NAXÇIVAN MUXTAR RESPUBLİKASI

PARALİMPİYA FEDERASİYASI

Şərur rayonunda bədən tərbiyəsi və idmanın sağlamlıq imkanları məhdud şəxslərin reabilitasiyasındakı roluna dair maarifləndirici tədbir keçirilib

Tədbiri giriş sözü ilə açan Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin şöbə müdiri Taleh İbrahimov, muxtar respublikada idmanın inkişafı istiqamətində görülən işlərdən, əldə olunan nəticələrdən danışıb. T.İbrahimov bu baxımdan, “2020-2025-ci illər üçün Naxçıvan Muxtar Respublikasında idmanın inkişafına dair Dövlət Proqramı”nın əhəmiyyətini xüsusi qeyd edib.
Daha sonra çıxış edən Paralimpiya Federasiyasının sədr müavini Vüqar Məmmədov bildirib ki, fiziki imkanları məhdud şəxslərin sağlamlıqlarının möhkəmləndirilməsi, onların cəmiyyətə inteqrasiyası baxımından idman mühüm əhəmiyyət daşıyır. Bu baxımdan əlilliyi olan şəxslərlə bağlı dövlət siyasətinin əsas prioritetlərindən biri kimi, onların, habelə sağlamlıq imkanları məhdud uşaqların idmana, paralimpiya idman növlərinə cəlbi diqqət mərkəzində saxlanılır. V.Məmmədov Federasiya tərəfindən bu istiqamətdə həyata keçirilən tədbirlərdən və qarşıya qoyulan vəzifələrdən bəhs edib.
Tədbirin davamında paralimiya idman növlərindən biri olan boccia üzrə məşqçi-müəllim Zaur Hüseynov və stolüstü tennis üzrə paralimpiyaçı Pünhan Səfərov, idmanın müvafiq kateqoriyalı şəxslərin həyatındakı əhəmiyyətindən danışıb, bu sahədəki təcrübələrini tədbir iştirakçıları ilə bölüşüblər. Maarifləndirici görüşdə həmçinin, sözügedən mövzuya dair slaydlar və videoçarxlar nümayiş etdirilib, müzakirələr, izahedici söhbətlər aparılıb.
Həmin gün, həmçinin Paralimpiya Federasiyanın Şərur rayonunda ağırlıqqaldırma üzrə yeni bölməsinin təqdimatı keçirilib, burada yaradılan şəraitlə bağlı tədbir iştirakçılarına məlumat verilib. Daha sonra, görüş iştirakçıları Federasiyanın Şərur rayonunda yerləşən stolüstü tennis bölməsi ilə də tanış olublar.
Qeyd edək ki, tədbirdə, 110 nəfərədək müvafiq kateqoriyadan olan şəxs və paralimpiyaçı idmançı iştirak edib. Bu kimi maarifləndirici görüşlərin muxtar respublikanın digər şəhər və rayonlarında da keçirilməsi nəzərdə tutulub.