21 fevral 2015-ci il tarixdə Naxçıvan Muxtar Respublikası Ali Məclisində bədən tərbiyəsi və idmanın hazırkı vəziyyəti və qarşıda duran vəzifələrlə bağlı keçirilən müşavirədə verilən tapşırıqların icrası istiqamətində fiziki imkanları məhdud uşaqlar üçün bədii gimnastika bölməsi fəaliyyətə başlayıb.
Məşqlərin ilk günündə uşaqların bu idman növünə marağı diqqətdən yayınmayıb. Azərbaycan Respublikasının idman ustası, məşqçi-müəllim Humay Qafarovanın rəhbərliyi ilə keçirilən ilk məşqdə 12 fiziki imkanları məhdud uşaq iştirak edib. Məşqçi-müəllim bizimlə söhbətində vurğuladı ki, bu qrupa müraciət edənlərin sayının çoxluğu səbəbindən qarşıdakı günlərdə daha bir qrupun fəaliyyətə başlayacağı gözlənilir.
Qeyd edək ki, bədii gimnastika idman növü üçün xüsusi zal ayrılıb. Naxçıvan Muxtar Respublika Stadionunun inzabati binasında yerləşən zalda artıq 50-dən çox 3-11 yaşlı qızlar gimnastikanın bu növü ilə məşğul olurlar.
Fevralın 21-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində “Naxçıvan Muxtar Respublikasında bədən tərbiyəsi və idmanın hazırkı vəziyyəti və qarşıda duran vəzifələr” mövzusunda keçirilən müşavirədə Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi və Gənclər və İdman nazirliklərinə məhdud fiziki imkanlı gənclərin muxtar respublikanın idman həyatına inteqrasiyası üçün fəaliyyətlərinin gücləndirilməsi tapşırığı verilib.
Verilən tapşırıqlarla bağlı fevralın 25-də Paralimpiya Federasiyasının iclası keçirilib. İclasda Paralimpiya Federasiyasının sədr müavini Fuad Səfərov və Gənclər və İdman Nazirliyinin Kütləvi bədən tərbiyəsi və idman şöbəsinin müdiri Taleh İbrahimov çıxış ediblər.
Bildirilib ki, muxtar respublika rəhbərinin diqqət və qayğısı sayəsində idmanın maddi-teniki bazası möhkəmləndirilib. Paralimpiyaçılar arasında bədən tərbiyəsi və idmanın inkişafı Gənclər və İdman nazirliyi ilə əlaqəli şəkildə həyata keçirilir.
Vurğulanıb ki, hazırda bütün kateqoriyadan olan məhdud fiziki imkanlı şəxslərin kütləvi idmana marağın artırılması, istedadlı idmançıların aşkara çıxarılması məqsədilə ardıcıl tədbirlər həyata keçirilir.
Paralimpiyaçılar üçün idman sahəsində yaradılan hərtərəfli şərait, göstərilən dövlət qayğısının davamlı artması, onların respublika və beynəlxalq əhəmiyyətli yarışlarda muxtar respublikamızı layqincə təmsil etməyə imkan verir.
Qeyd olunub ki, verilən tapşırığın icrası ilə əlaqədar məhdud fiziki imkanlı şəxslər arasında idmanın daha kütləvi hal alması, qolbol idman növü üzrə „Naxçıvan„ komandasının təcrübəsinin artması istiqamətində davamlı tədbirlər həyata keçiriləcək.
Naxçıvan Muxtar Respublikası Paralimpiya Federasiyasının idmançıları Bakıda keçirilən əlil idmançıların stolüstü idman növləri üzrə 4-cü ümumrespublika yarışında uğurla çıxış ediblər. Nazim Süleymanov (nərd), Həbib Mustafayev (şahmat), Tural Hüseynov, Sərvər Əliyev (hər ikisi qol gücü) və Təvəkkür Cəfərovdan (dama) ibarət 5 nəfərlik idmançı heyəti ilə ölkə paytaxtına yollanan paralimpiyaçılarımızdan Təvəkkür Cəfərov uğurlu çıxışı ilə diqqəti cəlb edib. Dama yarışlarında idmançımız yalnız bir rəqibindən geri qalıb və yarışı ikinci pillədə başa vurub. Yarışın reqlamentinə əsasən, turnirdə iştirak edən idmançıların hər birinə pul mükafatı və təşəkkürnamə təqdim olunub.
Fərqlənən idmançılara isə təşkilatçılar tərəfindən xüsusi mükafatlar və diplomlar verilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisində 2013-cü ilin martın 18-də Naxçıvan Muxtar Respublikasında bədən tərbiyəsi və idmanın hazırkı vəziyyəti və qarşıda duran vəzifələrlə bağlı keçirilmiş müşavirədə verilmiş Tapşırıqların icrası istiqamətində tədbirlərin davamı olaraq Naxçıvan Muxtar Respublikası Paralimpiya Federasiyası və Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə Şahbuz şəhər stadionunda paralimpiyaçılar arasında yüngül atletika (200 metr məsafəyə qaçış) üzrə yarış keçirilib.
Yarışın keçirilməsində əsas məqsəd məhdud fiziki imkanlı şəxslərin idmana olan maraqlarını artırmaqla, paralimpiyaçılar arasında bədən tərbiyəsi və idmanın kütləviliyinə, istedadlı idmançıların aşkara çıxarılmasına, habelə asudə vaxtlarının səmərəli keçirmələrinə nail olmaqdır.
Tədbirdə Paralimpiya Fedserasiyasının, Gənclər və İdman Nazirliyinin nümayəndələri çıxış edərək qeyd ediblər ki, məhdud fiziki imkanlı şəxslərə sağlam həyat tərzinin təmin edilməsi, onların muxtar respublikanın idman həyatına daha fəal inteqrasiyası, habelə məhdud fiziki imkanlı şəxslərin yeni idman növlərinə cəlbi daim diqqət mərkəzindədir.
Yarışda 20 paralimpiyaçı bacarıqlarını nümayiş etdiriblər. İlk üç yeri tutan idmançılara Naxçıvan Muxtar Respublikası Paralimpiya Federasiyasının hədiyyələri, digər yarış iştirakşılarına isə həvəsləndirici mükafatlar təqdim edilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisində 2013-cü ilin martın 18-də Naxçıvan Muxtar Respublikasında bədən tərbiyəsi və idmanın hazırkı vəziyyəti və qarşıda duran vəzifələrlə bağlı keçirilmiş müşavirədə verilmiş Tapşırıqların icrası istiqamətində tədbirlərin davamı olaraq 12 iyun 2014-cü il tarixində 15 iyun-Milli Qurtuluş Günü münasibətilə Naxçıvan Muxtar Respublikası Paralimpiya Federasiyası və Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə İlham Əliyev adına Olimpiya İdman Kompleksində paralimpiyaçılar arasında idmanın futzal növü üzrə yarış keçirilib.
Yarışın keçirilməsində əsas məqsəd məhdud fiziki imkanlı şəxslərin idmana olan maraqlarını artırmaqla, paralimpiyaçılar arasında bədən tərbiyəsi və idmanın kütləviliyinə, istedadlı idmançıların aşkara çıxarılmasına, habelə asudə vaxtlarının səmərəli keçirmələrinə nail olmaqdır.
Tədbirdə Paralimpiya Federasiyasının, Gənclər və İdman Nazirliyinin nümayəndələri çıxış edərək qeyd ediblər ki, məhdud fiziki imkanlı şəxslərə sağlam həyat tərzinin təmin edilməsi, onların muxtar respublikanın idman həyatına daha fəal inteqrasiyası daim diqqət mərkəzindədir. Bu kateqoriyadan olan şəxslərin yeni idman növlərinə cəlbi istiqamətində davamlı tədbirlər həyata keçirilir.
Futzal üzrə yarışda hər biri 5 nəfərdən ibarət 6 komanda iştirak edib.
Yarışda 1-ci, 2-ci və 3-cü yerlərə layiq görülən komandalara Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin diplomları və Paralimpiya Federasiyasının hədiyyələri təqdim edilib, digər yarış iştirakşılarına isə həvəsləndirici hədiyyələr verilib.