NAXÇIVAN MUXTAR RESPUBLİKASI

PARALİMPİYA FEDERASİYASI

Muxtar respublika paralimpiyaçıları yüksək nəticələr əldə ediblər

Muxtar respublikada idmanın inkişafı üçün yaradılan şərait məhdud fiziki imkanlı şəxslərin sosial reabilitasiya imkanlarını daha da artırıb. Bu məqsədlə, onların idman həyatına inteqrasiyası Paralimpiya Federasiyası tərəfindən daim diqqət mərkəzində saxlanılır. Federasiya mütəmadi olaraq sözügedən kateqoriyadan olan şəxslər arasında müxtəlif idman yarışları, yoldaşlıq görüşləri təşkil edir, onların bu sahədə bilik və bacarıqlarının artırılması istiqamətində zəruri tədbirlər həyata keçirir.

Sevindirici haldır ki, görülən bu işlər nəticəsində, muxtar respublika paralimpiyaçıları respublika və beynəlxalq səviyyəli yarışlarda uğurla iştirak edir, yüksək nəticələr göstərirlər.
Bu uğurların davamı olaraq, Noyabrın 14-də Bakı şəhərində Abşeron Olimpiya İdman Kompleksində keçirilən V Respublika Uşaq Paralimpiya İdman Oyunlarında iştirak edən Paralimpiya Federasiyasının təmsilçiləri də muxtar respublikamıza medallarla qayıdıblar. İdmançılarımızdan Zahir İbrahimov Uşaq Paralimpiya İdman Oyunlarının boccia növünün iki müxtəlif kateqoriyası üzrə yarışın qalibi adını qazanıb. V Respublika Uşaq Paralimpiya İdman Oyunlarında iştirak edən federasiyanın digər təmsilçiləri stolüstü tennis üzrə Nihal İmanov, üzgüçülük müsabiqəsində isə Hüseyn Abdullayev yüksək nəticələr göstərərək yarışın bürünc medallarına layiq görülüblər.
Bu münasibətlə, Noyabrın 26-da Naxçıvan Muxtar Respublikası Paralimpiya Federasiyasının təşkilatçılığı ilə V Respublika Uşaq Paralimpiya İdman Oyunlarında uğurlu nəticələr əldə edən sağlamlq imkanları məhdud uşaqlarla görüş keçirilib. Görüşdə çıxış edən Paralimpiya Federasiyasının Sədri Nicat Babayev muxtar respublikada idmanın inkşafı üçün yaradılan şəraitdən və əldə edilən uğurlardan danışıb. N.Babayev bildirib ki, muxtar respublikada paralimpiya idman növlərinə maraq günü-gündən artmaqdadır. Bununla əlaqədar Federasiyanın yeni bölmələri yaradılır, ixtisaslı məşqçi-müəllim heyətinin iştirakı ilə təlim-məşq toplanışları təşkil olunur, muxtar respublika paralimpiyaçılarının respublika səviyyəli yarışlarda iştirakı təmin olunur. Federasiya sədri qeyd edib ki, görülən işlərin nəticəsi olaraq, ötən ay Federasiyanın daha bir idmançısı Bakı şəhəri “Zirvə” İdman Klubunda parapauerliftinq üzrə açıq respublika birinciliyində uğurla çıxış edərək yarışda III yerin sahibi olub. N.Babayev çıxışının sonunda V Respublika Uşaq Paralimpiya İdman Oyunlarında fərqlənən paralimpiyaçıları təbrik edib, onlara gələcək yarışlarda uğurlar arzu edib. Daha sonra çıxış edən, Paralimpiya Federasiyasının sədr müavini Vüqar Məmmədov cari il ərzində görülmüş işlərdən və əldə olunan nəticələrdən bəhs edib.
Tədbirin sonunda, V Respublika Uşaq Paralimpiya İdman Oyunlarında yüksək nəticələr göstərən sağlamlıq imkanları məhdud uşaqlar hədiyyələr və fəxri fərmanlarla təltif olunublar. Sağlamlıq imkanları məhdud uşaqların valideynləri göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını ifadə ediblər.
Hazırda, Paralimpiya Federasiyasının muxtar respublikanın bütün şəhər və rayonlarında boccia bölmələri fəaliyyət göstərir. Bu idman növünün muxtar respublikada inkşafı məqsədilə Federasiya tərəfindən Azərbaycan milli komandasının məşqçilər heyəti Naxçıvana dəvət olunub, onların iştirakı ilə təlim-məşq toplantıları və seminarlar təşkil edilib. Əlavə olaraq, Federasiyanın Naxçıvan şəhərində stolüstü tennis, qolbol, üzgüçülük, ağırlıqqaldırma, Şərur və Sədərək rayonlarında isə stolüstü tennis bölmələri fəaliyyət göstərir.
Bütün bunlar bir daha onu göstərir ki, muxtar respublikamızda paralimpiya idman növləri özünün inkişaf dövrünü yaşayır və sağlamlıq imkanları məhdud gənclər arasında bu idman növlərinə maraq artmaqdadır.