NAXÇIVAN MUXTAR RESPUBLİKASI

PARALİMPİYA FEDERASİYASI

10.03.2017 - Naxçıvan Muxtar Respublikası Paralimpiya Federasiyasının idmançıları Xatirə Muzeyini ziyarət ediblər

Martın 10-da Naxçıvan Muxtar Respublikası Paralimpiya Federasiyasının idmançıları Xatirə Muzeyini ziyarət ediblər. Burada onlara Xatirə Muzeyi barədə ətraflı məlumat verilib.

Bildirilib ki, Xatirə Muzeyi ermənilər tərəfindən törədilən soyqırımı qurbanlarının, Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda döyüşlərdə həlak olmuş naxçıvanlıların xatirəsini əbədiləşdirmək məqsədilə 2000-ci ildə yaradılmışdır.

Ziyarətçilərə ekspozisiyalardakı soyqırım faktları, şəhidlərin fotoşəkilləri, ermənilərə qarşı döyüş fəaliyyətlərini əhatə edən materiallar, eyni zamanda Milli və Sovet İttifaqı qəhrəmanlarının fotoşəkilləri, şəxsi əşyaları və  onlara aid olan digər materiallardan ibarət muzeydə 2000-ə yaxın eksponatın olduğunu və onlardan 400-ə yaxınının nümayiş etdirildiyi haqqında ətraflı məlumat verilib.

İdmançılar müzeydən xoş ovqatla ayrılıblar. 

Bu tədbir muzeyi ziyarət edənlərin şəhidlərimizə olan dərin  hörmət və ehtiramın ifadəsidir.        

06.03.2017 - Boccia idman növü üzrə yarış keçirilib

Martın 4-də Naxçıvan Muxtar Respubliklası Gənclər və İdman Nazirliyi və Paralimpiya Federasiyasının birgə təşkilatçılığı ilə 5 mart “Bədən tərbiyəsi və idman günü”nə həsr olunmuş tədbir keçirilib. Culfa şəhər 3№li tam orta məktəbinin idman zalında sağlamlıq imkanları məhdud uşaqların iştirakı ilə  Boccia idman növü üzrə yarış keçirilib. Yarışda sağlamlıq imkanları məhdud 12 uşaq 2 yaş qrupu üzrə mübarizə aparmışdır.

Yarışın keçirilməsində əsas məqsəd sağlamlıq imkanları məhdud uşaqların muxtar respublikanın idman həyatında daha fəal iştirakına və sosial reabilitasiyasına nail olmaqdır.

Yarışın yekun nəticəsinə əsasən, 6-12 yaş qrupu üzrə İlqar Yunisov birinci, Mikayıl İsmayılov ikinci, Aysu Yusifova isə üçüncü yerlərə laiq görülüblər. 13-18 yaş qrupu üzrə Gilə Yunisova birinci yerə çıxıb. Əli İbrahimov ikinci, Fuad Qəribov üçüncü olub.

Sonda qaliblərə mükafatlar, digər yarış iştirakşılarına isə həvəsləndirici hədiyyələr  təqdim edilib.

01.03.2017 - Pauerliftinq üzrə yarış keçirilib

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi və Paralimpiya Federasiyasının təşkilatçılığı ilə paralimpiyaçılar arasında idmanın pauerliftinq növü üzrə yarış keçirilib.

Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya-İdman Kompleksində keçirilən yarışda fiziki imkanları məhdud idmançılar iki çəki dərəcəsində – 75 kiloqrama kimi və 75 kiloqramdan artıq çəki dərəcələrində mübarizə aparıblar. Yarışın keçirilməsində əsas məqsəd məhdud fiziki imkanlı şəxslərin muxtar respublikanın idman həyatında daha fəal iştirakına və sosial reabilitasiyasına nail olmaqdır.

Yarışın yekun nəticəsinə əsasən, Turan Hüseynov 75 kiloqram çəki dərəcəsinə kimi idmançıların mübarizəsində qalib adını qazanıb. Telman Şirinov ikinci, Xəyal Abdullayev üçüncü olub. 75 kiloqramdan artıq çəki dərəcəsində isə Eldar Əliyev birinci yerə çıxıb. Digər iki pillədə İlqar Mərdanlı və Sərvər Əliyev qərarlaşıblar.

Sonda qaliblərə Paralimpiya Federasiyasının hədiyyələri, digər yarış iştirakçılarına isə Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin diplomları təqdim edilib.

 

24.01.2017 - 2016-cı ilin yekunu və qarşıda duran vəzifələrlə bağlı Naxçıvan Muxtar Respublika Paralimpiya Federasiyasının iclası keçirilib

Yanvarın 23-də Paralimpiya Federasiyasının 2016-cı ilin yekunları və qarşıda duran vəzifələrlə bağlı iclası keçirilib. İclası Federasiyanın sədr müavini Vüqar Məmmədov açaraq bildirib ki, Paralimpiya Federasiyası məhdud fiziki imkanlı gənclərin muxtar respublikanın idman həyatına inteqrasiyasının təmin olunmasını  daim  diqqət mərkəzində saxlayır. 2016-cı il ərzində istedadlı idmançıların aşkara çıxarılması, idmançıların fiziki və metodik hazırlıqlarının möhkəmlənməsi məqsədilə paralimpiyaçıların iştirakı ilə voleybol, futzal, yüngül atletika, stolüstü tennis, boccia, armmrestlinq, həmçinin xalq uşaq oyunları üzrə yarışlar keçirilib. Ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr edilən Paralimpiya İdman Festivalında paralimpiyaçılarımız yarışlarda muxtar respublikanı layiqincə təmsil ediblər. 

Vurğulanıb ki, sağlamlıq imkanları məhdud uşaqların kütləvi şəkildə idman həyatına cəlb olunmasına şərait yaratmaq məqsədilə Paralimpiya Federasiyasının nəzdində uşaq paralimpiya klubu yaradılıb. Klubun nəzdində sağlamlıq imkanları məhdud uşaqlardan ibarət  boccia və stolüstü tennis idman növləri üzrə bölmələr fəaliyyətə başlayıb. Paralimpiyaçılara yaradılan hərtərəfli şərait onların  respublika və beynəlxalq səviyyəli yarışlarda  muxtar respublikanı layqincə təmsil etməyə zəmin yaradır. Ötən ilin noyabr ayında Sumqayıtda  keçirilən II uşaq paralimpiya  idman oyunlarında boccia idman növü üzrə yarışlarda həmyerlilərimiz müvəffəqiyyətlə çıxış edərək 1-ci və 3-cü yerlərə layiq görülüblər.

Bildirilib ki, yay mövsümündə 90 nəfər paralimpiyaçının Ağbulaq İstirahət Mərkəzində istirahətləri də təşkil olunub.

Sonra federasiyanın qolbol bölməsi üzrə məşqçi-müəllim Turan Həsənov və boccia bölməsi üzrə məşqçi-müəllim Zaur Hüseynov çıxış ediblər.

İclasda Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin şöbəmüdiri Taleh İbrahimov çıxış etmişdir.

Sonda qeyd olunmuşdur ki, Paralimpiya Federasiyası qarşıya qoyulan vəzifələrin icrası ilə bağlı, o cümlədən məhdud fiziki imkanlı gənclərin idman həyatına daha fəal inteqrasiyası, habelə onların sosial reabilitasiyası istiqamətində fəaliyyətini davam etdirəcək. 

24.12.2016 - Paralimpiyaçılar arasında armrestlinq üzrə yarış keçirilib

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi və Paralimpiya Federasiyasının təşkilatçılığı ilə dekabrın 23-də Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya-İdman Kompleksində paralimpiyaçılar arasında armrestlinq (qol güləşi) üzrə muxtar respublika birinciliyi keçirilib.

Yarışın açılış mərasimində Gənclər və İdman Nazirliyinin və Paralimpiya Federasiyasının nümayəndələri çıxış edərək muxtar respublikada idmana göstərilən diqqət və qayğıdan, məhdud fiziki imkanlı şəxslərin idmana cəlb olunması istiqamətində həyata keçirilən tədbirlərdən bəhs ediblər. Vurğulanıb ki, yarışın keçirilməsində əsas məqsəd istedadlı idmançıların aşkara çıxarılmasına, məhdud fiziki imkanlışəxslərin idmana olan maraqlarının artırılmasına, həmçinin onların cəmiyyətə inteqrasiyasına nail olmaqdır.

Yarışda 18 paralimpiyaçı iki çəki dərəcəsində mübarizə aparıb.

Sonda ilk üç yeri tutan idmançılara təşkilatçılar tərəfindən diplom və hədiyyələr, digər iştirakçılara isə fəxri fərmanlar təqdim olunub.