NAXÇIVAN MUXTAR RESPUBLİKASI

PARALİMPİYA FEDERASİYASI

Ordubad rayonunda bədən tərbiyəsi və idmanın inkişafına dair maarifləndirici tədbir keçirilib

Tədbiri giriş sözü ilə açan Ordubad rayon Gənclər və İdman İdarəsinin rəisi Hacı Sadiqov rayon ərazisində idmanın inkişafı istiqamətində görülən işlərdən, paralimpiya idman növlərinə yaradılan şəraitdən danışıb. Daha sonra çıxış edən Paralimpiya Federasiyasının nümayəndəsi Naib Əlizadə isə bildirib ki, fiziki imkanları məhdud şəxslərin sağlamlıqlarının möhkəmləndirilməsi, onların cəmiyyətə inteqrasiyası baxımından idman mühüm əhəmiyyət daşıyır. N.Əlizadə bu baxımdan, “2020-2025-ci illər üçün Naxçıvan Muxtar Respublikasında idmanın inkişafına dair Dövlət Proqramı”nın əhəmiyyətini xüsusi qeyd edib, Proqramın icrası çərçivəsində, Federasiya tərəfindən görülən haqqında tədbir iştirakçılarına məlumat verib.
Çıxışların ardından sözügedən mövzuya dair müzakirələr, izahedici söhbətlər aparılıb, video-çarxlar, slaydlar nümayiş etdirilib.
Tədbirin davamında, Ordubad rayonunda Paralimpiya Federasiyasının stolüstü tennis bölməsi ilə tanışlıq təşkil olunub, bölmənin imkanları haqqında ətraflı məlumat verilib. Daha sonra isə iştirakçılar, rayon ərazisində fəaliyyət göstərən ağırlıqqaldırma üzrə idman zalında olub, yaradılan şəraitlə yerində tanış olublar.
Qeyd edək ki, bu kimi maarifləndirici görüşlərin muxtar respublikanın digər şəhər və rayonlarında da davam etdirilməsi nəzərdə tutulub.
  
                               

Sağlamlıq imkanları məhdud şəxslər və 18 yaşadək sağlamlıq imkanları məhdud uşaqlar arasında armrestlinq (qol güləşi) üzrə muxtar respublika birinciliyi keçirilib.

Sağlamlıq imkanları məhdud şəxslər və 18 yaşadək sağlamlıq imkanları məhdud uşaqlar arasında armrestlinq (qol güləşi) üzrə muxtar respublika birinciliyi keçirilib.
Yarışdan öncə çıxış edən Naxçıvan Muxtar Respublikası Paralimpiya Federasiyasının sədr müavini Vüqar Məmmədov, muxtar respublikada sağlamlıq imkanları məhdud şəxslərin idmana cəlbi, asudə vaxtlarının səmərəli təşkili, o cümlədən onların reabilitasiyası istiqamətində görülən işlərdən danışaraq qeyd edib ki, sözügedən yarışın təşkilində əsas məqsəd, qədim idman növlərindən olan qol güləşi idman növünün muxtar respublikada daha da inkişaf etdirilməsi və yetişməkdə olan gənc nəslin bu idman növünə marağının artırılmasından ibarətdir.
Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Paralimpiya Federasiyasının təşkilatçılığı ilə reallaşan birinciliyə 23 paralimpiyaçı qatılıb. Nəticələrə gəlincə, sağlamlıq imkanları məhdud şəxslər arasında Bayramov Həsən Yaqub oğlu qalib olub. Hüseynov Turan Yavər oğlu ikinci, Həsənov Sərdar Yusif oğlu isə üçüncü yerə sahib çıxıb. 18 yaşadək sağlamlıq imkanları məhdud uşaqlar arasında İsmayılov Rza Muxtar oğlu I yerə, Rəsulov Məmməd Rəşad oğlu II yerə, Hüseynov Səfər Rəşad oğlu III yerə layiq görülüb.
Sonda qaliblərə və digər iştirakçılara diplom və hədiyyələr təqdim edilib.
     
                                          

Sağlamlıq imkanları məhdud şəxslər arasında stolüstü tennis üzrə muxtar respublika birinciliyi keçirilib

Naxçıvan Muxtar Respublikası Paralimpiya Federasiyasının təşkilatçılığı ilə sağlamlıq imkanları məhdud şəxslər və 18 yaşadək sağlamlıq imkanları məhdud uşaqlar arasında stolüstü tennis üzrə muxtar respublika birinciliyi keçirilib, yarışda 23 paralimpiyaçı iştirak edib.
Yekun nəticələrə əsasən, sağlamlıq imkanları məhdud şəxslər arasında Həsənov Camal Əli oğlu I yerə, Məmmədov Loğman Bahaddin oğlu II yerə, Əliyev Elşən Şəkil oğlu isə III yerə layiq görülüb. 18 yaşadək sağlamlıq imkanları məhdud uşaqlar arasında Yusifov Rəfael Gülağa oğlu I yerə, Mürsəlli Cəlal Elmar oğlu II yerə, Babayev Muhəmməd Emin oğlu isə III yerə layiq görülüb. Yarışın sonunda, qaliblər və digər iştirakçılar diplom və hədiyyələrlə mükafatlandırılıb. Qeyd edək ki, sözügedən idman növü üzrə son dövrlərdə Federasiyanın yeni bölmələri yaradılıb və stolüstü tennisə müvafiq kateqoriyadan olan gənclər arasında maraq günü-gündən artmaqdadır.
        

Müvafiq idman növləri üzrə məşqçi-müəllimlərin iştirakı ilə yığıncaq keçirilib

Muxtar respublikada məhdud fiziki imkanlı şəxslərin paralimpiya hərəkatına cəlbi, onlara sağlam həyat tərzinin aşılanması daim diqqət mərkəzində saxlanılır. Bu məqsədlə, növbəti tədbir noyabr ayının 15-də Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzində baş tutub.
Mərkəzdə, müvafiq idman növləri üzrə məşqçi-müəllimlərin iştirakı ilə yığıncaq keçirilib. Federasiyanın yerli bölmələri arasında qarşılıqlı əməkdaşlığın gücləndirilməsi, yeni istedadlı sağlamlıq imkanları məhdud şəxslərin üzə çıxarılması məqsədi ilə müzakirələr aparılıb, müvafiq tövsiyələr verilib.
       

Culfa rayonunda sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar arasında stolüstü tennis üzrə yarış keçirilib

Naxçıvan Muxtar Respublikası Paralimpiya Federasiyasının Culfa rayon bölməsinin və müvafiq yerli qurumların birgə təşkilatçılığı ilə noyabr ayının 3-də  sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar arasında stolüstü tennis üzrə yarış keçirilib. Yarışın yekun nəticələrinə əsasən, Muhəmməd Babayev I yerə, Şəfa Abdullayeva II yerə, Cəlal Mürsəlli III yerə layiq görülüb.
Qeyd edək ki, sözügedən idman növü üzrə son dövrlərdə Federasiyanın yeni bölmələri yaradılıb və stolüstü tennisə paralimpiyaçılar arasında maraq gündən - günə artmaqdadır.