NAXÇIVAN MUXTAR RESPUBLİKASI

PARALİMPİYA FEDERASİYASI

25.01.2018 - 2017-ci ilin yekunu və qarşıda duran vəzifələrlə bağlı Naxçıvan Muxtar Respublikası Paralimpiya Federasiyasının iclası keçirilib

Yanvarın 25-də Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzində Naxçıvan Muxtar Respublikası Paralimpiya Federasiyası və Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə Paralimpiya Federasiyasının 2017-ci ilin yekunları və qarşıda duran vəzifələrlə bağlı iclası keçirilib. İclası Federasiyanın sədri Cavid Səfərov açaraq bildirmişdir ki, Paralimpiya Federasiyası məhdud fiziki imkanlı gənclərin muxtar respublikanın idman həyatına inteqrasiyasının təmin olunmasını  daim  diqqət mərkəzində saxlayır. 2017-ci ildə istedadlı idmançıların aşkara çıxarılması, idmançıların fiziki və metodik hazırlıqlarının möhkəmlənməsi və asudə vaxtın səmərəli keçirilməsi məqsədilə paralimpiyaçıların iştirakı ilə futzal, stolüstü tennis, boccia, armrestlinq, pauerliftinq, şahmat və voleybol üzrə yarışlar və yoldaşlıq görüşləri keçirilib. Bununla yanaşı il ərzində paralimpiyaçıların muxtar respublikada fəaliyyət göstərən muzeylərə və sərgi salonlarına ziyarətləri təşkil edilmişdir.

2017-ci il yanvarın 15-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində “Naxçıvan Muxtar Respublikasında bədən tərbiyəsi və idmanın hazırkı vəziyyəti və qarşıda duran vəzifələr” barədə keçirilən müşavirədə verilmiş tapşırıqların icrası ilə əlaqədar sağlamlıq imkanları məhdud uşaqlar arasında idmanın kütləviliyinə nail olunması üçün Naxçıvan şəhərində şahmat, üzgüçülük, qolbol, boccia, stolüstü tennis, bədii gimnastika bölməsi, Şərur rayonunda bədii gimnastika, üzgüçülük, stolüstü tennis, atıcılıq, şahmat bölməsi, Ordubad rayonunda şahmat və basketbol bölmələri, Culfa rayonunda şahmat və futbol bölməsi, Şahbuz rayonunda şahmat bölməsi, Kəngərli rayonunda şahmat bölməsi fəaliyyətə başlamışdır. Hazırda fəaliyyət göstərən bütün uşaq bölmələrinə 229 uşaq cəlb olunmuşdur.

İdmançıların və məşqçilərin təcrübələrini artırmaq da diqqət mərkəzində saxlanılmışdır. Bu məqsədlə Federasiyasının dəvəti ilə Azərbaycan Milli Paralimpiya Komitəsinin stolüstü tennis idman növü üzrə baş məşqçisi və II Respublika Uşaq Paralimpiya İdman Oyunlarının qalibi olan sağlamlıq imkanları məhdud 2 uşaq muxtar respublikaya dəvət olunmuşdur. Dəvət olunanlar tərəfindən Naxçıvan şəhərində və Şərur rayonunda fəaliyyət göstərən stolüstü tennis bölməsinə cəlb olunan 18 yaşadək sağlamlıq imkanları məhdud uşaqlar və onların məşqçi-müəllimləri üçün təlim məşq toplantıları keçirilmişdir.

Qeyd olunmuşdur ki, Azərbaycan Milli Paralimpiya Komitəsinin təşkilatçılığı ilə Sumqayıt şəhərində keçirilən “III Uşaq Paralimpiya İdman Oyunları”nda Naxçıvan Muxtar Respublikasından qolbol, üzgüçülük, boccia, tennis və cüdo idman növləri üzrə sağlamlıq imkanları məhdud 12 uşaq iştirak etmiş, bunlardan 11-i medal qazanmışdır. Həmçinin, Bakı şəhərində keçirilən “Əlillərin V Respublika İdman Oyunları”nda muxtar respublikadan şahmat, dama, nərd, stolüstü tennis və qol güləşi idman növləri üzrə sağlamlıq imkanları məhdud 5 həmyerlimiz iştirak etmişdir ki, bunlardan 3-ü mükafatçılar sırasında yer almışdır. İclasda Federasiyanın fəaliyyətinin daha da genişləndirilməsi rayonlarda yeni idman qruplarının yaradılması, müvafiq kateqoriyadan olan uşaqların həmin qruplara cəlb edilməsi ilə bağlı qərar qəbul edilmişdir.

Qeyd olunmuşdur ki, Paralimpiya Federasiyası bundan sonra da yaradılmış şəraitdən səmərəli istifadə edərək sağlamlıq imkanları məhdud şəxslər arasında idmanın kütləviliyinə nail olmağa çalışacaqdır.

Tədbirdə Naxçıvan Muxtar Respublikası Gənclər və İdman naziri Azad Cabbarov çıxış etmişdir.