Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin və Paralimpiya Federasiyasının birgə təşkilatçılığı ilə oktyabrın 21-də Şərur Olimpiya İdman Kompleksində 18 yaşadək sağlamlıq imkanları məhdud uşaqlar arasında stolüstü tennis üzrə Naxçıvan Muxtar Respublika yarışı keçirilib.
Yarışın keçirilməsində əsas məqsəd bu kateqoriyadan olan uşaqlar arasında bədən tərbiyəsi və idmanın kütləviliyinə, onların asudə vaxtlarının səmərəli təşkilinə, həmçinin stolüstü tennis idman növünə maraqlarının artmasına,habelə onlarda sağlam həyat tərzinin formalaşmasına nail olmaqdır.
Yarışda sağlamlıq imkanları məhdud 15 uşaq iştirak edib. İlk üç yeri tutan idmançılara Naxçıvan Muxtar Respublikası Paralimpiya Federasiyasının diplomları, digər iştirakçılara isə federasiyanın Fəxri Fərmanları təqdim olunmuşdur.
Yanvarın 15-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində "Naxçıvan Muxtar Respublikasında bədən tərbiyəsi və idmanın hazırkı vəziyyəti və qarşıda duran vəzifələr" mövzusunda keçirilən müşavirədə məhdud fiziki imkanlı gənclərin muxtar rtespublikanın idman həyatına inteqrasiyasının gücləndirilməsi tapşırığının icrası ilə bağlı bir sıra işlər görülüb. Belə ki, paralimpiyaçılar arasında idmanın müxtəlif növləri üzrə yarışlar keçirilib, həmçinin yeni boccia idman bölməsi açılıb.
Bu istiqamətdə həyata keçirilən tədbirlərin davamı olaraq Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin və Paralimpiya Federasiyasının birgə təşkilatçılığı ilə sentyabrın 9-da Naxçıvan Muxtar Respublika Stadionunda paralimpiyaçılar arasında yüngül atletika (100-200 metr məsafəyə qaçış) üzrə yarış keçirilib.
Yarışda məhdud fiziki imkanlı 20 idmançı iştirak edib. İlk üç yeri tutan idmançılara Paralimpiya Federasiyasının mükafatları, digər iştirakçılara isə həvəsləndirici hədiyyələri təqdim edilib.
Qeyd edək ki, idmanın müxtəlif növləri üzrə mütəmadi yarışların keçirilməsi istedadlı idmançılıarın aşkara çıxarılmasına, onların təcrübələrinin artmasına şərait yaradır, həmçinin məhdud fiziki imkanlı gənclərin idmana olan maraqlarını artırır, onların sağlam həyat tərzini formalaşdırır.
Naxçıvan Muxtar respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondu, Gənclər və İdman Nazirliyi, Paralimpiya Federasiyasının birgə təşkilatçılığı ilə avqustun 15-16-da Ağbulaq İstirahət mərkəzində fiziki imkanları məhdud 90 idmançının istirahəti təşkil edilib.
Onlara mərkəz haqqında geniş məlumat verilib. Proqrama uyğun idmançılar üçün müxtəlif idman oyunları təşkil edilib, Ağbulaq kənd ərazisindəki təbiət abidələri ilə tanış olublar, onlar üçün vətənpərvərlik mövzusunda film nümayiş etdirilib və vətənpərvərlik nmövzusunda mahnılar dinləyiblər.
Xəbər verdiyimiz kimi, hər həftə muxtar respublikada fəaliyyət göstərən idman federasiyaları üzvlərinin Ağbulaq İstirahət Mərkəzində istirahətləri təşkil olunur. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondu, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi, Paralimpiya Federasiyasının birgə təşkilatçılığı ilə iyulun 14-15-də Ağbulaq İstirahət Mərkəzində fiziki imkanları məhdud idmançıların istirahəti təşkil edilib.
Mərkəzdə Paralimpiya Federasiyasının idmançılarını təşkilatçı qurumların nümayəndələri qarşılayıblar. Onlara mərkəz haqqında geniş məlumat verilib. Nahar yeməyindən sonra proqrama uyğun olaraq idmançılar üçün müxtəlif idman oyunları təşkil edilib. Böyük marağa səbəb olan oyunların ardınca onların Ağbulaq kəndi ərazisindəki təbiət abidələri ilə tanışlığı və “Ağbulaq” bulağına yürüşü olub. Şam yeməyindən sonra isə federasiyanın idmançıları üçün vətənpərvərlik mövzusunda sənədli film nümayiş etdirilib.
İstirahətin ikinci gününə səhər gimnastikası ilə başlayan fiziki imkanları məhdud idmançılar əyləncəli oyunlarda iştirak edib, vətənpərvərlik mövzusunda mahnılar dinləyiblər. Nahar yeməyindən sonra idmançıların Ağbulaq İstirahət Mərkəzində ikigünlük istirahətinə yekun vurulub və onlar Naxçıvan şəhərinə qayıdıblar.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 11 yanvar 2016-cı il tarixli Sərəncamı ilə təsdiq edilən “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsili və reabilitasiyası üzrə Dövlət Proqramı”na uyğun olaraq tətil günlərində sağlamlıq imkanları məhdud uşaqların asudə vaxtlarının səmərəli təşkilinə xüsusi diqqət yetirilir.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi və Paralimpiya Federasiyasının təşkilatçılığı ilə Naxçıvan Uşaq Bərpa Mərkəzinin idman zalında sağlamlıq imkanları məhdud uşaqların iştirakı ilə boccia idman növü üzrə yarış keçirilib.
Sonda hаkimlər hеyəti yarışın qaliblərini müəyyən edib. Qaliblər mükafatlandırılıb, digər yarış iştirakçılarına isə hədiyyələr təqdim edilib.
Qeyd edək ki, Paralimpiya Federasiyasının nəzdində Uşaq Paralimpiya Klubunun yaradılması məqsədilə cari ilin may ayında boccia idman növü üzrə bölmə fəaliyyətə başlayıb. Bölməyə cəlb olunan uşaqlarla ilk məşqləri federasiya tərəfindən dəvət olunan Azərbaycan Milli Paralimpiya Komitəsinin nəzdində Uşaq Paralimpiya Komitəsinin boccia idman növü üzrə baş məşqçisi aparıb.