Boccia idman növü 1984-cü ildən paralimpiya oyunlarına daxil edilib və bu illər ərzində populyarlıq qazanaraq 50 ölkədə keçirilir və surətlə inkişaf edir.
Muxtar respublikamızdada bu idman növünə maraq günü-gündən artır. Hər il məhdud fiziki imkanlı şəxslər arasında keçirilən yarışlar onların idmana kütləvi cəlbinə şərait yaradır. Naxçıvan Muxtar Respublikası Paralimpiya Federasiyası mütəmadi olaraq müxtəlif idman növləri üzrə yarışlar keçirir və Respublika səviyyəli yarışlarda muxtar respublikamızı təmsil edən sağlamlıq imkanları məhdud şəxslərin iştirakını təmin edir.
Bu istiqamətdə həyata keçirilən təbirlərin davamı olaraq Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin təşkilatçılığı ilə Bakı şəhərində boccia idman növü üzrə IV respublika turniri keçirilmişdir.
Turnirdə muxtar respublikamızı məhdud fiziki imkanlı Hüseynov Qafqaz Məhərəm oğlu təmsil etmişdir. Yarışda həmyerlimiz III yerə layiq görülmüşdür.
Qaliblər Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin diplomları və qiymətli hədiyyələr ilə təltif edilmişdir.