Gənclər və idman naziri Ramil Hacı və nazir müavini Məcid Seyidov Naxçıvan şəhərindəki boccia idman bölməsində yaradılan şəraitlə tanış olub, idmançıların məşq prosesini izləyiblər.
Naxçıvan Paralimpiya Federasiyasının sədr müavini Vüqar Məmmədov məlumat verib ki, 2016-ci ildən etibarən fəaliyyətdə olan bölmənin hazırda 10 idmançısı var. Sağlamlıq imkanları məhdud uşaqlar valideynlərinin müşayiəti ilə məşğələlərdə davamlı olaraq iştirak edir, məşqçi-müəllimlərin təlimatları əsasında boccia oynayırlar. Bu növdəki fiziki və zehni fəaliyyət onların reabilitasiyasında mühüm əhəmiyyət kəsb edir. Qeyd olunub ki, qazandıqları nailiyyətlər sayəsində milli komandanın heyətinə cəlb olunmuş bocciaçılarımız Qafqaz Hüseynov və Fuad Qəribov ölkəmizi beynəlxalq arenada təmsil edirlər. Mövcud şərait, nəticə və potensiallar imkan verir ki, böyüməkdə olan paralimpiyaçılarımızın da karyeraları yüksələn xətlə inkişaf etsin.
Boccia və digər paralimpiya idman növlərinin inkişaf istiqamətləri müzakirə olunub. İdmanın sağlamlıq imkanları məhdud şəxslərin həyatındakı önəmindən danışan Ramil Hacı deyib ki, muxtar respublikada paralimpiya hərəkatının geniş vüsət alması, qazanılan uğurlar bu sahəyə göstərilən dövlət dəstəyinin bariz nümunəsidir.
Nazir məşqçi-müəllim və idmançılarlarla görüşüb, onların qayğıları ilə maraqlanıb.