NAXÇIVAN MUXTAR RESPUBLİKASI

PARALİMPİYA FEDERASİYASI

20.05.2022 Muxtar respublika paralimpiyaçısı Qolbol üzrə Azərbaycan milli komandasının heyətində təlim-məşq toplanışında iştirak edir.

Fiziki imkanları məhdud şəxslərin sağlamlıqlarının möhkəmləndirilməsi, onların cəmiyyətə inteqrasiyası baxımından idman mühüm əhəmiyyət daşıyır. Bu baxımdan əlilliyi olan şəxslərin, habelə sağlamlıq imkanları məhdud uşaqların paralimpiya idman növlərinə cəlbi diqqət mərkəzində saxlanılır. Bu məqsədlə, Naxçıvan Muxtar Respublikası Paralimpiya Federasiyası tərəfindən müxtəlif idman yarışları, maarifləndirici tədbirlər keçirilir, respublika və beynəlxalq miqyaslı yarışlarda muxtar respublika təmsilçilərinin iştirakına xüsusi önəm verilir. Görülən işlər son dövrlərdə öz uğurlu nəticələrini göstərməkdədir. Artıq muxtar respublika paralimpiyaçıları müxtəlif respublika səviyyəli yarışlarda yüksək nəticələr göstərməklə yanaşı, Azərbaycan milli komandalarının heyətinə də mütəmadi cəlb olunurlar.
Hazırda, Federasiyanın Qolbol idman növü üzrə paralimpiyaçısı Qəzənfər Zamanov milli komandanın heyətində İran İslam Respublikasında təlim-məşq toplanışında iştirak edir. May ayının 21-dək davam edəcək təlim məşq prosesləri zamanı idmançıların beynəlxalq yarışlara hazırlığı yoxlanılır, bu istiqamətdə idmançılara müvafiq tövsiyə və tapşırıqlar verilir.
Qeyd edək ki, ötən il də Qolbol idman növü üzrə Azərbaycan milli komandasının təlim-məşq toplanışına muxtar respublikadan paralimpiyaçı idmançılar və məşqçi-müəllim dəvət olunmuşdur.
                                

May ayının 18-də Şahbuz rayonunda bədən tərbiyəsi və idmanın sağlamlıq imkanları məhdud şəxslərin reabilitasiyasında roluna dair maarifləndirici tədbir keçirilib

Tədbiri giriş sözü ilə açan Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin əməkdaşı Samir Oruclu, muxtar respublikada sağlamlıq imkanları məhdud şəxslərin idmana cəlbi istiqamətində görülən işlərdən və yaradılan şəraitdən danışıb, bu sahədə həyata keçirilən tədbirlərin əhəmiyyətini qeyd edib.
Daha sonra çıxış edən Paralimpiya Federasiyasının sədr müavini Vüqar Məmmədov bildirib ki, fiziki imkanları məhdud şəxslərin sağlamlıqlarının möhkəmləndirilməsi, onların cəmiyyətə inteqrasiyası baxımından idman mühüm əhəmiyyət daşıyır. Əlilliyi olan şəxslərlə bağlı dövlət siyasətinin əsas prioritetlərindən biri kimi, onların, habelə sağlamlıq imkanları məhdud uşaqların idmana, paralimpiya idman növlərinə cəlbi diqqət mərkəzində saxlanılır. V.Məmmədov bu baxımdan, “2020-2025-ci illər üçün Naxçıvan Muxtar Respublikasında idmanın inkişafına dair Dövlət Proqramı”nın əhəmiyyətini xüsusi qeyd edib.
Paralimpiya idman növlərindən biri olan boccia üzrə məşqçi-müəllim Zaur Hüseynov isə çıxışında müvafiq idman növün haqqında danışıb, son dövrlərdə əldə edilən uğurlardan söz açıb.
Tədbirin davamında iştirakçıları maraqlandıran suallar cavablandırılıb, sözügedən mövzuya dair slaydlar əsasında müzakirələr və izahedici söhbətlər aparılıb.
Daha sonra, isə yeni yaradılmış stolüstü tennis bölməsi ilə tanışlıq təşkil olunub.
                                                     
                                 
                                 

Paralimpiyaçılar arasında “Heydər Əliyev kuboku” uğrunda Naxçıvan Muxtar Respublika turniri keçirilib

Mayın 13-də sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar və məhdud fiziki imkanlı şəxslər arasında Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş “Heydər Əliyev kuboku” uğrunda boccia idman növü üzrə Naxçıvan Muxtar Respublika turniri təşkil olunub. Tədbirdə iştirak edən Naxçıvan Muxtar Respublikası Gənclər və İdman naziri Ramil Hacı bildirib ki, Naxçıvan Muxtar Respublikasında idmanın inkişafı sahəsində mühüm işlər görülür, gənclərin fiziki və mənəvi hazırlığı, onların asudə vaxtlarının səmərəli təşkili diqqət mərkəzində saxlanılır. Muxtar respublikada müasir idman obyektləri, o cümlədən olimpiya idman komplekslərinin, idmanın müxtəlif növləri üzrə federasiyaların yaradılması gənclərin idmana olan marağını artırır, istedadlı idmançıların yetişməsi təmin edilir.
Naxçıvan Muxtar Respublikası Paralimpiya Federasiyasının sədri Nicat Babayev isə çıxışında qeyd edib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin yüksək diqqət və qayğısı sayəsində muxtar respublikamızda idmançılar, o cümlədən paralimpiyaçılar hərtərəfli qayğı və dəstəklə əhatə olunub. Muxtar respublikamızın idman infrastrukturu daha da təkmilləşdirilib, nəticədə minlərlə yeniyetmə və gəncin sağlam ruhda tərbiyə olunmasına əlverişli şərait yaradılıb. Görülən işlər çərçivəsində, son dövrlərdə Paralimpiya Federasiyasının da yeni bölmələri istifadəyə verilib, mövcud bölmələrin maddi-texniki təchizatı yaxşılaşdırılıb. Vurğulanib ki, ümumilikdə, 2006-cı ildən fəaliyyət göstərən Federasiyanın hazırda 16 bölməsi fəaliyyət göstərir. Bu bölmələrin imkanlarından isə təqribən 300-ə yaxın paralimpiyaçı istifadə edir.
Azərbaycan Respublikası Boccia İdman Federasiyasının katibi, Azərbaycan Milli Paralimpiya Komitəsinin boccia idman növü üzrə milli komandasının baş məşqçisi İlham Məhərrəmov öz növbəsində, muxtar respublikaya növbəti səfərindən məmnunluğunu bildirib. O qeyd edib ki, muxtar respublikada paralimpiya idman növlərinə maraq günü-gündən artmaqdadır. Son dövrlərdə, əldə edilən uğurlu nəticələr də bunun isbatıdır.
Çıxışlardan sonra, idman müsabiqəsinin ən aşağı yaş qrupu üzrə final oyunu keçirilib. Tədbirin davamında isə, sağlamlıq imkanları məhdud ifaçılardan ibarət İnam” Musiqi Qrupunun üzvləri musiqi nömrələri ilə çıxış edib, Naxçıvan Dövlət Filarmoniyasının rəqs qrupu milli rəqslərdən nümunələr ifa edib. Müasir Azərbaycan tarixinə qızıl hərflərlə həkk olunmuş Vətən müharibəsinin iştirakçılarının da dəvət olunduğu tədbirin yekununda yüksək nəticələr göstərmiş paralimpiyaçılara diplom və qiymətli hədiyyələr, digər iştirakçılara isə həvəsləndirici mükfatlar təqdim olunub. Qeyd edək ki, Azərbaycan Respublikası Boccia İdman Federasiyasının katibi, Azərbaycan Milli Paralimpiya Komitəsinin boccia idman növü üzrə milli komandasının baş məşqçisi İlham Məhərrəmov da muxtar respublikada müvafiq idman növünün inkişafına verdiyi dəstəyə görə Federasiya tərəfindən mükafatlandırılıb.
     
                                      

Azərbaycan Milli Paralimpiya Komitəsinin boccia üzrə milli komandasının baş məşqçisinin muxtar respublikaya səfəri təşkil olunub

Bu gün muxtar respublikada sağlamlıq imkanları məhdud gənclərin idmana cəlbinə xüsusi önəm verilir. Reabilitasiyanın bir növü kimi - fiziki imkanları məhdud şəxslərin sağlamlıqlarının möhkəmləndirilməsi, onların cəmiyyətə inteqrasiyası baxımından idman mühüm əhəmiyyət daşıyır. Bu məqsədlə, Naxçıvan Muxtar Respublikası Paralimpiya Federasiyası tərəfindən məhdud fiziki imkanlı şəxslərin idman həyatına inteqrasiyası, istedadlı idmançıların aşkara çıxarılması üçün davamlı tədbirlər həyata keçirilir, onların iştirakı ilə idmanın müxtəlif növləri üzrə yarışlar təşkil edilir.
Muxtar respublikada paralimpiyaçı idmançılar arasında ən geniş yayılmış idman növlərindən biri də bocciadır. Təqribən 6 ilə yaxındır ki, Naxçıvan Muxtar Respublikası Paralimpiya Federasiyasının boccia idman növü üzrə bölməsi uğurla fəaliyyət göstərir. Boccia paralimpiya idman növündə idmançılardan fiziki güclə bərabər, zehni əmək də (diqqətin bir mərkəzə cəmlənməsi) tələb olunduğundan bu idman növü həm də reabilitasiya xarakterlidir.
Ötən dövr ərzində idmanın bu növünün muxtar respublikada inkişafı məqsədilə Federasiya tərəfindən bir sıra tədbirlər həyata keçirilib, bu idman növü üzrə muxtar respublikanın bütün bölgələrində zəruri şərait yaradılıb, bölmələr müvafiq vəsaitlərlə təmin edilib.
Görülən bu işlərlə yanaşı, boccia ilə məşğul olan məşqçi-müəllim heyətinin nəzəri və praktiki biliklərinin, idmançıların bilik-bacarıqlarının inkişaf etdirilməsi də daim diqqət mərkəzində saxlanılıb, bu məqsədlə müvafiq tədbirlər həyata keçirilib.
Bu tədbirlərin davamı olaraq, bu günlərdə Azərbaycan Boccia İdman Federasiyasının katibi, Azərbaycan Milli Paralimpiya Komitəsinin boccia üzrə milli komandasının baş məşqçisi İlham Məhərrəmovun muxtar respublikaya səfəri təşkil olunub. İ.Məhərrəmovun iştirakı ilə may ayının 12-də muxtar respublikada Boccia ilə məşğul olan paralimpiyaçı idmançı və məşqçi-müəllimlərlə görüş keçirilib. Görüşdə paralimpiyaçılara müxtəlif məşq prosesləri haqqında müvafiq tövsiyyələr verilib, idmançıları maraqlandıran suallar cavablandırılıb.
Qeyd edək ki, mayın 13-də, Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar və məhdud fiziki imkanlı şəxslər arasında “Heydər Əliyev kuboku” uğrunda boccia idman növü üzrə Naxçıvan Muxtar Respublika turnirinin də keçirilməsi nəzərdə tutulub.
                                
                                          

18 yaşadək sağlamlıq imkanları məhdud uşaqlar аrаsındа atletikanın qaçış növü üzrə Naxçıvan şəhər birinciliyi keçirilmişdir.

6 may 2022-ci il tarixdə Muxtar Respublika Stadionunda 18 yaşadək sağlamlıq imkanları məhdud uşaqlar аrаsındа atletikanın qaçış növü üzrə Naxçıvan şəhər birinciliyi keçirilmişdir. Çıxış edənlər bildirmişlər ki, birinciliyin keçirilmə məqsədi uşaqları zərərli vərdişlərdən kənarlaşdırmaq və onların idmana olan marağını artırmaqdan ibarətdir. Naxçıvan Şəhər Gənclər və İdman İdarəsi və Naxçıvan Muxtar Respublikası Paralimpiya Federasiyasının Naxçıvan Şəhər Bölməsinin birgə təşkilatçılığı ilə keçirilən yarışda federasiyanın şəhər bölməsinin 12 idmançısı iştirak etmişdir. Beynəlxalq Atletika Federasiyasının qaydalarına uyğun keçirilən yarışda 100 metr məsafədə Ayrım Nağıyev I yerə, Umud Məmmədov II yerə, Hüseyn Əliyev isə III yerə layiq görülmüşdür. Sonda yer tutan və fərqlənən idmançılara Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin diplom və fəxri fərmanları təqdim olunmuşdur.