Naxçıvan Muxtar Respublikası və Paralimpiya Federasiyasının dəvəti ilə iyulun 25-də Azərbaycan Milli Paralimpiya Komitəsinin masaüstü tennis idman növü üzrə baş məşqçısı Qubuşova Ruhiyyə və II Respublika Uşaq Paralimpiya Oyunlarının qalibi və mükafatçısı olan sağlamlıq imkanları məhdud 2 uşaq muxtar respublikamızdadır. Bununla əlaqədar olaraq Paralimpiya Federasiyası proqram hazırlamışdır. Proqrama əsasən dəvət olunanların 7 gün ərzində təlim məşq keçmələri nəzərdə tutulmuşdur.
Həmçinin masaüstü tennis idman növünə sağlamlıq imkanları məhdud uşaqların cəlbi məqsədi ilə uşaqların və onların valideyinləri ilə görüş keçirilməsi, Şərur Olimpiya İdman Kompleksində təlim məşqlərin keçirilməsi, Şərur və Naxçıvanda fəaliyyət göstərən bölmələr arasında yoldaşlıq görüşünün keçirilməsi də nəzərdə tutulub.
İlk gün Naxçıvan və Şərur şəhərlərində fəaliyyət göstərən tennis bölmələrinə cəlb olunan sağlamlıq imkanları məhdud uşaqlarla Naxçıvan Uşaq Bərpa Mərkəzində təlim məşq keçirilmişdir.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin və Paralimpiya Federasiyasının birgə təşkilatçılığı ilə iyulun 7-də Şərur Olimpiya İdman Kompleksində 18 yaşadək sağlamlıq imkanları məhdud uşaqlar arasında stolüstü tennis üzrə Naxçıvan Muxtar Respublika yarışı keçirilib.
Yarışın keçirilməsində əsas məqsəd bu kateqoriyadan olan uşaqlar arasında bədən tərbiyəsi və idmanın kütləviliyinə, onların asudə vaxtlarının səmərəli təşkilinə, həmçinin sağlamlıq imkanları məhdud uşaqların sosial reabilitasiyasına nail olmaqdır.
Yarışda sağlamlıq imkanları məhdud 15 uşaq iştirak etmişdir. 1-ci yerə Səfərov Allahverən Elxan oğlu, 2-ci yerə Muradov Suat Elnur oğlu, 3-cü yerə isə Novruzov Engin Əli oğlu layiq görülmüşdür. İlk üç yeri tutan idmançılara Naxçıvan Muxtar Respublikası Paralimpiya Federasiyasının diplom və qiymətli hədiyyələri, digər iştirakçılara isə federasiyanın Fəxri Fərmanları təqdim olunmuşdur.
İyunun 9-da Naxçıvan Muxtar Respublikası Paralimpiya Federasiyasının idmançıları Azərbaycanın görkəmli dramaturqu, milli romantizmin banisi Hüseyn Cavidin Ev Muzeyini ziyarət ediblər.
Bildirilib ki, ev muzeyi filosof şair, dramaturq Hüseyn Cavidin həyat və fəaliyyətini, zəngin irsini əbədiləşdirmək və təbliğ etmək məqsədilə ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə 21 iyul 1981-ci ildə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin “Hüseyn Cavidin anadan olmasının 100 illiyi haqqında” qəbul etdiyi qərara əsasən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 iyul 1995-ci ildə 160 saylı qərarı ilə yaradılıb. 24 oktyabr 2002-ci il tarixdə, Hüseyn Cavidin 120 illik yubileyi günündə, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin iştirakı ilə Hüseyn Cavidin Ev Muzeyinin rəsmi açılış mərasimi keçirilib.
Ziyarətçilərə muzeyin əməkdaşı sahəsi 245 m²-ə bərabər 4 ekspozisiya zalı olan, ümumilikdə 6 otaqdan ibarət muzeydə yer alan dramaturq və ailə üzvlərinə aid müxtəlif əşyalar, muzeyin əsas fondunda 4000, elmi-köməkçi fondunda isə 200, ekspozisiyada isə 600-dən çox eksponat, o cümlədən məişət və geyim əşyaları, Hüseyn Cavidin nəşr olunmuş kitabları, səhnə əsərlərinin proqram və afişaları, fotoşəkillər, Hüseyn Cavidin Naxçıvan şəhərindəki məqbərəsinin maketi, şairə həsr olunmuş sənət əsərləri haqqında idmançılara geniş məlumat verib. İdmançılar onlara göstərilən diqqət və qayğıya görə öz minnətdarlıqların bildiriblər.
Daha sonra idmançılar Hüseyn Cavid məqbərəsini də ziyarət ediblər. Məlumat verilib ki, kompleks ümummilli lider Heydər Əliyevin şəxsi təşəbbüsü və himayəsi ilə tikilib. Hüseyin Cavidin həyat yoldaşı Mişkinaz xanımın, oğlu Ərtoğrulun və qızı Turan Cavidin qəbirləri də məqbərənin sərdabəsindədir. Mişkinaz xanım və oğlu Ərtoğrulun məzarları sərdabə inşa edilərkən–1996-cı ildə buraya köçürülüb, Turan Cavid isə dünyasını dəyişdikdən sonra ailə üzvlərinin yanında dəfn olunub.
İdmançılar müzeydən xoş ovqatla ayrılıblar.
8 may 2017-ci il tarixdə İlham Əliyev adına Olimpiya İdman Kompleksində Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin və Naxçıvan Muxtar Respublikası Paralimpiya Federasiyasının birgə təşkilatçılığı ilə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş “Heydər Əliyev kuboku” uğrunda paralimpiyaçılar arasında futzal üzrə Naxçıvan Muxtar Respublika turniri keçirilmişdir. Əvvəlcə Naxçıvan Muxtar Respublikası Paralimpiya Federasiyasının sədri Cavid Səfərov çıxış edərək tədbirin mahiyyəti haqqında məlumat vermiş, iştirakçılara uğurlar arzulamışdır. Daha sonra yarışa start verilmişdir. Olimpiya sistemi (uduzan çıxır) ilə keçirilən yarışda 8 komanda iştirak etmişdir. Yekunda “Naxçıvan” komandası “Culfa” komandasına 5:0 qalib gələrək yarışın kubokunu qazanmışdır. Finalda oynayan komandalara Federasiyanın qiymətli hədiyyələri təqdim olunmuşdur.
Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya-İdman Kompleksində sağlamlıq imkanları məhdud şəxslər arasında armreslinq (qol güləşi) üzrə muxtar respublika birinciliyi keçirilib.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi ilə Paralimpiya Federasiyasının təşkil etdiyi birincilikdə 20 idmançı mübarizə aparıb. Yarışı keçirməkdə məqsəd sağlamlıq imkanları məhdud şəxslər arasında bədən tərbiyəsi və idmanın kütləviliyinə nail olmaq, onların asudə vaxtlarının səmərəli keçirilməsi üçün idmanın, o cümlədən armreslinq idman növünün inkişaf etdirilməsidir.
Birincilik iştirakçıları 75 kiloqramadək və 75 kiloqramdan yuxarı çəki dərəcələrində mübarizə aparıblar.
Yarışın nəticəsinə əsasən, 75 kiloqramadək idmançıların mübarizəsində Turan Hüseynov bütün rəqiblərinə qalib gələrək əsas mükafatı qazanıb. Allahverdi Məmmədov ikinci, Məmili Məmmədov isə üçüncü olub. 75 kiloqramdan yuxarı çəki dərəcəsində İlqar Sadiqov qalib adını qazanıb. Digər iki pillədə Ələkbər Salmanov və Nəriman Mehdiyev qərarlaşıblar.
Sonda idmançılar diplom və hədiyyələrlə təltif olunublar.