Tədbiri giriş sözü ilə açan Ordubad rayon Gənclər və İdman İdarəsinin rəisi Hacı Sadiqov rayon ərazisində idmanın inkişafı istiqamətində görülən işlərdən, paralimpiya idman növlərinə yaradılan şəraitdən danışıb. Daha sonra çıxış edən Paralimpiya Federasiyasının nümayəndəsi Naib Əlizadə isə bildirib ki, fiziki imkanları məhdud şəxslərin sağlamlıqlarının möhkəmləndirilməsi, onların cəmiyyətə inteqrasiyası baxımından idman mühüm əhəmiyyət daşıyır. N.Əlizadə bu baxımdan, “2020-2025-ci illər üçün Naxçıvan Muxtar Respublikasında idmanın inkişafına dair Dövlət Proqramı”nın əhəmiyyətini xüsusi qeyd edib, Proqramın icrası çərçivəsində, Federasiya tərəfindən görülən haqqında tədbir iştirakçılarına məlumat verib.
Çıxışların ardından sözügedən mövzuya dair müzakirələr, izahedici söhbətlər aparılıb, video-çarxlar, slaydlar nümayiş etdirilib.
Tədbirin davamında, Ordubad rayonunda Paralimpiya Federasiyasının stolüstü tennis bölməsi ilə tanışlıq təşkil olunub, bölmənin imkanları haqqında ətraflı məlumat verilib. Daha sonra isə iştirakçılar, rayon ərazisində fəaliyyət göstərən ağırlıqqaldırma üzrə idman zalında olub, yaradılan şəraitlə yerində tanış olublar.
Qeyd edək ki, bu kimi maarifləndirici görüşlərin muxtar respublikanın digər şəhər və rayonlarında da davam etdirilməsi nəzərdə tutulub.