Reabilitasiyanın bir növü kimi əlillyi olan şəxslərin sağlamlıqlarının bərpası və möhkəmləndirilməsi, onların cəmiyyətə inteqrasiyası baxımından idman mühüm əhəmiyyət daşıyır. Bu baxımdan, muxtar respublikada məhdud fiziki imkanlı şəxslərin paralimpiya hərəkatına cəlbi, onlara sağlam həyat tərzinin aşılanması istiqamətində ardıcıl tədbirlər icra olunur. Naxçıvan Muxtar Respublikası Paralimpiya Federasiyası tərəfindən məhdud fiziki imkanlı şəxslərin idman həyatına inteqrasiyası, istedadlı idmançıların aşkara çıxarılması üçün davamlı tədbirlər həyata keçirilir, onların iştirakı ilə idmanın müxtəlif növləri üzrə yarışlar və yoldaşlıq görüşləri təşkil edilir. Muxtar respublikada keçirilən tədbirlərlə yanaşı, paralimpiyaçılarımızın ölkə və beynəlxalq miqyaslı yarışlarda iştirakı da diqqət mərkəzində saxlanılır.
Ötən həftə Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin təşkilatçılığı ilə Sumqayıt şəhərində baş tutan VI Paralimpiya İdman Oyunlarının pauerliftinq (ağırlıqqaldırma) idman növü üzrə keçirilən yarışları muxtar respublika paralimpiyaçıları üçün uğurlu nəticələrlə yadda qalıb. Bu yarışda iştirak edən Naxçıvan Muxtar Respublikası Paralimpiya Federasiyasının idmançıları Həsən Qasımov II, Mehdi Quliyev isə III yerə layiq görülməklə, yarışın mükafatçıları sırasına daxil olublar.