NAXÇIVAN MUXTAR RESPUBLİKASI

PARALİMPİYA FEDERASİYASI

04.03.2016 - Voleybol üzrə yarış keçirilib

5 mart – Bədən Tərbiyəsi və İdman Günü münasibətilə Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya-İdman Kompleksində paralimpiyaçılar arasında voleybol yarışı keçirilib. Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi ilə Paralimpiya Federasiyasının birgə təşkil etdiyi yarışda hər biri 6 nəfərdən ibarət 5 komanda iştirak edib.

Tədbirdə Gənclər və İdman Nazirliyi Aparatının Kütləvi bədən tərbiyəsi və idman şöbəsinin müdiri Taleh İbrahimov və Paralimpiya Federasiyasının sədr müavini Fuad Səfərov çıxış edərək bildiriblər ki, bu yarışın keçirilməsində əsas məqsəd məhdud fiziki imkanlı gənclər arasında idmanın kütləviliyinə, istedadlı idmançıların aşkara çıxarılmasına, həmçinin onların asudə vaxtlarının səmərəli təşkilinə nail olmaqdır.

Yarışın nəticələrinə görə “Şahbuz”, “Şərur” və “Babək”  komandaları müvafiq olaraq 1-ci, 2-ci və 3-cü yerlərə layiq görülüblər. Qalib komandalara Paralimpiya Federasiyasının hədiyyələri, digər yarış iştirakçılarına isə diplomlar təqdim edilib.

13.12.2015 - Qolbol idman növü üzrə təlim-məşq seminarı

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi və muxtarrespublikanın idman federasiyalarının təşkilatçılığı ilə məşqçi-müəllimlər və idmançılar üçün seminarların keçirilməsi davam etdirilir.

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi və Paralimpiya Federasiyasının təşkilatçılığı ilə Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya-İdman Kompleksində qolbol idman növü üzrə “Naxçıvan” komandasının məşqçi-müəllim və idmançı heyəti üçün təlim-məşq seminarı keçirilib. Azərbaycan Milli Paralimpiya Komitəsinin qolbol idman növü üzrə komandasının baş məşqçisi Zahir Abdullayev tədbir iştirakçılarını qolbol idman növü üzrə olan yeniliklər haqqında məlumatlandırıb. Sonra isə seminar idmançıların məşqi ilə davam etdirilib.

Naxçıvan Muxtar Respublikası Paralimpiya Federasiyası bütün kateqoriyadan olan məhdud fiziki imkanlı şəxslərin bədən tərbiyəsi və idmana maraqlarının artırılmasını, bu kateqoriyadan olan idmançıların mövcud idman qurğularından səmərəli istifadələri üçün zəruri şəraitin yaradılmasını, istedadlı idmançıların aşkara çıxarılması məqsədilə müvafiq qurumlarla birgə tədbirlərin həyata keçirilməsini diqqət mərkəzində saxlayır. Cari ilin ötən dövrü ərzində məhdud fiziki imkanlı idmançılar arasında xalq uşaq oyunları, tennis, darts (lövhəyə oxatma), şahmat, dama, yüngül atletika, qolbol və sair idman növləri üzrə yarışlar təşkil edilib, həmçinin sağlamlıq imkanları məhdud uşaqlardan təşkil olunan bədii gimnastika bölməsi fəaliyyətə başlayıb. Qolbol idman növü üzrə “Naxçıvan” komandasının oyun təcrübəsinin artırılması üçün tədbirlərin təşkili də diqqət mərkəzində saxlanılır

28.11.2015 - Paralimpiyaçılar arasında qol güləşi idman növü üzrə turnir keçirilib

Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya-İdman Kompleksində 3 dekabr – Beynəlxalq Əlillər Günü münasibətilə paralimpiyaçılar arasında qol güləşi idman növü (armrestlinq) üzrə turnir keçirilib.

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi ilə Par­alimpiya Federasiyasının birgə təşkil etdiyi turnirin məqsədi sağlamlıq imkanları məhdud idmançılar arasında bədən tərbiyəsi və idmanın kütləviliyinə, onların asudə vaxtlarının səmərəli keçirilməsinə nail olmaqdır. Belə tədbirlər sağlamlıq imkanları məhdud insanlar arasında idman və dostluq əlaqələrinin möhkəmləndirilməsi, onların idmana olan marağının daha da artırılması, cəmiyyətə inteqrasiyasının gücləndirilməsi baxımından da əhəmiyyətlidir. 

Beynəlxalq armrestlinq qaydalarına əsasən keçirilən turnirdə 20 par­alimpiyaçı 2 çəki dərəcəsində (75 kiloqrama kimi və 75 kiloqramdan yuxarı idmançılar) mübarizə aparıblar. 

Turnirdə ilk üç yeri tutan idmançılara nazirliyin diplomları və federasiyanın hədiyyələri təqdim olunub. Digər iştirakçılar isə həvəsləndirici hədiyyələrlə mükafatlandırılıblar.

 

 

14.10.2015 - Yüngül atletika üzrə yarış keçirilib

Fevralın 21-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində ”Naxçıvan Muxtar Respublikasında bədən tərbiyəsi və idmanın hazırkı vəziyyəti və qarşıda duran vəzifələr” mövzusunda keçirilən müşavirədə verilən tapşırıqların icrası ilə bağlı Naxçıvan Muxtar Respublikası Paralimpiya Federasiyası  və Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə oktyabrın 13-də Naxçıvan Muxtar Respublika Stadionunda paralimpiyaçılar arasında yüngül atletika (100-200 metr məsafəyə qaçış) üzrə  yarış keçirilib.

Tədbirdə Paralimpiya Federasiyasının, Gənclər və İdman Nazirliyinin nümayəndələri çıxış edərək bildiriblər ki, muxtar respublikada məhdud fiziki imkanlı gənclərin idman həyatına inteqrasiyası daim diqqət mərkəzindədir. Bu qəbildən olan tədbirlərin keçirilməsində də  əsas məqsəd  məhdud fiziki imkanlı şəxslərin idmana olan maraqlarını artırmaqla onlarda  sağlam həyat tərzini formalaşdırmaq, həmçinin istedadlı idmançıları aşkara çıxarmaq, habelə onların  asudə vaxtlarının səmərəli keçmələrinə nail olmaqdır.

Yarışda 20 paralimpiyaçı bacarıqlarını nümayiş etdiriblər. İlk üç yeri tutan idmançılara Naxçıvan Muxtar Respublikası Paralimpiya Federasiyasının mükafatları, digər iştirakçılara isə həvəsləndirici hədiyyələri təqdim edilib.

23.07.2015 - Məhdud fiziki imkanlı şəxslərin Ağbulaq İstirahət Mərkəzində istirahəti davam edir

Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşkilatçılığı ilə Ağbulaq İstirahət Mərkəzində iyulun 20-dən istirahətləri təşkil olunan məhdud fiziki imkanlı şəxslərin istirahət günlərinin səmərəli keçməsi məqsədilə tərtib olunan proqrama uyğun olaraq müvafiq tədbirlər təşkil edilib. Belə ki, bu kateqoriyadan olan şəxslərin  iştirakı ilə qolbol və dama yarışları, həmçinin əyləncəli tədbirlər keçirilib, eyni zamanda onlara vətənpərvərlik mövzusunda filmlər nümayiş etdirilib.

Proqrama uyğun olaraq iyulun 23-də - istirahətin dördüncü günündə məhdud fiziki imkanlı şəxslər Şahbuz rayon Tarix-Diyarşünaslıq Muzeyini ziyarət ediblər. Eyni zamanda onların təbiətdə gəzintisi də təşkil olunub.

İstirahətin  beşinci günündə isə növbəti tədbirin keçirilməsi nəzərdə tutulub. Belə ki, məhdud fiziki imkanlı rəssamlar yerli təbiət mənzərələrinin kətan üzərində yağlı boya ilə təsvirini çəkəcəklər.

Bütün bunlar məhdud fiziki imkanlı şəxslərin dünyagörüşünün zənginləşməsinə, onların istedad və qabiliyyətlərinin inkişafına xidmət edir.