Mayın 13-də sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar və məhdud fiziki imkanlı şəxslər arasında Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş “Heydər Əliyev kuboku” uğrunda boccia idman növü üzrə Naxçıvan Muxtar Respublika turniri təşkil olunub. Tədbirdə iştirak edən Naxçıvan Muxtar Respublikası Gənclər və İdman naziri Ramil Hacı bildirib ki, Naxçıvan Muxtar Respublikasında idmanın inkişafı sahəsində mühüm işlər görülür, gənclərin fiziki və mənəvi hazırlığı, onların asudə vaxtlarının səmərəli təşkili diqqət mərkəzində saxlanılır. Muxtar respublikada müasir idman obyektləri, o cümlədən olimpiya idman komplekslərinin, idmanın müxtəlif növləri üzrə federasiyaların yaradılması gənclərin idmana olan marağını artırır, istedadlı idmançıların yetişməsi təmin edilir.
Naxçıvan Muxtar Respublikası Paralimpiya Federasiyasının sədri Nicat Babayev isə çıxışında qeyd edib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin yüksək diqqət və qayğısı sayəsində muxtar respublikamızda idmançılar, o cümlədən paralimpiyaçılar hərtərəfli qayğı və dəstəklə əhatə olunub. Muxtar respublikamızın idman infrastrukturu daha da təkmilləşdirilib, nəticədə minlərlə yeniyetmə və gəncin sağlam ruhda tərbiyə olunmasına əlverişli şərait yaradılıb. Görülən işlər çərçivəsində, son dövrlərdə Paralimpiya Federasiyasının da yeni bölmələri istifadəyə verilib, mövcud bölmələrin maddi-texniki təchizatı yaxşılaşdırılıb. Vurğulanib ki, ümumilikdə, 2006-cı ildən fəaliyyət göstərən Federasiyanın hazırda 16 bölməsi fəaliyyət göstərir. Bu bölmələrin imkanlarından isə təqribən 300-ə yaxın paralimpiyaçı istifadə edir.
Azərbaycan Respublikası Boccia İdman Federasiyasının katibi, Azərbaycan Milli Paralimpiya Komitəsinin boccia idman növü üzrə milli komandasının baş məşqçisi İlham Məhərrəmov öz növbəsində, muxtar respublikaya növbəti səfərindən məmnunluğunu bildirib. O qeyd edib ki, muxtar respublikada paralimpiya idman növlərinə maraq günü-gündən artmaqdadır. Son dövrlərdə, əldə edilən uğurlu nəticələr də bunun isbatıdır.
Çıxışlardan sonra, idman müsabiqəsinin ən aşağı yaş qrupu üzrə final oyunu keçirilib. Tədbirin davamında isə, sağlamlıq imkanları məhdud ifaçılardan ibarət İnam” Musiqi Qrupunun üzvləri musiqi nömrələri ilə çıxış edib, Naxçıvan Dövlət Filarmoniyasının rəqs qrupu milli rəqslərdən nümunələr ifa edib. Müasir Azərbaycan tarixinə qızıl hərflərlə həkk olunmuş Vətən müharibəsinin iştirakçılarının da dəvət olunduğu tədbirin yekununda yüksək nəticələr göstərmiş paralimpiyaçılara diplom və qiymətli hədiyyələr, digər iştirakçılara isə həvəsləndirici mükfatlar təqdim olunub. Qeyd edək ki, Azərbaycan Respublikası Boccia İdman Federasiyasının katibi, Azərbaycan Milli Paralimpiya Komitəsinin boccia idman növü üzrə milli komandasının baş məşqçisi İlham Məhərrəmov da muxtar respublikada müvafiq idman növünün inkişafına verdiyi dəstəyə görə Federasiya tərəfindən mükafatlandırılıb.