NAXÇIVAN MUXTAR RESPUBLİKASI

PARALİMPİYA FEDERASİYASI

03.03.2018 - Paralimpiyaçılar arasında voleybol üzrə yoldaşlıq görüşü keçirilmişdir

3 mart 2018-ci il tarixdə Naxçıvan şəhərində yerləşən İlham Əliyev adına Olimpiya İdman Kompleksində Naxçıvan MR Gənclər və İdman Nazirliyi və Paralimpiya Federasiyasının birgə təşkilatçılığı ilə paralimpiyaçılar arasında "5 mart - Bədən Tərbiyəsi və İdman Günü"nə həsr edilmiş voleybol turniri keçirilmişdir.

Muxtar respublikanın şəhər və rayonlarını təmsil edən 7 komandanın mübarizə apardığı yarış olimpiya sistemi ilə keçirilmiş və finalda Şahbuz və Sədərək təmsilçiləri üz-üzə gəlmişdir. Şahbuz kollektivi rəqibini 3:0 hesab ilə məğlub edərək, turnirin qalibi adını qazanmışdır. Üçüncülük uğrunda keçirilən oyunda isə Babək komandası Kəngərli paralimpiyaçılarını 3:0 məğlub edərək, yarışı 3-cü pillədə başa vurmuşdur.

Maraqlı və gərgin idman mübarizəsi şəraitində keçən turnirin sonunda, ilk üç yeri tutmuş komanda üzvlərinə təşkilatçılar tərəfindən qiymətli hədiyyələr təqdim olunmuşdur.

23.02.2018 - Culfa rayonunda Boccia bölməsi fəaliyyətə başlamışdır

Muxtar respublikada idmanın inkişafı üçün yaradılan şərait məhdud fiziki imkanlı uşaqların da idmana maraqlarının artmasına səbəb olub. Onların cəmiyyətə inteqrasiyası məqsədilə Naxçıvan Muxtar Respublikası Paralimpiya Federasiyasının 2016-cı ilin may ayından etibarən boccia idman növü üzrə bölmələri fəaliyyət göstərir. Bölmələrdən biri də Culfa rayonunda yaradılıb.

Artıq Culfa şəhər 3 nömrəli tam orta məktəbdə boccia idman bölməsinin ilk məşqi keçirilib. Bölməyə ilkin olaraq 6 sağlamlıq imkanı məhdud uşaq cəlb olunub. Məşqləri aparmaq üçün məşqçi-müəllim müəyyən edilib. 

Onu da qeyd edək ki, muxtar respublikada bu idman növünə diqqət gündən-günə artmaqdadır. Belə ki, artıq Naxçıvan Uşaq Bərpa Mərkəzinin idman zalında məşqlərin keçirilməsi üçün hər cür şərait yaradılıb. Boccia paralimpiya idman növündə idmançılardan fiziki güclə bərabər zehni əmək də (fikrin və diqqətin bir mərkəzə cəmlənməsi) tələb olunduğundan, bu idman növü həm də reabilitasiya xarakterlidir.

İlk dəfə 2016-cı ildə Naxçıvan Uşaq Bərpa Mərkəzinin idman zalında sağlamlıq imkanları məhdud uşaqların iştirakı ilə boccia idman növü üzrə muxtar respublika yarışı, daha sonra isə 2017-ci ildə Bədən Tərbiyəsi və İdman Günü münasibətilə Culfa şəhər 3 nömrəli tam orta məktəbin idman zalında muxtar respublika birinciliyi keçirilib. Məşqlərin səmərəliliyinin artırılması məqsədilə federasiya tərəfindən muxtar respublikaya Azərbaycan Milli Paralimpiya Komitəsinin nəzdində Uşaq paralimpiya şöbəsinin boccia idman növü üzrə baş məşqçisi dəvət olunub.

Yeni yaranmasına baxmayaraq, bölmənin uğurları da çoxdur. Belə ki, 2016-cı ildə keçirilən ikinci Respublika uşaq paralimpiya idman oyunlarında muxtar respublikanı təmsil edən iki paralimpiyaçı müvəffəqiyyətlə çıxış edərək 1-ci və 3-cü yerlərə, 2017-ci ildə üçüncü uşaq paralimpiya idman oyunlarında muxtar respublikamızı boccia üzrə təmsil edən 3 par­alimpiyaçıdan ikisi 2-ci, biri isə 3-cü yerə layiq görülüblər. 2017-ci ildə böyüklər arasında 4-cü respublika turnirində muxtar respublikamızı təmsil edən 1-ci qrup əlil Qafqaz Hüseynov 3-cü yerlə kifayətlənib.

 

15.02.2018 - Sağlamlıq imkanları məhdud şəxslər arasında armreslinq (qol güləşi) üzrə muxtar respublika birinciliyi keçirilib

Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya-İdman Kompleksində sağlamlıq imkanları məhdud şəxslər arasında armreslinq (qol güləşi) üzrə muxtar respublika birinciliyi keçirilib.

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi ilə Paralimpiya Federasiyasının təşkil etdiyi birincilikdə 21 idmançı mübarizə aparıb. Yarışı keçirməkdə məqsəd məhdud fiziki imkanlı şəxslər аrаsındа bədən tərbiyəsi və idmаnın kütləviliyinə nаil оlunmаsı,аsudə vахtnın səmərəli kеçirilməsi və onların sosial reabilitasiyasına nаil оlunmasıdır.

Birincilik iştirakçıları 75 kiloqramadək və 75 kiloqramdan yuxarı çəki dərəcələrində mübarizə aparıblar. Birinciliyin nəticəsinə əsasən, 75 kiloqramadək paralimpiyaçıların mübarizəsində Turan Hüseynov bütün rəqiblərinə qalib gələrək əsas mükafatı qazanıb. Vüsal Möhsünlü ikinci, Toğrul Əliyev isə üçüncü olub. 75 kiloqramdan yuxarı çəki dərəcəsində Telman Şirinov qalib adını qazanıb. Digər iki pillədə İlqar Sadiqov və Nahid Qurbanov qərarlaşıblar.

Qaliblər Gənclər və İdman Nazirliyinin diplomları və Paralimpiya Federasiyasının hədiyyələri ilə təltif olunublar.

25.01.2018 - 2017-ci ilin yekunu və qarşıda duran vəzifələrlə bağlı Naxçıvan Muxtar Respublikası Paralimpiya Federasiyasının iclası keçirilib

Yanvarın 25-də Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzində Naxçıvan Muxtar Respublikası Paralimpiya Federasiyası və Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə Paralimpiya Federasiyasının 2017-ci ilin yekunları və qarşıda duran vəzifələrlə bağlı iclası keçirilib. İclası Federasiyanın sədri Cavid Səfərov açaraq bildirmişdir ki, Paralimpiya Federasiyası məhdud fiziki imkanlı gənclərin muxtar respublikanın idman həyatına inteqrasiyasının təmin olunmasını  daim  diqqət mərkəzində saxlayır. 2017-ci ildə istedadlı idmançıların aşkara çıxarılması, idmançıların fiziki və metodik hazırlıqlarının möhkəmlənməsi və asudə vaxtın səmərəli keçirilməsi məqsədilə paralimpiyaçıların iştirakı ilə futzal, stolüstü tennis, boccia, armrestlinq, pauerliftinq, şahmat və voleybol üzrə yarışlar və yoldaşlıq görüşləri keçirilib. Bununla yanaşı il ərzində paralimpiyaçıların muxtar respublikada fəaliyyət göstərən muzeylərə və sərgi salonlarına ziyarətləri təşkil edilmişdir.

2017-ci il yanvarın 15-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində “Naxçıvan Muxtar Respublikasında bədən tərbiyəsi və idmanın hazırkı vəziyyəti və qarşıda duran vəzifələr” barədə keçirilən müşavirədə verilmiş tapşırıqların icrası ilə əlaqədar sağlamlıq imkanları məhdud uşaqlar arasında idmanın kütləviliyinə nail olunması üçün Naxçıvan şəhərində şahmat, üzgüçülük, qolbol, boccia, stolüstü tennis, bədii gimnastika bölməsi, Şərur rayonunda bədii gimnastika, üzgüçülük, stolüstü tennis, atıcılıq, şahmat bölməsi, Ordubad rayonunda şahmat və basketbol bölmələri, Culfa rayonunda şahmat və futbol bölməsi, Şahbuz rayonunda şahmat bölməsi, Kəngərli rayonunda şahmat bölməsi fəaliyyətə başlamışdır. Hazırda fəaliyyət göstərən bütün uşaq bölmələrinə 229 uşaq cəlb olunmuşdur.

İdmançıların və məşqçilərin təcrübələrini artırmaq da diqqət mərkəzində saxlanılmışdır. Bu məqsədlə Federasiyasının dəvəti ilə Azərbaycan Milli Paralimpiya Komitəsinin stolüstü tennis idman növü üzrə baş məşqçisi və II Respublika Uşaq Paralimpiya İdman Oyunlarının qalibi olan sağlamlıq imkanları məhdud 2 uşaq muxtar respublikaya dəvət olunmuşdur. Dəvət olunanlar tərəfindən Naxçıvan şəhərində və Şərur rayonunda fəaliyyət göstərən stolüstü tennis bölməsinə cəlb olunan 18 yaşadək sağlamlıq imkanları məhdud uşaqlar və onların məşqçi-müəllimləri üçün təlim məşq toplantıları keçirilmişdir.

Qeyd olunmuşdur ki, Azərbaycan Milli Paralimpiya Komitəsinin təşkilatçılığı ilə Sumqayıt şəhərində keçirilən “III Uşaq Paralimpiya İdman Oyunları”nda Naxçıvan Muxtar Respublikasından qolbol, üzgüçülük, boccia, tennis və cüdo idman növləri üzrə sağlamlıq imkanları məhdud 12 uşaq iştirak etmiş, bunlardan 11-i medal qazanmışdır. Həmçinin, Bakı şəhərində keçirilən “Əlillərin V Respublika İdman Oyunları”nda muxtar respublikadan şahmat, dama, nərd, stolüstü tennis və qol güləşi idman növləri üzrə sağlamlıq imkanları məhdud 5 həmyerlimiz iştirak etmişdir ki, bunlardan 3-ü mükafatçılar sırasında yer almışdır. İclasda Federasiyanın fəaliyyətinin daha da genişləndirilməsi rayonlarda yeni idman qruplarının yaradılması, müvafiq kateqoriyadan olan uşaqların həmin qruplara cəlb edilməsi ilə bağlı qərar qəbul edilmişdir.

Qeyd olunmuşdur ki, Paralimpiya Federasiyası bundan sonra da yaradılmış şəraitdən səmərəli istifadə edərək sağlamlıq imkanları məhdud şəxslər arasında idmanın kütləviliyinə nail olmağa çalışacaqdır.

Tədbirdə Naxçıvan Muxtar Respublikası Gənclər və İdman naziri Azad Cabbarov çıxış etmişdir.

21.12.2017 - Paralimpiyaçılar arasında futzal üzrə yoldaşlıq görüşü keçirilmişdir

21 noyabr 2017-ci il tarixdə İlham Əliyev adına Olimpiya İdman Kompleksində Naxçıvan Muxtar Respublikası Paralimpiya Federasiyasının təşkilatçılığı ilə paralimpiyaçılar arasında futzal üzrə yoldaşlıq görüşü keçirilmişdir.

Yarışın keçirilməsində əsas məqsəd məhdud fiziki imkanlı gənclərin idmana olan maraqlarını artırmaqla onlarda sağlam həyat tərzinin təmin edilməsinə, istedadlı idmançıların aşkara çıxarılmasına, habelə bu kateqoriyadan olan gənclərin asudə vaxtlarının səmərəli keçməsinə nail olmaqdır.

Yoldaşlıq görüşündə Babək və Şahbuz komandaları iştirak etmişdir. Görüşün yekununda “Şahbuz” komandası “Babək” komandasına 3:2 hesabı ilə qalib gəlmişdir.

Qalib Komandaya Federasiyanın qiymətli hədiyyələri təqdim olunmuşdur.