NAXÇIVAN MUXTAR RESPUBLİKASI

PARALİMPİYA FEDERASİYASI

02.12.2017 - İdmançılarımız “Əlillərin V Respublika İdman Oyunları”nda iştirak ediblər

Muxtar respublikada məhdud fiziki imkanlı şəxslərin idman həyatına inteqrasiyası daim diqqət mərkəzindədir. Naxçıvan Muxtar Respublikası Paralimpiya Federasiyasının mütəmadi olaraq müxtəlif idman növləri üzrə keçirdiyi yarışlarda bu qəbildən olan şəxslərin iştirakı onların idmana kütləvi cəlbinə şərait yaradır. Bakı şəhərində “Əlillərin V Respublika İdman Oyunları”nda Naxçıvan Muxtar Respublikasından şahmat, dama, nərd, stolüstü tennis və qol güləşi idman növləri üzrə sağlamlıq imkanları məhdud 5 həmyerlimizin iştirakı da bu çərçivədə həyata keçirilib.

Yarışın yekun nəticəsinə əsasən muxtar respublikamızı təmsil edən paralimpiyaçılardan 3-ü mükafatçılar sırasında yerini alıb. Stolüstü tennis idman növündə İsgəndər Hüseynov, nərd idman növündə Nazim Süleymanov qalib adını qazanıblar. Dama idman növündə isə Təvəkkül Cəfərov ikinci olub.

Sonda qalib idmançılarımıza mükafatlar təqdim edilib.