Muxtar respublikada sağlamlıq imkanları məhdud uşaqların cəmiyyətə inteqrasiyası daim diqqət mərkəzindədir. Paralimpiya Federasiyasının müxtəlif idman növləri, o cümlədən şahmat üzrə yarışların keçirilməsində əsas məqsəd sağlamlıq imkanları məhdud uşaqlar arasında idmanın kütləviliyinə, istedadlı idmançıların aşkara çıxarılmasına, həmçinin onların asudə vaxtlarının səmərəli təşkilinə nail olmaqdır. Sağlamlıq imkanları məhdud uşaqlar bu yarışlarda iştirak etməklə həm də yarış təcrübələrini artırırlar. Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi və Paralimpiya Federasiyasının təşkilatçılığı ilə Naxçıvan Şahmat Mərkəzində 18 yaşadək sağlamlıq imkanları məhdud uşaqlar arasında şahmat üzrə muxtar respublika birinciliyi keçirilib. Yarışda muxtar respublikanın bütün rayonlarından və Naxçıvan şəhərindən 20 nəfərsağlamlıq imkanları məhdud uşaq iştirak edib.
Birinciliyin nəticələrinə görə 1-ci yerə Babək rayonundan Səfərəliyev Yusif, 2-ci və 3-cü yerlərə isə Culfa rayonundan olan şahmatçılar Nağıyev Turan və Ələkbərov Ramil layiq görülmüşlər. Qaliblərə Gənclər və İdman Nazirliyinin diplomları digər iştirakçılara isə Paralimpiya Federasiyasının fəxri fərmanları təqdim edilib.