdman Günü”nə həsr olunmuş qol güləşi, 18 yaşadək sağlamlıq imkanları məhdud uşaqlar arasında şahmat, yüngül atletikanın 100 metr məsafəyə qaçış növü, dama, “Heydər Əliyev Kuboku” uğrunda sağlamlıq imkanları məhdud şəxslər arasında futzal, “26 iyun Silahlı Qüvvələr Günü”nə həsr olunmuş pouerliftinq, üzgüçülük, boccia, fiziki imkanları məhdud Azərbaycan Vətən Müharibəsi iştirakçıları arasında peyntbol, “3 dekabr -Beynəlxalq Əlillər Günü” münasibətilə şahmat üzrə muxtar respublika birincilikləri, şəhər və rayonlarda idmanın bir neçə növü üzrə birinciliklər və yoldaşlıq görüşləri keçirilmişdir.
Nazir diqqətə çatdırıb ki, Bakı şəhəri Zirvə İdman Klubunda keçirilən Para-poverliftinq üzrə açıq respublika birinciliyində və Xırdalan şəhərində keçirilən V Respublika Uşaq Paralimpiya İdman Oyunlarında idmançıların iştirakı təmin edilib. Sonda nazir bildirib ki, nazirlik və federasiyanın birgə və məqsədyönlü fəaliyyətinin nəticəsi olaraq dövlət idman siyasəti çərçivəsində qarşıya qoyulan tələb və tapşırıqlar yerinə yetiriləcək və daha böyük uğurlara imza atılacaqdır. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə idmana göstərdiyi diqqət və qayğıya görə paralimpiyaçılar adından öz minnətdarlığımızı bildirir və əmin etmək istəyirik ki, qarşıdakı dövr ərzində də fəaliyyətimizi verilən tapşırıqlara uyğun olaraq günün tələbləri səviyyəsində quracağıq.
Naxçıvan boccia idman növü bölməsinin məşqçisi Zaur Hüseynov isə çıxışında ötən il görülən işlər barədə məlumat verib.
Sonda ötən il uğur qazanan idmançılar mükafatlandırılıblar.