NAXÇIVAN MUXTAR RESPUBLİKASI

PARALİMPİYA FEDERASİYASI

20.07.2015 - Məhdud fiziki imkanlı şəxslər Ağbulaq İstirahət Mərkəzinə istirahətə göndərilib

Muxtar respublikada məhdud fiziki imkanlı şəxslərə dövlət qayğısı ilbəil artır. Dinamik iqtisadi inkişaf bu kateqoriyadan olan şəxslərə göstərilən müxtəlif növ sosial xidmətlərin səviyyəsinin yüksəlməsinə əsaslı zəmin yaradıb.

Məhdud fiziki imkanlı şəxslərin sosial müdafiəsinin gücləndirilməsi, habelə asudə vaxtlarının, o cümlədən istirahətlərinin səmərəli təşkili daim diqqət mərkəzində saxlanılır və bu istiqamətdə davamlı tədbirlər həyata keçirilir.

Belə ki, iyun ayında Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşkilatçılığı ilə sağlamlıq imkanları məhdud 52 məktəbli uşağın valideynlərinin müşayiəti ilə Ağbulaq İstirahət Mərkəzində istirahətləri təşkil olunub. Bu tədbirlərin davamı kimi nazirlik tərəfindən iyul ayının 20-də fiziki məhdudiyyəti olan istedadlı, o cümlədən idmançı, musiqiçi, rəssam, toxucu, misgər, ümumilikdə 35 şəxs Ağbulaq İstirahət Mərkəzinə göndərilib.

Mərkəzdə məhdud fiziki imkanlı şəxslərin istirahəti üçün yaradılan şərait yüksək səviyyədədir. Altı gün ərzində onların asudə vaxtlarının səmərəli təşkilinə nail olmaq üçün proqram tərtib olunub. Proqrama uyğun olaraq məhdud fiziki imkanlı şəxslərin  iştirakı ilə müxtəlif  idman yarışları, əyləncəli tədbirlər təşkil olunacaq. Bu kateqoriyadan olan şəxslərin Şahbuz rayon Tarix-Diyarşünaslıq Muzeyini ziyarət etmələri, eyni zamanda onların təbiət gəzintisinin təşkili də tədbirlər planında öz əksini tapıb.

Bütün bunlar məhdud fiziki imkanlı şəxslərin cəmiyyətə inteqrasiyasında mühüm rol oynayan amillərdir.