NAXÇIVAN MUXTAR RESPUBLİKASI

PARALİMPİYA FEDERASİYASI

01.03.2017 - Pauerliftinq üzrə yarış keçirilib

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi və Paralimpiya Federasiyasının təşkilatçılığı ilə paralimpiyaçılar arasında idmanın pauerliftinq növü üzrə yarış keçirilib.

Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya-İdman Kompleksində keçirilən yarışda fiziki imkanları məhdud idmançılar iki çəki dərəcəsində – 75 kiloqrama kimi və 75 kiloqramdan artıq çəki dərəcələrində mübarizə aparıblar. Yarışın keçirilməsində əsas məqsəd məhdud fiziki imkanlı şəxslərin muxtar respublikanın idman həyatında daha fəal iştirakına və sosial reabilitasiyasına nail olmaqdır.

Yarışın yekun nəticəsinə əsasən, Turan Hüseynov 75 kiloqram çəki dərəcəsinə kimi idmançıların mübarizəsində qalib adını qazanıb. Telman Şirinov ikinci, Xəyal Abdullayev üçüncü olub. 75 kiloqramdan artıq çəki dərəcəsində isə Eldar Əliyev birinci yerə çıxıb. Digər iki pillədə İlqar Mərdanlı və Sərvər Əliyev qərarlaşıblar.

Sonda qaliblərə Paralimpiya Federasiyasının hədiyyələri, digər yarış iştirakçılarına isə Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin diplomları təqdim edilib.