NAXÇIVAN MUXTAR RESPUBLİKASI

PARALİMPİYA FEDERASİYASI

Müharibə iştirakçıları arasında peyntbol üzrə muxtar respublika birinciliyi təşkil olunub

Muxtar respublikanın şəhər və rayonlarından 8 komanda qələbə uğrunda mübarizə aparıb. Olimpiya sisteminə əsasən qalibin müəyyən olunduğu birincilikdə Naxçıvan komandası birinci olub. Culfa və Kəngərli komandaları müvafiq ardıcıllıqla ikinci və üçüncü sıralarda qərarlaşıblar.
Mükafatlandırma mərasimində Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman naziri Ramil Hacı, Atıcılıq Federasiyasının sədri Səhət Həbibbəyli və Paralimpiya Federasiyasının sədri Nicat Babayev çıxış edərək iştirakçıları təbrik edib, Vətənimizin bütövlüyü uğrunda göstərdikləri şücaətə görə minnətdarlıqlarını ifadə ediblər. Bildirilib ki, Ali Məclis Sədrinin rəhbərliyi ilə muxtar respublikamızda müharibə əlilləri, şəhid ailələri, o cümlədən sağlamlıq imkanları məhdud şəxslər yüksək dövlət qayğısı ilə əhatə olunur.
Çıxışlarda unikal idman məkanlarından biri kimi Atıcılıq Mərkəzinin üstünlüklərindən bəhs olunub. Qeyd olunub ki, mərkəzdə stend və sportinq atıcılığı, oxatma, tir atıcılığı və peyntbol yarışlarının keçirilməsi üçün əlverişli şərait yaradılıb. Azərbaycan Ordusunun şanlı qələbəmizlə bitən 44 günlük Vətən müharibəsində nümayiş etdirdiyi yüksək peşəkarlıq, rəşadət, döyüş ruhu əhali arasında bu tipli idman növlərinə marağı artırıb. Belə mərkəzlərin yaradılması gənc nəslin vətənpərvərlik ruhunda yetişdirilməsində önəmli rola malikdir.
Çıxışların ardınca mükafatlar təqdim edilib. İlk üçlükdə qərarlaşan komandalar diplom, xatirə barelyefi və hədiyyələrlə təltif ediliblər. Əlavə olaraq komandalara ödənişsiz peyntbol oyunu üçün kupon hədiyyə edilib.
Qeyd edək ki, birincilik Gənclər və İdman Nazirliyi, Atıcılıq və Paralimpiya federasiyalarının birgə təşkilatçılığı ilə reallaşıb.