NAXÇIVAN MUXTAR RESPUBLİKASI

PARALİMPİYA FEDERASİYASI

23.02.2018 - Culfa rayonunda Boccia bölməsi fəaliyyətə başlamışdır

Muxtar respublikada idmanın inkişafı üçün yaradılan şərait məhdud fiziki imkanlı uşaqların da idmana maraqlarının artmasına səbəb olub. Onların cəmiyyətə inteqrasiyası məqsədilə Naxçıvan Muxtar Respublikası Paralimpiya Federasiyasının 2016-cı ilin may ayından etibarən boccia idman növü üzrə bölmələri fəaliyyət göstərir. Bölmələrdən biri də Culfa rayonunda yaradılıb.

Artıq Culfa şəhər 3 nömrəli tam orta məktəbdə boccia idman bölməsinin ilk məşqi keçirilib. Bölməyə ilkin olaraq 6 sağlamlıq imkanı məhdud uşaq cəlb olunub. Məşqləri aparmaq üçün məşqçi-müəllim müəyyən edilib. 

Onu da qeyd edək ki, muxtar respublikada bu idman növünə diqqət gündən-günə artmaqdadır. Belə ki, artıq Naxçıvan Uşaq Bərpa Mərkəzinin idman zalında məşqlərin keçirilməsi üçün hər cür şərait yaradılıb. Boccia paralimpiya idman növündə idmançılardan fiziki güclə bərabər zehni əmək də (fikrin və diqqətin bir mərkəzə cəmlənməsi) tələb olunduğundan, bu idman növü həm də reabilitasiya xarakterlidir.

İlk dəfə 2016-cı ildə Naxçıvan Uşaq Bərpa Mərkəzinin idman zalında sağlamlıq imkanları məhdud uşaqların iştirakı ilə boccia idman növü üzrə muxtar respublika yarışı, daha sonra isə 2017-ci ildə Bədən Tərbiyəsi və İdman Günü münasibətilə Culfa şəhər 3 nömrəli tam orta məktəbin idman zalında muxtar respublika birinciliyi keçirilib. Məşqlərin səmərəliliyinin artırılması məqsədilə federasiya tərəfindən muxtar respublikaya Azərbaycan Milli Paralimpiya Komitəsinin nəzdində Uşaq paralimpiya şöbəsinin boccia idman növü üzrə baş məşqçisi dəvət olunub.

Yeni yaranmasına baxmayaraq, bölmənin uğurları da çoxdur. Belə ki, 2016-cı ildə keçirilən ikinci Respublika uşaq paralimpiya idman oyunlarında muxtar respublikanı təmsil edən iki paralimpiyaçı müvəffəqiyyətlə çıxış edərək 1-ci və 3-cü yerlərə, 2017-ci ildə üçüncü uşaq paralimpiya idman oyunlarında muxtar respublikamızı boccia üzrə təmsil edən 3 par­alimpiyaçıdan ikisi 2-ci, biri isə 3-cü yerə layiq görülüblər. 2017-ci ildə böyüklər arasında 4-cü respublika turnirində muxtar respublikamızı təmsil edən 1-ci qrup əlil Qafqaz Hüseynov 3-cü yerlə kifayətlənib.