Tədbiri giriş sözü ilə açan Culfa rayon Gənclər və İdman İdarəsinin rəisi İsmayıl İmanov rayon ərazisində idmanın inkişafı istiqamətində görülən işlərdən, paralimpiya idman növlərinə yaradılan şəraitdən danışıb. Daha sonra çıxış edən Paralimpiya Federasiyasının nümayəndəsi Naib Əlizadə isə bildirib ki, fiziki imkanları məhdud şəxslərin sağlamlıqlarının möhkəmləndirilməsi, onların cəmiyyətə inteqrasiyası baxımından idman mühüm əhəmiyyət daşıyır. N.Əlizadə bu baxımdan, “2020-2025-ci illər üçün Naxçıvan Muxtar Respublikasında idmanın inkişafına dair Dövlət Proqramı”nın əhəmiyyətini xüsusi qeyd edib, Proqramın icrası çərçivəsində, Federasiya tərəfindən görülən işlər haqqında tədbir iştirakçılarına məlumat verib. Federasiyanın Boccia idman növü üzrə məşqçi-müəllimi Zaur Hüseynov isə sözügedən idman növü haqqında iştirakçılara məlumat verib, Boccianın idman növü kimi əhəmiyyətindən danışıb.
Çıxışların ardından sözügedən mövzuya dair müzakirələr, izahedici söhbətlər aparılıb, video-çarxlar, slaydlar nümayiş etdirilib. Tədbirin davamında, stolüstü tennis bölməsi ilə tanışlıq təşkil olunub, bölmənin imkanları haqqında ətraflı məlumat verilib. Qeyd edək ki, bu kimi maarifləndirici görüşlərin muxtar respublikanın digər şəhər və rayonlarında da davam etdirilməsi nəzərdə tutulub.