Ümumilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunan Boccia üzrə muxtar respublika birinciliyi keçirilib.
Sağlamlıq imkanları məhdud 18 yaşadək uşaqlar və böyüklər arasında keçirilən yarış ulu öndərin əziz xatirəsinin yad edilməsi, sağlamlıq imkanları məhdud uşaq və gənclərin reabilitasiyası, asudə vaxtlarının idmanla dəyərləndirilməsi və boccia idman növünün inkişaf etdirilməsi məqsədi daşıyıb.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi ilə Paralimpiya Federasiyasının birgə təşkil etdiyi birincilikdə 26 paralimpiyaçı iştirak edib.
Qaydalara əsasən, hər oyunda ən çox xal toplayan iştirakçı növbəti mərhələyə yüksəlib. Uşaqlar arasında Zəhra Məmmədova bütün rəqiblərini məğlub edərək muxtar respublika birincisi olub. Cəlal Mürsəlli ikinci, Mikayıl İsmayıllı isə üçüncü olub. Böyüklər arasında ən yaxşı nəticə Niyaz Hüseynova məxsus olub. O, finalda qardaşı Qafqaz Hüseynovu üstələyərək birinci pilləyə sahib olub. Qaliblərin sıralamasında ilk üçlüyü tamamlayan bocciaçı Zakir Həsənov olub.
Mükafatlandırma mərasimində Nazirliyin əməkdaşı Samir Oruclu və Federasiyanın sədr müavini Vüqar Məmmədov birinciliyin məqsədi və önəmindən bəhs edib, iştirakçılara uğurlar arzulayıblar.
İlk üçlükdə qərarlaşan paralimpiyaçılara diplom və hədiyyələr, digər iştirakçılara isə həvəsləndirmə məqsədilə fəxri fərmanlar təqdim edilib.