Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin və Paralimpiya Federasiyasının birgə təşkilatçılığı ilə iyulun 7-də Şərur Olimpiya İdman Kompleksində 18 yaşadək sağlamlıq imkanları məhdud uşaqlar arasında stolüstü tennis üzrə Naxçıvan Muxtar Respublika yarışı keçirilib.
Yarışın keçirilməsində əsas məqsəd bu kateqoriyadan olan uşaqlar arasında bədən tərbiyəsi və idmanın kütləviliyinə, onların asudə vaxtlarının səmərəli təşkilinə, həmçinin sağlamlıq imkanları məhdud uşaqların sosial reabilitasiyasına nail olmaqdır.
Yarışda sağlamlıq imkanları məhdud 15 uşaq iştirak etmişdir. 1-ci yerə Səfərov Allahverən Elxan oğlu, 2-ci yerə Muradov Suat Elnur oğlu, 3-cü yerə isə Novruzov Engin Əli oğlu layiq görülmüşdür. İlk üç yeri tutan idmançılara Naxçıvan Muxtar Respublikası Paralimpiya Federasiyasının diplom və qiymətli hədiyyələri, digər iştirakçılara isə federasiyanın Fəxri Fərmanları təqdim olunmuşdur.