NAXÇIVAN MUXTAR RESPUBLİKASI

PARALİMPİYA FEDERASİYASI

26.06.2016 - “İnam” musiqi qrupu hərbçilər qarşısında çıxış edib

Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşkilatçılığı ilə sağlamlıq imkanları məhdud ifaçılardan ibarət “İnam” musiqi qrupu tarixi və əlamətdar günlərdə hərbi hissələrdə olur, zabit və əsgərlərlə görüşür, onlar qarşısında konsert proqramı ilə çıxış edir.

İyunun 24-də musiqi qrupunun Şahbuz rayonunda yerləşən “N” hərbi hissənin zabit və əsgərləri qarşısında konsert proqramı təşkil olunub.

İfa olunan hər bir musiqi nömrəsi zabit və əsgərlərimiz tərəfindən alqışlarla qarşılanıb. Hərbçilər musiqi kollektivinin üzvlərinə minnətdarlıqlarını bildiriblər.

Qeyd edək ki, tədbir 26 İyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü münasibətilə təşkil edilib.

25.06.2016 - İdmançıların muzey ziyarətləri davam edir

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Muzeylərlə əlaqələrin daha da gücləndirilməsi haqqında” 2014-cü il 19 dekabr tarixli Sərəncamına əsasən, muzeylərin ziyarət olunması tarixi irsimizin öyrənilməsi baxımından əhəmiyyətli və əlamətdar hadisədir. Sərəncama uyğun olaraq muxtar respublikada fəaliyyət göstərən idman federasiyalarının məşqçi-müəllimləri, idmançıları da muzeylərimizi ziyarət edirlər.

Dünən Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə Paralimpiya, Atıcılıq, Hava və Ekstremal İdman Növləri federasiyalarının idmançıları və məşqçiləri müvafiq olaraq Naxçıvan Dövlət Tarix Muzeyini, Ədəbiyyat Muzeyi və Hüseyn Cavidin ev-muzeyini ziyarət ediblər.

Naxçıvan Muxtar Respublikası Paralimpiya Federasiyasının sədr müavini Fuad Səfərov Naxçıvan Dövlət Tarix Muzeyində olarkən bizimlə söhbətində bildirdi ki, bu gün muxtar respublikada idmanla məşğul olmaq üçün hər bir şərait yaradılıb. Fiziki imkanları məhdud idmançılara da belə qayğıdan pay düşüb. Yeniyetmə və gənclərimizin tariximizə də yaxından bələd olmaları üçün muzeyləri ziyarət etmələri sevindirici haldır. Bu gün idmançılarımız muzeydə xalçaçılıq, zərgərlik, dulusçuluq və nəqqaşlıq sənəti nümunələri, xalq ustalarının müxtəlif əl işləri, eləcə də Naxçıvanın qədim tarixini və müasir inkişafını əks etdirən zəngin eksponatlarla yaxından tanış olublar. 

Federasiyanın üzvü Nurlan Qafarov qeyd etdi ki, ilk dəfədir, bu muzeylə yaxından tanış olur. Burada bizə məlumat verildi ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin qayğısı ilə 2000 və 2007-ci illərdə muzeyin binasında əsaslı təmir-tikinti işləri aparılıb. Son illər muzeyin ekspozisiyası tamamilə yenidən qurulub, eksponatların bioloji cəhətdən etibarlı mühafizəsi üçün ekspozisiya yeni vitrinlər və saxlanc qurğuları ilə təchiz edilib. 

Cəlil Məmmədquluzadə adına Naxçıvan Muxtar Respublikası Ədəbiyyat Muzeyində olan Atıcılıq Federasiyasının üzvlərinə məlumat verilib ki, böyük yazıçı, mütəfəkkir, ictimai xadim, “Molla Nəsrəddin” jurnalının yaradıcısı Cəlil Məmmədquluzadənin 100 illik yubileyinin Azərbaycanda qeyd edildiyi günlərdə – 1967-ci il iyun ayının 12-də Naxçıvan şəhərində bu muzeyin açılışı olub. Muzeyin fondunda çoxəsrlik Azərbaycan ədəbiyyatı tarixini əks etdirən qiymətli əlyazmalar, tətbiqi və təsviri sənət nümunələri, qəzet və jurnallar, xatirə əşyaları və digər materiallar mühafizə olunur. Ekspozisiyada Azərbaycan ədəbiyyatının klassik və müasir nümayəndələrinin həyat və yaradıcılığını əks etdirən guşələr vardır. Qeyd edilib ki, muzeydəki eksponatların hər biri ayrı-ayrılıqda elmi-tədqiqat mövzusudur. Azərbaycan ədəbiyyatının tədqiqatçıları burada dəyərli elmi məlumatlar əldə edirlər. 

Ekspozisiyada Azərbaycan ədəbiyyatının klassik və müasir nümayəndələrinin həyat və yaradıcılığını əks etdirən guşələrə idmançılar tərəfindən xüsusi maraq göstərilib. 

Hava və Ekstremal İdman Növləri Federasiyasının kollektivinə Hüseyn Cavidin ev-muzeyində məlumat verilib ki, görkəmli şair-dramaturqun ev-muzeyi ədibin anadan olmasının 100 illiyi ilə əlaqədar 1982-ci ildə, bir vaxtlar onun yaşadığı evdə yaradılıb. Muzeyin fondunda 9 mindən çox eksponat qorunub saxlanılır ki, hazırda bu eksponatların 500-ə yaxını ekspozisiyada nümayiş etdirilir. Ədibin həyat və fəaliyyətini əks etdirən fotoşəkillər, əsərlərinin ilk nəşrləri, üzərində şairin avtoqrafı olan əsərlər, tamaşaya qoyulmuş dram əsərlərinin afişa və proqramları, müxtəlif xatirə və ev əşyaları, şairin oğlu Ərtoğrol Cavidin və qızı Turan xanımın əsərləri, Hüseyn Cavid haqqında müxtəlif dövrlərdə nəşr olunmuş kitablar idmançılarda dolğun təəssürat yaradıb.

 

14.05.2016 - Naxçıvanda Paralimpiya İdman Festivalı keçirilib

Ulu öndərimiz Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunan, Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsi, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi və muxtar respublika Par­alimpiya Federasiyasının təşkil etdiyi Par­alimpiya İdman Festivalı İlham Əliyev adına Olimpiya-İdman Kompleksində keçirilib.

Mayın 12-də tədbir iştirakçıları ulu öndər Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında əzəmətlə ucalan abidəsini və Heydər Əliyev Muzeyini ziyarət ediblər. Sonra festival iştirakçıları Naxçıvan şəhərindəki tarixi abidələrlə tanış olaraq onlar haqda ətraflı məlumat alıblar.

Mayın 13-də keçirilən festivalın bədii hissəsində Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, dünya şöhrətli cüdoçu İlham Zəkiyevin dalğalandırdığı bayraq altında paralimpiyaçılar zala daxil olublar. Paralimpiyaçılarımızın dünya miqyasında uğurlarından bəhs edən videoçarx nümayiş etdirilib, muxtar respublika Gənclər və İdman Nazirliyinin nəzdində fəaliyyət göstərən Bədii gimnastika bölməsinin balaca gimnastlarının nümunəvi çıxışları olub. 

Tədbirin aparıcıları ölkəmizdə, eləcə də Naxçıvan Muxtar Respublikasında idmanın inkişafından və qazanılan uğurlardan danışıblar. 

Festivalın açılış mərasimində Naxçıvan Muxtar Respublikası Par­alimpiya Federasiyasının sədri Cavid Səfərov çıxış edərək bildirib ki, məhdud fiziki imkanlı şəxslər arasında bədən tərbiyəsi və idmanın kütləviliyinə nail olmaq, onların cəmiyyətə inteqrasiyasını təmin etmək məqsədilə 2006-cı ildə Naxçıvan Muxtar Respublikasında Par­alimpiya Federasiyası yaradılıb. Federasiya məhdud fiziki imkanlı şəxslərin idmana daha fəal inteqrasiyasını, bu kateqoriyadan olan idmançıların mövcud idman qurğularından səmərəli istifadələri üçün zəruri şəraitin yaradılmasını, müvafiq qurumlarla birgə tədbirlərin həyata keçirilməsini daim diqqət mərkəzində saxlayıb. 2006-2015-ci illər ərzində muxtar respublikada Paralimpiya Federasiyasının təşkilatçılığı ilə keçirilən müxtəlif yarışlarda yüzlərlə məhdud fiziki imkanlı idmançı öz bacarıq və qabiliyyətini sınayıb. İdmançılara yaradılan hərtərəfli şərait, onlara göstərilən dövlət qayğısı paralimpiyaçılarımızın beynəlxalq yarışlarda uğurlarını artırır. Cavid Səfərov 2013-cü ildə Azərbaycanda ilk dəfə olaraq Naxçıvanda ulu öndər Heydər Əliyevin 90 illik yubileyi münasibətilə Paralimpiya İdman Festivalının keçirildiyini xatır­ladaraq növbəti festivalın iştirakçılarına uğurlar arzulayıb. 

Azərbaycan Milli Paralimpiya Komitəsinin birinci vitse-prezidenti, Uşaq Paralimpiya Komitəsi İdarə Heyətinin sədri Natiq Qasımov çıxışında bildirib ki, 20 illik tarixə malik Azərbaycan paralimpiya hərəkatının yaranması ulu öndərimizin adı ilə bağlıdır. Ümummilli liderimizin, ümumilikdə, idmana verdiyi dəyər, göstərdiyi diqqət və qayğı Milli Olimpiya Komitəsinin prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Məhz bunun nəticəsidir ki, ölkəmizin adı dünyanın aparıcı idman ölkələrinin sırasında çəkilir. Dünyada ilk uşaq paralimpiya hərəkatının Azərbaycanda yaradılması bu sahədə atılan ən böyük addımlardan biridir. 

Natiq Qasımov qeyd edib ki, Milli Paralimpiya Komitəsi bu hərəkatın respublikanın bütün regionlarında inkişaf etdirilməsi üçün müvafiq tədbirlər həyata keçirir. Bugünkü tədbirin də əsas məqsədi paralimpiya hərəkatına yüksək dəyər verən Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünü qeyd etmək və paralimpiya dəyərlərini təbliğ etməkdir. Azərbaycan par­alimpiya hərəkatının inkişafında Naxçıvan Muxtar Respublikası Par­alimpiya Federasiyasının da xüsusi çəkisi vardır. Yarandığı dövrdən federasiya öz ətrafında yüzlərlə idmançını birləşdirib, idman növlərinin və bu növlərdə idmançı sayının artırılmasına nail olub. Məhz bunun nəticəsidir ki, mötəbər beynəlxalq yarışların, o cümlədən par­alimpiya oyunlarının mükafatçıları arasında muxtar respublika Paralimpiya Federasiyasının idmançıları da vardır. Bununla yanaşı, muxtar respublikada qeyri-paralimpiya növlərinin inkişafına da xüsusi diqqət yetirilir ki, bu da fiziki məhdudiyyətli insanların kütləvi şəkildə idmana cəlb olunmasına geniş şərait yaradır. Beynəlxalq təcrübədə ilk dəfə olaraq Azərbaycan Milli Paralimpiya Komitəsinin nəzdində Uşaq Paralimpiya Komitəsi yaradılıb. Regionlardan ilk olaraq Naxçıvan Muxtar Respublikası Paralimpiya Federasiyası ilə birlikdə Naxçıvanda Uşaq Paralimpiya Klubunun yaradılması sahəsində ilkin hazırlıq işlərinə başlanılıb. Bu klubun yaradılması muxtar respublikada ehtiyat idmançıların hazırlanması ilə yanaşı, sağlamlıq imkanları məhdud uşaqların cəmiyyətə inteqrasiya olunmalarına güclü təkan verəcək. 

Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri Azad Cabbarov çıxışında yarış iştirakçılarına uğurlar arzulayaraq qeyd edib ki, ölkəmizdə inkişaf etdirilən sahələrdən biri olan idmana böyük diqqət və qayğı göstərilir. Sirr deyil ki, sovet dövründə Azərbaycan elə bir idman nailiyyəti, idman infra­strukturu ilə öyünə bilməzdi. Keçmiş imperiya dağıldıqdan sonra olub-qalan idman qurğuları da başlı-başına buraxılmış, yararsız vəziyyətə düşmüşdü. Qarşıda müasir tələblərə cavab verən yeni infra­struktur yaratmaq, idmanın maddi-texniki bazasını möhkəmlətmək, ölkəni beynəlxalq aləmdə layiqincə təmsil edə biləcək idmançılar yetişdirmək, bədən tərbiyəsinin kütləviliyinə nail olmaq kimi çətin vəzifələr dururdu. İllər keçdikcə bu məqsədə çatmaq üçün uğurlu addımlar atıldı, nəticədə, Azərbaycan dünyada idman ölkəsi kimi tanındı, idmançılarımızın beynəlxalq turnirlərdə qazandıqları möhtəşəm qələbələr dünya idman tarixinə yazıldı. Bu gün əminliklə demək olar ki, Azərbaycanda idman və bədən tərbiyəsinin kütləviləşdirilməsi işi təmin edilib. Ölkəmizdə müasir idman infrastrukturunun yaradılması, yeni idman avadanlıqlarının istifadəyə verilməsi uşaqlarda, yeniyetmələrdə, gənclərdə idmana olan marağın artmasına səbəb olub. Bu istiqamətdə aparılan işlər muxtar respublikada da uğurla həyata keçirilib, idman infrastrukturu yeniləşdirilib. Son illərdə bütün idman növləri kimi, par­alimpiya idman növləri üzrə də idman yarışlarının keçirilməsi, idmançıların beynəlxalq və digər yarışlarda iştirakının təmin olunması diqqətdə saxlanılan məsələlərdəndir.

İkiqat paralimpiya çempionu, ikiqat dünya çempionu, beşqat Avropa çempionu, Avropa oyunları çempionu, Heydər Əliyev Fondunun “Qızıl Çinar” mükafatçısı, “Şöhrət” ordenli İlham Zəkiyev olimpiya oyunlarında və digər mötəbər yarışlarda qələbə qazanıb ölkə­mizin bayrağını yüksəklərə qaldıran, himnimizi səsləndirən idmançılara göstərilən diqqət və qayğıdan danışıb, yarış iştirakçılarına uğurlar arzulayıb.

Sonra futzal, ağırlıqqaldırma, yüngül atletika, qolbol, boccia par­alimpiya idman növləri üzrə yarışlar keçirilib. Yarışların sonunda qaliblərə kubok, diplom və mükafatlar təqdim olunub.

Qeyd edək ki, festivalda Milli Paralimpiya Komitəsinin, İran İslam Respublikasının və muxtar respublika Paralimpiya Federasiyasının, ümumilikdə, 106 nəfər məşqçi və idmançısı iştirak edib.

14.04.2016 - Futzal üzrə yarış keçirilib

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi və Paralimpiya Federasiyasının təşkilatçılığı ilə Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya-İdman Kompleksində paralimpiyaçılar arasında idmanın futzal növü üzrə yarış keçirilib.

Yarışda hər biri 5 nəfərdən ibarət 6 komanda iştirak edib. Yarışın keçirilməsində əsas məqsəd məhdud fiziki imkanlı gənclərin idmana olan maraqlarını artırmaqla onlarda sağlam həyat tərzinin təmin edilməsinə, istedadlı idmançıların aşkara çıxarılmasına, habelə bu kateqoriyadan olan gənclərin asudə vaxtlarının səmərəli keçməsinə nail olmaq idi.      

Yarışın nəticələrinə görə, 1-ci, 2-ci və 3-cü yerlərə layiq görülən komandalara Paralimpiya Federasiyasının hədiyyələri, digər yarış iştirakçılarına isə diplomlar təqdim edilib.

17.03.2016 - Xalq uşaq oyunlarından ibarət əyləncəli yarış

Novruz bayramı ərəfəsində İlham Əliyev adına Olimpiya-İdman Kompleksində sağlamlıq imkanları məhdud uşaqların iştirakı ilə xalq uşaq oyunlarından ibarət əyləncəli yarışın keçirilməsində məqsəd onların xalq uşaq oyunlarına marağını artırmaq olub.

Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşkilatçılığı ilə keçirilən yarışda hər biri 4 nəfərdən ibarət olan 5 komanda iştirak edib.

Yarış iştirakçıları 5 adda xalq oyunu üzrə qabiliyyətlərini sınayıblar. Oyun qaydalarını tez və dəqiq yerinə yetirərək daha çox xal toplayan komanda qalib hesab edilib. Yarışda ilk üç yeri tutan komandalara hədiyyələr, digər yarış iştirakçılarına isə həvəsləndirici mükafatlar təqdim olunub.